Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4980/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, 26 avqust 2002-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı şəhəri Heydər Əliyev küçəsi ev 134-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, P.Həşimov küçəsi ev 33-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 28 oktyabr 2024-cü il tarixli qərardadına əsasən 3(007)-4980/2024 nömrəli və 3(007)-4981/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-4980/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri Nizami rayonu, “8-ci km bazarı” ərazisində yerləşən hosteldə gecələyən Zərərçəkmiş şəxs yatmasından istifadə edərək ona məxsus 140 manat dəyərində “Samsung A12” markalı mobil telefonu gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə xırda talama yolu ilə 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxs qeyd olunan oğurluq əməlinə görə 21 oktyabr 2024-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin qəbulunda şübhəli olduğu üçün həmin tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinəsi zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “MET”(+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 19 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Nizami rayonu “8-ci km bazarı”nda yerləşən gündəlik hostellərin birinə gecələmək üçün getmişdir. Hosteldə olan zaman orada ümumi zalda, taxta arakəsmələrlə ayrılmış yerlərin birində orta yaşlı kişinin yatdığını görmüşdür. Həmin vaxt artıq 20 oktyabr 2024-cü il saat 02 radələri olmuşdur. Həmin şəxsin yatdığı çarpayının üzərində mobil telefon olduğunu gördükdə yaxınlaşıb mobil telefonu götürmüşdür. Mobil telefon qara rəngli, “Samsung A12” markalı olmuşdur. Bundan sonra oradan uzaqlaşmış və Zığ qəsəbəsinə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə görüşmüş, oğurladığı mobil telefonu həmin şəxsə 10 manat hesabı ilə verib əvəzində “patı” kimi tanıdığı narkotik vasitə almışdır. Həmin yerdə narkotik vasitəni istifadə etmiş və Nizami rayonunda yerləşən “8-ci km bazarı”ndakı hostelə geri dönmüşdür. Hosteldə olan zaman orada polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları onu oğurluqda şübhəli kimi saxlayıb polis şöbəsinə aparmışlar. Sonra onu tibbi müayinəyə aparmışlar və narkotikdən istifadə etdiyi müəyyən edilmişdir. Əməllərindən səmimi peşmandır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Nizami rayonu “8-ci km bazarı”nda satıcılıq edir. 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində istirahət etmək məqsədi ilə həmin bazarda yerləşən gündəlik hostellərin birinə getmiş və otaq sifariş edərək orada bir qədər uzanmışdır. Təxminən saat 20 radələrində otaqdan çıxaraq siqaret çəkmiş və daha sonra otağa geri dönüb yenidən uzanmışdır. Həmin zaman mobil telefonu üzərində olmuşdur. Bundan sonra o, yuxuya getmiş və 20 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində yuxudan oyandıqdan sonra yastığının yanına qoyduğu ona məxsus “Samsung A12” markalı mobil telefonun yerində olmadığını görmüş və onun oğurlandığını başa düşmüşdür. Mobil telefonu qara rəngli və orta vəziyyətdə olmuşdur. Təxminən 2 il bundan öncə almış, bazar qiyməti təxminən 140 manat civarında olmuşdur. Oğurluq nəticəsində ona 140 manat maddi ziyan dəymişdir. Polislər tərəfindən araşdırma zamanı oğurluğun Şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Hazırda ona dəymiş ziyan ödənildiyinə görə həmin şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227 və 206-cı maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını xırda talama yolu ilə zərərçəkmiş şəxsə 140 manat məbləğində maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına həmin hissədə xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci bəndinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmin maddənin tələbinə əsasən hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq edilməli olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmasına əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, Zərərçəkmiş şəxs xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal tutmadan azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4980/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4980/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver