Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-49/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş 02 dekabr 2022ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, “02 dekabr 2022-ci il tarixdə saat 17:20-də Çobanzadə küçəsi “Bonadea” xəstəxanasının qarşısında yerləşən avto yumada avto maşınların avto yumanın çölündə yuyulduğuna və çirkab suların asfalt örtüyünə töküldüyünə görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun Bakı şəhərində daimi yaşayış yeri yoxdur, günlük evlərdə yaşayır və günəmuzd işlərdə işləyir. Hazırda Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” restoranına aid olan maşın yuma yerində yuyucu işləyir. Maşın yuma yerinin icarədarı Ramin adlı şəxsdir. Hər gün olduğu kimi, 02 dekabr 2022-ci il tarixdə də iş yerində olmuş, avtomobilləri yumuşdur. Axşam saatlarında polislər gəlmiş, yola su axıtdıqlarına görə protokol tərtib edəcəklərini demiş, 50 manat pul tələb etmişlər. Lakin o, maşın yuyarkən asfalta su axıtmamışdır, həm də həmin yerin öz sahibi olduğuna görə pulu onun hansı səbəbdən verməli olduğunu demişdir. Tərtib olunmuş protokolda nə yazıldığını bilməmiş və imzalamamışdır, ona görə ki, yazı-pozu bilmir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılaraq sudan özbaşına istifadə edilməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Maddənin mənasından da göründüyü kimi, həmin maddədə nəzərdə tutulan inzibati xətanın subyektləri həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslər ola bilərlər. Hansı ki, Şəxs törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi avtoyuma məntəqəsinə münasibətdə kim olması (işçi, sahib və ya icarədar), həmin məntəqənin kimə məxsus olması və işin digər faktiki halları aydınlaşdırılmamış, buna dair sübutlar işə əlavə edilməmiş, protokolda da bu, öz əksini tapmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun surəti Şəxs təqdim edilməmiş, poçt ünvanına göndərilməmiş, onun protokoldan imtinası müvafiq qaydada sənədləşdirilməmiş, avtoyuma məntəqəsində avtomobillərin avtoyumanın çölündə yuyulduğunu və çirkab suların asfalt örtüyünə töküldüyünü təsdiq edən müvafiq sübutlar götürülməmiş və materiala əlavə edilməmişdir, bununla da Azərbaycan Respublikası İXMnin 61, 75, 76 və 100-cü maddələrində nəzərdə tutulan tələb və qaydalara əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməsinə dair mötəbər sübutlar təqdim edilmədiyi, təqdim edilmiş materiallar isə natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 02 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-49/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-49/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver