Məhkəmə qərarları › İş №3(007)-495/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-495/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-495/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs1 nümayəndəsi-“Universal” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Kristal ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin 2(113)-3950/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(113)-1172/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2522 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ona növbəti ayın 15-nə və ya 20-nə kimi vaxt verilərsə ödənişi edəcəkdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Sənədləri isə 3-4 gün ərzində verə bilər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, 1 ildən artıq müddətdir ki, qətnamə icra olunmur, cavabdehə məxsus şirkətin adına qeydiyyatda olan 2 nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi 2 il əvvəl məhdudlaşdırılmışdır. Buna baxmayaraq bu müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Protokolda da qeyd olunduğu kimi cavabdeh hər iki avtomobili qərəzli şəkildə gizlədir. Həmin avtomobillərin icranın təmin üsulu kimi təqdim olunmasını təmin etmir. Buna görə də barəsində protokol tərtib olunmuşdur. Cavabdehin uzun müddətdir qərəzli şəkildə qətnamənin icrasını gecikdirməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi və tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin 2(113)-3950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 51.315 manat məbləğində əsas borc, 1924 manat məbləğində faizlər, cəmi 53.239 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 2(113)-3950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 2(113)-3950/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı Kommersiya Məhkəməsinin 2(113)-1172/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ƏDV xaric 36309 (otuz altı min üç yüz doqquz) manat 50 (əlli) qəpik məbləğində pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidən tutularaq iddiaçı Zərərçəkmiş şəxs3nə ödənilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 2(113)-1172/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 2(113)-1172/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2522/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən iddiaçı Zərərçəkmiş şəxs2 əmək haqqının hesablanması cədvəllərinin, əmək müqaviləsinin və əlavələrin, tabel uçot vərəqəsinin, əmrlərin, ştat cədvəlinin, ödəniş sənədlərinin, son haqq-hesabın hesablanması və ödənilməsi barədə məlumatın (iddiaçı ilə bağlı zəruri digər sənədlər) götürülərək məhkəməyə təqdim edilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2522/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-dən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2522/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - borclunun əmlakının axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin mülkiyyətində olan ”FAW J6P” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “QAZ C41R13” yük markalı, 99JV-458 dövlət qeydiyyat nişanlı və “FAW JH6 430HP” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmişdir. - borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində axtarış elan edilmişdir. - icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu "xxxx" MMC-nin barəsində icraatda olan e292558/2024 saylı icra sənədi, e203279/2024 saylı və e161291/2024 saylı icra işlərinin ümumi icraatda birləşdirilməsi və icra tədbirlərinin bir icraatda davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədlərinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar