Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-49/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonunun Lək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Neftçilər” metrostansiyası istiqamətində yolun sol hərəkət hissəsi ilə 20-30 km/saat sürətlə hərəkət edib həmin prospektin A.Manafov küçəsi ilə kəsişdiyi yolayrıcına svetaforun yaşıl işığında daxil olaraq sağa doğru dönmə əməliyyatı apararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyib onunla eyni istiqamətdə sağ hərəkət hissəsi ilə düzünə hərəkətdə olan, svetaforun yaşıl işığında yolayrıcına daxil olan “Khazar LX” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə özünün idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “Toyota Prius” markalı **-UO-*** dövlət qeydiyyat nişanı avtomobili etibarnamə əsasında idarə edir, taksi fəaliyyəti ilə məşğuldur. 21 oktyabr 2023cü il tarixdə saat 13 radələrində o, həmin avtomobillə Q.Qarayev prospektində əsas yolla hərəkət etmişdir. İşıqforun yaşıl işığında avtomobili 20-30 km/saat sürətlə idarə edib sağa, A.Manafov küçəsinə dönən zaman Q.Qarayev prospektinin köməkçi yolu ilə düzünə hərəkət edən “Azsamand” markalı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin olan bir nəfər qadın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili çağırmış və onu xəstəxanaya aparmışlar. Əməlini etiraf edir, dönmə əməliyyatı edərkən onun gözləməli olduğunu başa düşür. Əməlindən səmimi peşmandır, tələbədir, qiyabi təhsil alır, boş vaxtlarında qazanc əldə etmək üçün taksi fəaliyyəti ilə məşğul olur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində o, “Toyota Prius” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində sərnişin qismində arxa oturacaqda əyləşmiş və hərəkətdə olmuşlar. Avtomobil Q.Qarayev prospekti ilə əsas yolla hərəkət edib işıqforun yaşıl işığında sağa, A.Manafov küçəsinə dönən zaman Q.Qarayev prospektinin köməkçi yolu ilə düzünə hərəkət edən “Azsamand” markalı avtomobilin qabaq hissəsi ilə onun sərnişin olduğu avtomobil toqquşmuşdur. Zərbədən o, xəsarət almış və təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. İşdə olan canlı şəxsin ekspertizasına dair 31 oktyabr 2023-cü il tarixli 1051 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu və ağrı ilə müşayiət olunan boynun arxa səthinin sol yarısının şişkinlik halında əzilməsi, sol təpə ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol bazunun arxa-bayır səthinin hematoması, sol çiyin qurşağı və sol körpücükaltı nahiyənin şişkinlik halında əzilməsi, sağ təpə nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 noyabr 2023-cü il tarixli 8/3272 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı 90-U0-170 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Khazar LX” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, HK/1-724 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməsinə dair də sübut təqdim edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-49/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-49/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver