Məhkəmə qərarları › İş №3(007)-497/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-497/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-497/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ev 43, mənzil 107-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 21 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 21 fevral 2022-ci il tarixdə saat 14:10 radələrində ünvan 1 ünvanının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədridir, şəhid ailəsi problemlə bağlı ona müraciət etmiş, o da problemi icra başçısının nəzərinə çatdırmış, polis rəisi ilə görüşərək ona bu barədə bildirmişdir. İnzibati xəta haqqında protokolda yazılanlarla razı deyil, o, heç vaxt polisə qarşı qanunsuz hərəkətə yol verməmiş, əl qaldırmamış, söyüş söyməmişdir. Əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Keşlə qəsəbəsi, Davud Aslan küçəsində qapalı məkanlarda tibbi maskadan istifadə qaydalarına əməl olunması vəziyyətini yoxlamışdır. Saat 14:10 radələrində Davud Aslan küçəsi 2 ünvanının qarşısında olduğu vaxt bir nəfər şəxs ona yaxınlaşıb uca səslə danışaraq əvvəlcə tikintisini tikməyə niyə imkan vermədiklərini soruşmuş, daha sonra isə ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. O, həmin şəxsi sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət etsə də, o, sakitləşməmiş, onun qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Həmin şəxsin qeyd olunan hərəkətləri ona əl-qol atmaqla müşayiət olunmuşdur. O, həmin şəxsin dediklərini başa düşmədiyini deyib hansı tikintidən söhbət getdiyini soruşmuş, lakin həmin şəxs yenə də onu eşitməkdən və nizam-intizama dəvət etməklə bağlı qanuni tələblərinə əməl etməmiş, polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə məcbur olub kömək çağırmış, köməyə gələn polis naryadı da həmin şəxsi sakitləşdirə bilməmiş, həmin şəxs onlara da tabesizlik göstərmişdir. Buna görə həmin şəxsi məcburi qaydada polis bölməsinə gətirmişlər, bölmə rəhbərliyinə raportla məruzə edərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün manqa komandiri X7 izahatında göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə 5965 saylı avtopatrulla xidmətdə olarkən polis sahə inspektoru X1 çağırışı ilə Davud Aslan küçəsi 2 ünvanının qarşısına yaxınlaşmışlar, həmin vaxt bir nəfər şəxsin sahə inspektoru ilə ucadan danışaraq ona qarşı əl-qol atdığının, habelə nalayiq söyüşlərdən istifadə etdiyinin şahidi olmuşlar. Onlar həmin şəxsin hərəkətlərinin qarşısını almağa çalışsalar da, o, tabesizlik göstərmiş, sahə inspektoru ilə onların qanuni tələblərinə tabe olmayaraq sakitləşməmişdir. Buna görə həmin şəxsi məcburi qaydada polis bölməsinə apararaq raportla təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X8 yuxarıda qeyd edilənlərə uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və qeyd edir ki, irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı materialın məhkəməyə təqdim edildiyi 21 fevral 2022-ci il saat 16:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 21 fevral 2022-ci il saat 16:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar