Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4952/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 04 oktyabr 2025-ci il tarixində ünvan 1 ünvanında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xəta protokolu (№ İXP7475041) tərtib edilmiş və nəticədə TP7547627 saylı qərarla 100 (yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. O, həmin protokolla razı deyil və onu imzalamaqdan imtina etmişdir. (buna baxmayaraq həmin gün qərar çıxarılıb). Eyni zamanda, protokolun surəti ona təqdim olunmamış, onun müdafiə hüququ təmin edilməmişdir. Protokol üzrə qəbul edilmiş qərarın əsassız tərtib olunduğunu hesab edir, çünki maşınında (99SL684) olan videoqeydiyyatdan aşağıdakılar aydın görünür: 1. 77JT571 nömrəli yük maşını qayda pozub yolun sağ zolağından sola dönür, 2. baxmayaraq ki, yük maşını sağ tərəfdə görməni məhdudlaşdırır, stop nişanının tələbini gözləyir, yük maşını da dayanır (hərəkətə başlamaq istəyəndə yük maşının mühərriki dayanır), normal olaraq qabağa çıxıb yenə dayanır, çünki yük maşını sağı görməmi məhdudlaşdırıb, yolun boş olduğunu görüb sola dönür, 3. 10YP484 nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən yol patrul xidmətinin əməkdaşı 1.1 xəttini kəsib dayanmasını əmr edir (əgər müşahidə kamerası ilə qayda pozduğunu görmüşdüsə, niyə özü qaydanı kobud şəkildə pozub onu saxladır, elektron protokol tərtib edərdi). 4. Bildirir ki, maşında tək deyildi, dostu ilə birlikdə yol gedirmiş və polisə dayanma qaydasına əməl etdiklərini deyir, qanunsuz protokoldan məhkəməyə şikayət edəcəyini bildirsə də, "yalançının şahidi yanında olar" deməyi xidmət zamanı etik qaydalara ziddir, bu cür aqressiv davranış yolverilməzdir. Beləliklə, barəsində tətbiq olunmuş inzibati məsuliyyətin hüquqa uyğun olmadığı, həmçinin prosedur qaydalarının pozulduğu (mübahisəli protokoldan həmin gün qərar çıxarılıb və protokol ona göndərilməmiş) nəzərə alaraq, həmin protokola uyğun tərtib edilmiş qərara qarşı və polis əməkdaşının etik davranışından şikayət edir. Qeyd olunanlara əsaslanaraq, barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş İXP7475041 saylı protokola və onun əsasında çıxarılmış TP7547627 saylı qərara hüquqi qiymət verərək, həmin qərarın və cərimənin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 10:40-da idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Mercedes Benz E200” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü düzünə hərəkət edən və yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol vermədən sola dönmə əməliyyatı həyata keçirir, yolayrıcı keçmə qaydalarını pozur, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin maddənin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 10:40-da ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuşdur. Belə ki, X5 yolayrıcına yaxınlaşan və düzünə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, onları gözləməli, daha sonra yolayrıcını keçməli idi. Lakin sürücü qanunun bu tələblərinə əməl etməyərək həmin nəqliyyat vasitələrinə yol vermədən birbaşa yolayrıcına daxil olmuşdur. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4952/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4952/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver