Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4948/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2025-ci il tarixində saat təxminən 01:00 radələrində ona məxsus Kia Sorento markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Mərkəz Park istiqamətində, Fizuli küçəsi ilə hərəkətdə olduğu zaman xüsusi texniki vasitə ilə inzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə elektron qərarlı cərimə tətbiq edilib. 29 avqust 2025-ci il tarixində yuxarıda qeyd olunan avtomobili ölkəyə yeni idxal etdiyindən, ilk öncə 30 avqust 2025-ci il tarixində ilkin qeydiyyatdan keçirmiş, həmin gün də təkrar qeydiyyatla yuxarıda qeyd olunan dövlət qeydiyyat nişanını qeydiyyata saldırmışdır. Şənbə günü olmasına baxmayraq, elektron şəkildə sığorta şəhadətnaməsini Paşa Sığorta şirkətinin rəsmi saytından əldə etmişdir. “Paşa Sığorta”nın OTP kodları gəlsə də, icbari Sığorta bürosundan gələcək ödəniş kodu SMS olaraq ona gəlməmişdir. Təkrar cəhd etsə də, sistem artıq aktiv müqavilə olduğunu bildirmişdir. Şənbə günü axşam saatları olduğundan kodla əlaqədar heç bir aidiyyəti qurumla əlaqə saxlaya bilməmişdir. Avqustun 30-dan sentyabrın 1-nə keçən gecə isə artıq cərimə olunmuşdur. Bununla bağlı icbari Sığorta Bürosuna müraciət etdikdə cavab olaraq, onlar tərəfdən SMS-in getdiyini bildirmişlər. Mobil operator Azerfon MMC-yə müraciət etdikdən 1 ay sonra (xx.xx.2025) rəsmi cavab məktubu ala bilmişdir. Nömrədə texniki nasazlığın olduğu bildirilmiş və aidiyyatı işlər görüləcəyi qeyd olunmuşdur. Mobil nömrənin daşınma yolu ilə digər operataa keçirilməsi buna səbəb olduğunu qeyd etmişlər.(055 345-50-10) Hazırki vəziyyətdən də aydın olduğu kimi vətəndaş olaraq o, vaxtında lazımi proseduru yerinə yetirsə də, mobil opertorların texniki nasazlıqları səbəbindən cərimələnmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 01:12:09-da idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” minik markalı nəqliyyat vasitəsinə dair mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamasına görə İXM-in 469.3cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən **-BA-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı nəqliyyat vasitəsinin PPA********** nömrəli sığorta şəhadətnaməsi xx.xx.2025-ci il tarixdə, saat 09:46:51-də qüvvəyə minmiş, xx.xx.2026-cı il, saat 09:46:51-dək qüvvədədir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 01:12:09-da avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi qüvvəyə minmədən nəqliyyat vasitəsini idarə etmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli qərarla 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30337508 nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4948/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4948/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver