Məhkəmə qərarları › İş №3(007)-4939/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4939/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4939/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Şəxs idarə etdiyi skuterlə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olan zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X3 YNH üzrə inspektoru, polis kapitanı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində o, özünə məxsus skuterlə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə “Maşın bazarı” istiqamətində əks hərəkət yolunda yolun kənarı ilə 20-25km/saat sürətlə hərəkətdə olan zaman işıqforun altında piyada keçidində bir nəfər qadın yolu keçmək istəyən zaman skuterin arxa hissəsi həmin qadının ayaq hissəsinə dəymişdir. O, həmin qadına öz mobil telefon nömrəsini vermiş və bildirmişdir ki, əgər nəsə lazım olsa onunla əlaqə saxlasın. Sonra o, oradan çıxıb getmişdir. Sonra qızı zəng edərək zərərdən əlavə 10 gün həkim tərəfindən işdən uzaqlaşdırıldığı üçün həmin 10 günün əməkhaqqının da verilməsini istəmişdir. O, isə onları ödəyə bilməyəcəyini demiş, zərər nədirsə onu ödəyəcəyini bildirmişdir. O, dəymiş ziyana görə 100 manat verə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Babək prospektində “Aysu” şadlıq sarayının qarşısında olan işıqforun piyadalar üçün yaşıl işığından yolu keçən zaman şəhər istiqamətindən hərəkət edən skuter sürən Şəxs onu skuterlə vurmuş, zərbədən yıxılmışdır. Şəxs isə “bağışla, üzr istəyirəm” deyib, telefon nömrəsi də verib getmişdir. Oraya yığışan şəxslər ona kömək edərək onu yaşadığı evə aparmışlar. Hadisə nəticəsində onun 1 həftə topuğunun qanı dayanmamışdır. O, durub yeriyə bilməmiş, uşaqlar qoluna girib aparmışlar. Həmin gün axşam qızı işdən gəldikdən sonra onu xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərilmişdir. O, günü 30 manata aşpaz işləyir. Qəzadan sonra işə gedə bilməmişdir. Qızı da, o da işləmir, kirayədə yaşayırlar. Dərmanları qızı almışdır, aptekdə dərmanlara 50 manat vermişdir. 15 gün 15 manatdan iynə vurdurmuşdur. Ayağı üçün də həkim iynələr yazmışdır. Ona dəymiş ziyan ödənilməmişdir, Şəxs şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X3 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 911 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sol aşıq-baldır oynağının şişkinlik halında əzilməsi və əzilmiş yarası, sol daban nahiyəsinin, sağ diz oynağının, sağ əlin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar