Məhkəmə qərarları › İş №3(007)-4963/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4963/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4963/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış Şəxs QSC-yə 3- 17-5/2-64826/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim etmələri tələb edilmiş, məktubun 31 iyul 2025-ci il tarixdə çatdırılmasına baxmayaraq, tələb olunan sənədlər natamam təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X3 sorğusu əsasında sənədlər göndərilmişdir, lakin bank çıxarışı çox müddəti əhatə etdiyi üçün saat 17:00-a kimi sənədlər toplusunu göndərə bilməmişlər. Bu barədə Əmək Müfəttişliyi ilə yazışmalar da aparmışlar. Digər sənədlərin hər biri göndərilmişdir. Saat 14:00-dan 17:00-a kimi vaxt qoyulmuşdur. 3 ilin sənədlərini 3 saata verə bilməzlər. İlk dəfə son 1 iş ilini göndərmişlər. Daha sonra məlum olmuşdur ki, işçinin işlədiyi iş illərinin hamısı təqdim edilməli olmuşdur. Protokolun tərtibindən sonra Əmək Müfəttişliyi ilə yazışmaları olmuşdur. İlk dəfə onlara məktub gələndə hansı dövrün sənədlərini istədiklərini qeyd etməmişlər. Bu səbəbdən də son 1 ilin sənədlərini təqdim etmişlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs QSC-yə ünvanlanmış 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64826/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanlanmış müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X1 müraciətinə münasibət bildirilməsi və əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); kollektiv müqavilə (olduğu təqdirdə); əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi və s.); son haqq hesabın hesablanmasının və ödənilməsini təsdiqləyən müvafiq sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı); məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri); məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə); əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son on iki ay üzrə, bank çıxarışı və ya ödəniş tapşırığı) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X6 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs QSC-yə ünvanlanmış 3-17-5/2-64826/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli məktubu 31 iyul 2025-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. Şəxs QSC-nin 16 sentyabr 2025-ci il tarixli, Ç/91 nömrəli məktubundan görünür ki, X6 Xidmətinin Bakı şəhər idarəsinin 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64826/2025 nömrəli sorğusu üzrə 31 iyul 2025-ci il tarixdə göndərilmiş sənədlərdən natamam təqdim olunmuş hissələr, müvafiq sənədlər göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla QSC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar