Məhkəmə qərarları › İş №3(007)-4938/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4938/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4938/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 28 avqust 1998-ci il tarixdə Ağdaş rayonunun Cardam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonunun Cardam kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 14, mənzil 70də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Tufan 50S limited” markalı mopedlə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində 15-20 km/saat sürətlə sağ avtobus zolağı ilə hərəkət edərək “Dominos Pizza” restoranının qarşısında yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun “Tufan 50S limited” markalı mopedi vardır. 24 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində o, mopedi ilə Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası istiqamətində təxminən 15-20 km/saat sürətlə sağ, yəni avtobus zolağı ilə hərəkət etmiş, “Domino Pizza” restoranının qarşısında bir nəfər yolu sağdan sola dorğu keçməyə başlayan bir nəfər piyada qadını vurmuş, zərbədən qadın yerə yıxılmışdır. Həmin vaxt yaxında olan polis əməkdaşları yaxınlaşmışlar, daha sonra təcili tibbi yardım avtomobili gəlmiş və həmin qadını xəstəxanaya aparmışlar. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 24 sentyabr 2024cü il tarixdə saat 19 radələrində o, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində “Dominos Pizza” restorarının qarşısında yolu bir tərəfdən digər tərəf keçmək üçün sola tərəf baxmış, avtomobil gəlmədiyini görüb adi yerişlə yolu keçmək istəyən zaman yolda hərəkət edən motosiklet onu vurmuş, o, zərbədən fırlanaraq əks istiqamətdə yerə yıxılmış və xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş, o, yarım saat yerdə qalmış, daha sonra təcili tibbi yardım avtomobili gəlmiş, onu X1 aparmışlar və orada müayinə etdikdən sonra evə buraxmışlar. Hadisə zamanı o, müxtəlif xəsarətlər almışdır. Ona 650 manat maddi ziyan dəymişdir. Bundan başqa, aldığı xəsarətlə bağlı çətinlik çəkdiyinə görə işə taksi ilə gedib-gəlməyə məcburdur ki, bu da əlavə xərclərə səbəb olur. Ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş canlı şəxsin ekspertizasına dair 01 oktyabr 2024-cü il tarixli 880 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alnın şişkinlik halında əzilməsi, sol dirsək oynağının, sol əlin sıyrıqları, sol dirsək oynağının qançırı, hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinlik halında əzilməsi, sağ diz oynağının şişkinlik halında əzilməsi və sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 14 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, HK-1/620 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti material ilə birlikdə Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi, bununla bağlı mübahisə olduğu müəyyən edilmişdir, ona görə zərərçəkmiş şəxsin mülki icraat qaydasında tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbi olduğu halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar