Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4976/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndələri X5, X9 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 və 539.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “vətəndaş Şahid Şəxs MMC-də əmək müqavilələri bağlanılmadan işlərin görülməsinə cəlb edilmişdir. Həmçinin müəssisəyə müvafiq sənədlərin təqdim olunması üçün Şəxs MMC-yə 3-17-5/2-73941/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-yə təqdim olunması tələb olunmuş, lakin xx.xx.2025-ci il tarixədək təqdim olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, vətəndaş Şahid Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilmişdir, bununla bağlı edilən müraciət əsasında hüquqi şəxsdən müvafiq sənədləri təqdim etməsi tələb edilmiş, lakin 7 iş günü müddətində sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X14 inzibati xəta haqqında protokolu və digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, görünür ki, hansısa hadisə olub və həmin yerə polislər yaxınlaşıb, bundan sonra məlum olub ki, şəxs əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilib. Qarşı tərəfə sənədlərin təqdim edilməsi barədə bildiriş altsistem, yəni ASİS vasitəsi ilə göndərilib, həmçinin 11 sentyabr 2025-ci il tarixində poçt vasitəsi ilə də qarşı tərəfə məktub çatdırılıb. Ola bilsin ki, göndərilən məktub iş materiallarına əlavə edilməyib. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu və digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, məktublar ümumi şöbə tərəfindən göndərilir, “SS” kodla məktublar ayrılır. Şəxs MMC-yə məktub da, həm poçt, həm elektron qaydada göndərilmişdir. İnzibati xəta faktı polis tərəfindən aşkar edilib və baxılması üçün X8 göndərilib. Ola bilsin ki, protokolda başqa şəxsin adı olmalı idi, lakin insan faktoru olduğuna görə səhvlər ola bilər. Hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Şahid 7 ildir ki, Şəxs MMC-də işləyir. X11 sistem vasitəsi ilə şəxs haqqında sorğu etsəydi, onun işlədiyi yer və digər məlumatları özləri də əldə edə bilərdilər. Yəni, həmin sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilməsinə ehtiyac yox idi və İXM-nin 539.3-cü maddəsində əksini tapmış məsələlərin araşdırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Şahid "xxxx" MMCdə qaynaqçı vəzifəsində işləyir. Həmçinin qarşı tərəfin təqdim etdiyi sənədlərdən, qərardan da görünür ki, şəxs 7 ildir ki, MMC-də işləyir. Həmin şəxs ilə "xxxx" MMC arasında 2019-cu ildə əmək müqaviləsi bağlanıb və hazırda da qüvvədədir. Həmçinin həmin əmək müqaviləsi iyun ayında elektronlaşdırılmışdır. Qarşı tərəf poçt tərəfindən məktubun onlara çatdırılmasını təsdiq edən qəbz olduğunu iddia edir, lakin o formada qəbz onlarda yoxdur. Qərarda qeyd olunan oğurluq isə 2024-cü ilin aprel ayında olub. Tərtib olunan protokolda isə şəxsin "xxxx" MMC-də, ümumiyyətlə, işləməməsi qeyd olunur. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlsə də sübut təqdim edə bilmir. Onlar "xxxx" MMC-yə göndərilən məktubun surətini belə məhkəmə iclasında təqdim edə bilmirlər. Bu o deməkdir ki, həqiqətən də belə bir məktub yoxdur, göndərilməmişdir. Qeyd etdiklərini nəzərə alıb, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Şahid 6 ildir ki, Şəxs MMC-nin işçisidir, onunla əməq müaviləsi də elektron qaydada bağlanılmışdır. Protokol yazan orqandan fərqli olaraq onlar sübut təqdim edirlər ki, onlara elektron qaydada məktub yalnız 22 sentyabr 2025-ci il tarixdə gəlmişdir və həmin məktub da inzibati xəta haqqında protokolun tərtibində iştirakla bağlı olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, “Şahid Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi” əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, “Şahid Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi” ilə bağlı hüquqi nəticəyə gəlinməsini əsaslı edəcək hər hansı sübut əldə edilməmiş, məhkəmə iclasında təqdim olunmamış və ya məhkəmə tədqiqi ilə də müəyyən edilməmişdir. Əksinə, məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, Şəxs MMC ilə Şahid arasında əmək münasibətləri əvvəlcədən mövcud olmuş, onlar arasında 22 may 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış və fiziki şəxs əmək müqaviləsi üzrə qaynaqçı olaraq işlərin görülməsinə cəlb edilmişdir. Daha sonra əmək müqaviləsində dəyişiklik edilmiş və tərəflər arasında 26 may 2025-ci il tarixdə yenidən müqavilə bağlanmışdır. Həmin müqavilələr isə elektron qaydada sistemə daxil edilmişdir. Həmçinin X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati icraatın başlanmasına əsas olduğu qeyd edilən Bakı şəhəri Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin 24 iyun 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb, istintaqa şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərin 24 aprel 2025-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus istixananın ərazisində fəhlələrin dincəlməsi və evi uzaqda olanların gecələmələri üçün tikilmiş binanın 2-ci mərtəbəsində X1 məxsus 2000 manat dəyərindən “iPhone 15” markalı mobil telefonu gizli yolla talayıb ziyan vurmaqla oğurluq etməsi faktı və bu faktla əlaqədar toplanmış materiallar olmuşdur. Hansı ki, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı belə, “Şahid Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi” müəyyən edilməmiş və bu faktla bağlı material ayrılmamış və aidiyyəti üzrə səlahiyyətli orqana, yəni X8 göndərilməmişdir. Cinayət təqibi orqanının sözügedən 24 iyun 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin rəhbərinin və həmin MMC-də anbardar vəzifəsində işləyən X3 əməllərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğuna, yəni X7 əmək müqaviləsi olmadan MMC-də işə götürüldüyünə görə, barələrində protokol tərtib edilməsi üçün qərar X11 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. Göründüyü kimi, inzibati icraatın başlanmasına əsas kimi qeyd edilən məlumat heç də Şahid ilə, yəni onun Şəxs MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı olmamışdır. Həmin qərarda əksini tapmış Şahid izahatında da onun 7 ildir Şəxs MMC-də qaynaqçı kimi işlədiyi göstərilmişdir. Bir sözlə, həmin ibtidai istintaq zamanı qeyd olunan şəxslə bağlı hər hansı hüquqpozmaya yol verildiyi müəyyən edilməmiş, aşkara çıxarılmamışdır. Məhkəmə bu qənaətə gəlməsini təqdim edilmiş sübutların məcmusu və qanunvericiliyin tələbləri baxımından əsaslandırmaqla, belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, işçi Şahid münasibətdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilməmiş, sübuta yetirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı (əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi) zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Halbuki, iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış “Xəzər rayon polis idarəsindən daxil olmuş mürqciətə baxılması ilə əlaqədar Şahid aid sənədlərin - əmək müqaviləsinin surətinin (elektron əmək müqaviləsi olmadığı təqdirdə); kollektiv müqavilənin (olduğu təqdirdə); müraciətdə qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması barədə 19 avqust 2025-ci il tarixli, 3-17-5/2-73941/2025 nömrəli məktubu mövcud olsa da, həmin sorğu məktubunun Şəxs MMC-yə göndərilməsini, müvafiq səlahiyyətli, vəzifəli şəxs tərəfindən alınmasını təsdiq edən sübut mövcud deyildir. Poçt izlənməsində məktubun 11 sentyabr 2025-ci il tarixdə alıcıya çatdırıldığı qeyd olunsa da, həmin “alıcı”nın şəxsiyyəti, səlahiyyəti müəyyən deyildir. “ASİS” elektron sistemi ilə elektron sistemə yerləşdirilən məlumat yalnız protokola dəvətlə bağlı olmuşdur. Məhkəmə iclasının təxirə salındığı müddətlərdə isə, protokol tərtib edən orqan tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən işçi Şahid münasibətdə ictimai münasibətlərə qəsd edən, hüquqazidd əmələ yol verilmədiyinə, onun əmək hüquqlarının pozulması ilə bağlı məlumat olmadığına görə, inzibati icraatın başlanmasına əsas olmuş cinayət təqibi orqanının məlumatı başqa şəxslə bağlı olduğuna görə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsinə dair sorğusunun verilməsinə hüquqi əsas olmamışdır, hansı ki, bu əsassız sorğunun verilməsi sonda, Şəxs MMC-nin qanuni əsaslar olmadan inzibati məsuliyyətə cəlb edilməsi ilə nəticələnmiş, inzibati məsuliyyətə məruz qalmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab edir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığına görə, həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4976/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4976/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver