Məhkəmə qərarları › İş №3(007)-493/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-493/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-493/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus asfalt zavodunda 12 dekabr 2024-cü il tarixdə ölçmə-analiz işləri zamanı atmosfer havasına atılan tullantıların CO-9,4 mq/m3 normadan (CO-5,0 mq/m3) çox olması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil məlumat əsasında ekoloji monitorinq keçirilmişdir. Müəssisənin nümayəndəsi monitorinqin işində iştirak etmişdir. Düzdür, Şəxs MMC-yə məktublar göndərmişlər, lakin onlar həmin məktubları almamışlar. Amma özü bir neçə dəfə şirkətin ofisində olaraq nümayəndələri ilə görüşmüşdür, onlar bu monitorinqdən və nəticələrdən məlumatlı olmuşlar. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında göstərmişdir ki, Şəxs MMC hüquqi ünvan üzrə Xətai rayonunda qeydə alınmışdır, MMC-yə məxsus asfalt zavodu isə ünvan 2 ünvanında yerləşir. Onlara şifahi şəkildə edilmiş müraciətə əsasən COP 29 dövründə istehsalı dayandırmışlar. Bu tədbir başa çatdıqdan sonrakı dövrdə, 12 dekabr 2024-cü il tarixdə ekologiya əməkdaşları gəlib monitorinq aparmışlar, amma monitorinqin işində onun iştirakını təmin etməmişlər. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin bu işlə bağlı hər hansı məktubu onlara çatmamış, protokolun tərtibində də iştirakları təmin edilməmişdir. İdarənin əməkdaşı Şakir Quliyev ofisə gəlib nümayəndələri ilə görüşdüyünü desə də, o, şirkətin ofisində olubsa, məktubu həmin vaxt təqdim edə bilərdi. Onlara məlumat verilərdi, bilərdilər ki, atmosferə atılan dəm qazı hansı normada olmalıdır, pozuntunu aradan qaldırardılar. Həmin hallar varsa aradan qaldıracaqlar, təmir işləri aparacaqlar. Hazırkı halda qanunla müəyyən edilmiş sübutlar mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşları Q.Məsmalıyevin, R.İbrahimovun, F.Rüstəmovun və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Ş.Quliyevin iştirakları ilə tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli 002761 nömrəli aktın, eyni zamanda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli 89050 nömrəli aktın surətlərindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş 28 oktyabr 2024-cü il tarixli İD 26826 nömrəli şikayət məktubunun araşdırılması üçün 12 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən, əsas fəaliyyət növü asfalt istehsalı olan Şəxs MMC-yə məxsus asfalt zavodunun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının müəyyən edilməsi üçün yuxarıda qeyd olunan şəxslərin və özünü müəssisənin nümayəndəsi kimi təqdim edən Cahid adlı şəxsin iştirakları ilə ekoloji monitorinq keçirilmişdir. Monitorinq zamanı müəssisə fəaliyyətdə olarkən atmosfer havasına tüstünün atılması, eləcə də bərk və maye tullantılarının ətraf əraziyə atılması müşahidə olunmuşdur. Araşdırma zamanı müəssisəyə məxsus heç bir ekoloji normativ sənədin olmadığı bildirilmişdir. Müəssisənin fəaliyyəti zamanı həm tüstü bacasından, həm də zavodun nasaz hissələrindən atmosfer havasına atılan tüstünün tərkibini müəyyən etmək üçün Ankat-64M3-04 səyyar cihazı vasitəsi ilə ölçmə-analiz işləri aparılmışdır. Ölçmənin nəticələrinə görə, CO (dəm qazı) – 9,4 mq/m3 (norma 5 mq/m3), təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Monitorinq ölçmə işləri zamanı şikayətçi Rövşən Hacıyevlə əlaqə saxlanılsa da, monitorinqdə iştirak etməmişdir. Akta monitorinq zamanı çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Şəxs MMC-nin (asfalt zavodu) nümayəndəsi Cahid adlı şəxs monitorinqdə iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-yə ünvanlanmış 20 dekabr 2024-cü il tarixli G-BM/2624-1029 nömrəli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Rövşən Hacıyev tərəfindən “asfaltzavoddan gələn tüstünün narahat etməsi” barədə daxil olmuş müraciət əməkdaşları, Xəzər KEMİ-nin mütəxəssisləri və özünü asfaltzavodun nümayəndəsi kimi təqdim edən Cahid adlı şəxsin iştirakı ilı yerində araşdırılmışdır. Araşdırma zamanı asfaltzavod fəaliyyətdə olan zaman atmosferə tüstü atıldığı müəyyən edilərək, “Ankat 64M3-04” səyyar cihazı vasitəsi ilə ölçmə-analiz işləri həyata keçirilmiş, nəticəyə əsasən dəm qazı (CO)-9,4 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Araşdırmanın nəticəsi barədə Xəzər KEMİ tərəfindən 12 dekabr 2024-cü il tarixli 002761 nömrəli akt tərtib olunmuş və faktla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində inzibati araşdırma başlanılmışdır. Aparılan inzibati araşdırmada iştirak etməsi üçün 08 yanvar 2025-ci il tarixdə səlahiyyətli nümayəndələrinin (nümayəndənin səlahiyyətini təsdiq edən sənədi ilə) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. Qeyd olunan tarixdə işin baxılmasında iştirak etmək üçün getmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermədikdə qanunvericiliyin tələbinə əsasən işə iştirakları olmadan baxılacaqdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, inzibati araşdırma orqanına daxil olmuş müraciət və şikayətlər əsasında aparılmış yoxlama zamanı tərtib olunmuş 12 dekabr 2024-cü il və 10 yanvar 2025-ci tarixli aktlar, monitorinqlərin həyata keçirilməsi və ölçmələr zamanı istifadə olunmuş avadanlıqların göstəriciləri və ərazinin fotogörüntüləri, toplanmış digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-ni təmsil edən şəxsin hazırda irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, müvafiq fiziki şəxsin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq qaydada daxil olmuş müraciəti qəbul olunaraq icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətin yerində yoxlanılması zamanı isə, məlumatların həqiqiliyi, inzibati xətaların əlamətlərinin, yəni ətraf mühitə, atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır. Ölçü işləri isə sertifikatı olan ölçmə vasitələri ilə həyata keçirilmişdir. Ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxs tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və törədilən xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar