Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-495/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş 16.02.2022ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ASC 20400 ABŞ dolları məbləğində vəsaiti 07.01.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 20400 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs ASC ilə Gürcüstanın "xxxx" MMC şirkəti arasında 05.11.2019-cu il tarixli, 1 nömrəli ("Birinci Müqavilə") və 18.11.2019cu il tarixli, 2 nömrəli (“İkinci Müqavilə”) alqı-satqı müqavilələri imzalanmışdır. Hər iki müqaviləyə əsasən alıcı Şəxs ASC tərəfindən 100 tonadək FeSiMn (ferrosilikomarqaneç) adlı kimyəvi maddənin satıcı "Nura” MMC-dən satın alınaraq Azərbaycana idxal ediləcəyi nəzərdə tutulmuşdur. Eyni zamanda, birinci müqavilə üzrə qeyd olunan kimyəvi maddənin 1 tonunun qiyməti 850 ABŞ dolları məbləğində razılaşdırılmış, ikinci müqavilə üzrə isə 1040 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hər iki müqavilənin 4.3-cü maddəsində nəzərdə tutulmuş hesablaşma qaydasına əsasən, alıcı sifariş etdiyi malın qiymətinin 100% məbləğini əvvəlcədən ödəməlidir. 2019-cu ilin dekabr ayının əvvəli Şəxs ASC tərəfindən satıcıya müraciət edilərək birinci müqavilə üzrə 25 ton mal sifariş edilmişdir. Bununla əlaqədar, satıcı tərəfindən 20400 ABŞ dolları məbləğində avans ödənişinin edilməsi ilə bağlı Şəxs ASC-yə 13.12.2019-cu il tarixli "#04" saylı invoys təqdim edilmişdir. Həmin invoys əsasında 13.12.2019-cu il tarixdə Şəxs ASC tərəfindən "xxxx" ASC-yə ödəniş tapşırığı verilmişdir. Həmin tapşırıqda birinci müqavilə üzrə edilmiş sifarişə görə 20400 ABŞ dolları məbləğində ödənişin edilməsi nəzərdə tutulsa da texniki səhv nəticəsində mühasibatlıq tərəfindən ödəniş tapşırığının mətnində birinci müqavilənin rekvizitlərinin əvəzinə ikinci müqavilənin rekvizitləri göstərilmişdir. Şəxs ASC tərəfindən ödənilən 20400 ABŞ dolları 18.12.2019-cu il tarixdə "xxxx" MMC-nin bank hesabına daxil olmuşdur. Həmin ödəniş üzrə qeyd olunan mallar 21.12.2019-cu il tarixdə müvafiq gömrük bəyannaməsinə əsasən tərəflərindən qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, tərəflər arasında yalnız birinci müqavilə çərçivəsində müvafiq malların alqı-satqısı baş tutmuşdur. Belə ki, birinci müqavilə üzrə Şəxs ASC daha 3 dəfə müvafiq malları satıcıdan sifariş etmişdir, ikinci müqavilə üzrə isə qiymət yuxarı olduğundan Şəxs ASC tərəfindən ümumiyyətlə heç bir sifariş edilməmiş və hər hansı ödənişlər köçürülməmişdir. Həmçinin iş üzrə materiallarına əlavə edilmiş üzləşdirmə aktları, qarşı tərəfin öhdəliklərinin tam icrasına dair məktubu və digər sənədlərdən də göründüyü kimi müqavilənin tərəfləri olan "xxxx" ASC və "xxxx" MMC arasında öhdəliklər tam icra olunmuşdur. Ödəniş zamanı texniki səhv nəticəsində müqavilə rekvizitləri səhv yazılsa da tərəflərin müqavilə azadlığı və qarşılıqlı razılaşmalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 21.12.2019-cu il tarixdə müvafiq malların idxalı həyata keçirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bank tərəfindən hesab edilmişdir ki, guya 13.12.2019-cu il tarixdə Şəxs ASC tərəfindən edilmiş ödəniş ikinci müqavilə üzrə həyata keçirilmiş, gömrük bəyannaməsinə əsasən idxal olunmuş mallar isə birinci müqaviləyə aid olmuşdur. Mərkəzi Bankın gümanına görə "xxxx" MMC birinci müqavilə üzrə ödəniş almamış malları göndərmişdir, ikinci müqavilə üzrə isə ödəniş almasına baxmayaraq malları göndərməmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, hər iki müqavilə üzrə alıcı tərəfindən ödənişlərin əvvəlcədən (avans şəklində) edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda Şəxs ASC tərəfindən edilmiş ödəniş birinci müqaviləyə aid olmasaydı, həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən heç bir mallar da göndərilməyəcəkdir. Lakin yuxarıda istinad olunmuş gömrük bəyannaməsindən göründüyü kimi, ödənilmiş qiymətə uyğun həcmdə müvafiq malların idxalı baş tutmuşdur. 13.12.2019-cu il tarixli ödənişin əslində birinci müqavilə üzrə edildiyi, həmçinin onunla təsdiq olunur ki, müvafiq ödəniş birinci müqavilənin qiyməti əsasında (yəni, 1 ton mala görə 850 ABŞ dolları əsasında) həyata keçirilmişdir. Qeyd edildiyi kimi ikinci müqavilədə 1 ton malın qiyməti 1040 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qeyd edilənlər aydın şəkildə göstərir ki, 13.12.2019-cu il tarixli ödəniş Şəxs ASC tərəfindən birinci müqavilə üzrə edilmiş və həmin ödənişə uyğun olaraq 21.12.2019-cu il tarixdə satın alınmış mallar Azərbaycana idxal edilmişdir. Mərkəzi Bankın 21.12.2021-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu üzrə əslində inzibati xəta hadisəsi mövcud deyildir. Sadəcə sənədlərin tərtibatında texniki səhvə yol verilir və ödənişin aid olduğu müvafiq müqavilənin rekvizitləri düzgün qeyd edilməmişdir. Səhvə yol verilmə halı isə inzibati xətanın baş verməsi kimi qiymətləndirilə bilməz, çünki müvafiq ödənişin aid olduğu mallar Azərbaycana idxal edilmiş və gömrük bəyannaməsi vasitəsilə rəsmiləşdirilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07.01.2020-ci il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, Şəxs ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2019-cu il tarixli, 2 saylı müqavilə və 30.12.2019cu il tarixli, 5 nömrəli invoys üzrə 07.01.2020-ci il tarixdə Şəxs ASC tərəfindən "xxxx" MMC-nin hesabına 20400 ABŞ dolları köçürülmüşdür. - Şəxs ASC tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış 15.12.2021-ci il tarixli, 253 saylı məktubdan görünür ki, 18.11.2019-cu il tarixli, 2 saylı contracta əsasən "xxxx" MMC şirkətinə 07.01.2020-ci il tarixdə 20400 USD ödənilmişdir. Həmin malın 20400 USD **********5710 saylı YGB ilə Şəxs ASC şirkətə daxil olmuş, lakin Gömrük Komitəsi tərəfindən YGB **********5710 saylı gömrük bəyannaməsində səhvən contractın nömrəsi 1, tarixi 05.11.2019 yazılmışdır. Şəxs ASC ilə "xxxx" MMC şirkəti arasında bu məbləğ bağlanmışdır. - "xxxx" MMC tərəfindən Şəxs ASC-yə ünvanlanmış məktubdan görünür ki, 30.12.2019-cu il tarixdə Şəxs ASC tərəfindən hesablarına köçürülmüş ödənişə əsasən (20400 ABŞ dolları) məhsul (mallar) 08 yanvar 2020-ci il tarixdə müəssisələri tərəfindən göndərilmişdir. Tərəflər arasında yerinə yetirilməmiş öhdəlik yoxdur və tərəflər öhdəliklərini tam yerinə yetirmişlər. - **********5710 nömrəli gömrük bəyannaməsindən görünür ki, 05.11.2019-cu il tarixli, 1 saylı müqavilə üzrə ödənilmiş 20400 ABŞ dolları məbləğində vəsaitin müqabilində "xxxx" MMC tərəfindən Şəxs ASC-yə mal göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2019-cu il tarixli, 2 saylı müqavilə üzrə 07.01.2020-ci il tarixdə Şəxs ASC tərəfindən "xxxx" MMC-nin hesabına 20400 ABŞ dolları köçürülmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq bəyan edilməyən 20400 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan da görünür ki, "xxxx" MMC tərəfindən 08.01.2020-ci il tarixdə mallar 30.12.2019-cu il tarixdə köçürülmüş 20400 ABŞ dolları məbləğində pulun müqabilində göndərilmişdir. Şəxs ASC tərəfindən 18.11.2019-cu il tarixli, 2 saylı müqavilə üzrə 07.01.2020-ci il tarixdə köçürülmüş 20400 ABŞ dolları məbləğində pulun müqabilində malın daxil olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 20400 (iyirmi min dörd yüz) ABŞ dollarının 20 faizi, yəni 4080 (dörd min səksən) ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-495/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-495/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver