Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4953/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 15 avqust 1968-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev 24, mənzil 52-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Orxan Hüseynov küçəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 12 sentyabr 2025-ci il tarixdə, saat 16:00-da idarə etdiyi “Vaz 2107 minik” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ilə hərəkət edib dairəyə daxil olmaqla Məhsəti Gəncəvi küçəsi istiqamətində hərəkətini davam etdirərkən yol hərəkəti qaydalarını pozaraq R.Rüstəmov küçəsində Məhsəti Gəncəvi küçəsi istiqamətində hərəkətdə olan “Dayun” markalı, 01-B-458 dövlət qeydiyyat nişanlı motosikletin yoluna çıxaraq onunla toqquşmuş, nəticədə motosikleti idarə edən Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 12 sentyabr 2025-ci il tarixdə, saat təxminən 16 radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu ərazisində “Xəzər dairəsi”ndə yol ayrıcına yaxınlaşmışdır. Əraziyə daxil olduğu an əsas yol ilə hərəkət edən “Dayun” markalı, 01-B-458 dövlət qeydiyyat nişanlı motosiklet yaxınlaşmaqda olmuşdur. O, dairədən əsas yola çıxarkən yol hərəkəti qaydalarına görə həmin motosikletə yol verməli olmuş, lakin əsas yola daxil olduğu zaman məsafəni düzgün qiymətləndirə bilmədiyi üçün motosikletə vaxtında yol verməmişdir. Nəticədə motosikletin sürücüsü tarazlığını saxlaya bilməyərək onun idarə etdiyi avtomobillə toqquşmuş və yerə yıxılmışdır. Hadisə zamanı o, sükan arxasında tam ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Evdə psixoloji xəstə olan oğluna dərman aparmış, həmçinin hadisə zamanı xəsarət aldığı üçün qabırğalarında ağrı hiss etdiyindən evə tələsmişdir ki, iynə vursun. Hadisədən sonra motosikleti görməmiş, elə bilmişdir ki, dəyəndən sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxsin tələb etdiyi 750 manatı ödəməyə maddi imkanı yoxdur, kirayədə yaşayır. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 12 sentyabr 2025ci il tarixdə saat təxminən 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Dayun” markalı, 01-B-458 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsindən üzü Məhsəti Gəncəvi küçəsi istiqamətində hərəkət etmişdir. Motosikleti təxminən 40-50 km/saat sürətlə, yol hərəkəti qaydalarına riayət etməklə əsas yol üzrə idarə etmişdir. “Xəzər dairəsi”nə yaxınlaşanda, dairənin sol tərəfindən “Vaz 2107” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil əsas yola daxil olmuşdur. Həmin avtomobil ona yol verməmiş və qəflətən yoluna daxil olmuşdur. Avtomobilin yol verməməsi nəticəsində tarazlığı saxlaya bilməmiş, nəticədə motosikletin ön hissəsi ilə həmin avtomobilin sağ hissəsinə dəyərək toqquşmuş və yerə yıxılaraq qəzaya uğramışdır. Hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Hadisə zamanı o, tam ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. İdarə etdiyi motosikletdə texniki nasazlıq olmamış, bütün idarəetmə sistemi normal işlək vəziyyətdə olmuşdur. Hadisənin baş verməsinə məhz digər nəqliyyat vasitəsinin yol vermədən əsas yola çıxması səbəb olmuşdur. “Vaz 2107”-ni idarə edən Şəxs onun 100 metr məsafəsində qarşısına çıxmış, nəticədə o, sürüşüb digər tərəfə düşmüşdür. 4-5 dəqiqə huşu yerində olmamışdır. Şəxs durub öz maşınına baxmış, daha sonra çıxıb getmişdir. Həmin şəxs hadisə yerində və sonra onunla maraqlanmamışdır. Motosiklet hələ də kreditdədir. Motosikletə dəymiş ziyan 750 manatdır. Sığorta 430 manat pul ayırır. Bundan başqa hadisədən sonra işsiz qalmışdır. Ailəsinə o, tək baxır. Həmin şəxs ona dəymiş zərəri ödəməmişdir, ona görə şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 16 sentyabr 2025-ci il tarixli, 990 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ milbilək oynağı və sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi, sağ baldırın sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, HK-1/562 nömrəli araşdırma materialı üzrə baş vermiş hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 327.6-cı maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdiyi izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4953/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4953/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver