Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4982/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 11 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X1 qeyd olunan qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti məhkəmənin 27 oktyabr 2025-ci il tarixli qərardadına əsasən təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2025-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Mercedes E270 CDİ” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə hərəkət edərək Rüstəm Rüstəmov küçəsinin kəsişdiyi dairədə dayanmış, yolun boşalmasını gözləmişdir ki, yol açılsın, sonra hərəkətini davam etsin. Bir də görmüşdür ki, sağ tərəfdə manevr edən “Hyundai Sonata” təlim maşını nömrə nişanı **-ZY-*** olan onun avtomaşınının sağ krelini vurmuş, onun maşını ön sol tərəfə hərəkət edib dayanmışdır. O, hələ də maşının əzilən yerini düzəldirməmişdir, sübut kimi bilinir. Yol polis xidməti baş leytenantı X5 gəlmişdir hadisə yerinə. O vaxta kimi maşınların şəkilini çəkmiş, yol bağlanmasın deyə kənarda çəkib saxlamışlar. Polis onun sənədlərini almış, bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:00-da Bakı Şəhər Yol Polisinə gəlsin. Lakin təlim maşınının sürücüsü qız olmuş, müəllimə də cərimələnməmişdir. O, otağa keçmiş, yol polisi ona bildirmişdir ki, günah ondadır. O, xəstə adamdır. Özündən asılı olmadan şoka düşmüşdür. Bildirmişdir ki, o, maşınını gətirmişdir. Xahiş etmişdir ki, komissiya yaradılıb, baxış keçirilsin. Polis onun sözünə əhəmiyyət vermədən qolundan tutmuş, “çıx bayıra” demişdir. O, həmin vaxt 102 xidmətinə zəng etmişdir bir neçə dəfə. Bakı Şəhəri Yol Polis İdarəsində 8 nömrəli otağa keçmiş, orada kamera görüntüsü olmuşdur. Oradakı əməkdaşa xahiş etmişdir ki, baxsın. Hadisə yerində hər iki maşının görüntüsü yox idi, silinmişdi. Hadisə yerindən kənarda maşınlarını kənarda saxladıqları yerdə maşınlar aydın görünürdü. Gedib yol polisi Məmməddən soruşmuşdur ki, hadisə kamerada neçə gün qalır. Cavab vermişdir ki, 1 ay qalır. Bildirmişdir ki, onların maşınları hadisə yerində yoxdur. Məmməd onun bu sözündən tutulmuş, cavab verməmişdir. O, növbətçi otağına yaxınlaşıb xahiş etmişdir ki, onun rəhbər işçilərin birinin qəbulunda olmağına köməklik etsin. Növbətçi onu şöbə müdiri Hikmət müəllimin yanına yönəltmişdir. O, Hikmət müəllimə hadisəni olduğu kimi danışmışdır. Hikmət müəllim yol polisi Məmmədi çağırmışdır. Hikmət müəllim mülki geyimdə bir nəfərə göstəriş vermişdir ki, gedib həmin maşının dəyən yerinin şəkilini çəkib gətirsin. Həmin adamla gedib maşının şəkilini çəkmişlər. Daha sonra Hikmət müəllimin yanına getmişlər. O, çöldə gözləmişdir. Görmüşdür ki, yol polisi onu otaqdan çıxaran Məmməd onu axtarır. Demişdir ki, “Hikmət müəllimin otağına girmə, al sənədlərini, get, sənlik bir şey yoxdur”. O, demişdir ki, maşını düzətmək necə olacaq, o da demişdir ki, “o maşının yiyəsi arvad gəlsin, sənə pul alıb verəcəm”. O, polisə bildirmişdir ki, “arvadın pulu mənə lazım deyil, alsan özün üçün de, məni yönəlt sığortaya”. Məmməd də “yaxşı” demişdir. Bu, 12 sentyabr 2025-ci il tarixdə olmuş, xx.xx.2025-ci il tarixdə onun telefonuna 40 manat cərimə olunması ilə bağlı mesaj gəlmişdir. Sonradan Məmmədin yanına getmiş, soruşmuşdur ki, “sənin dediyin söz nə oldu”. Məmməd demişdir ki, arvad razılaşmamışdır. O da demişdir ki, “arvad qanundu?”. Bu vaxta kimi cavab almamış və maşınını düzəltdirməmişdir. Göstərilənlərə əsasən, barəsində tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsində dayanıb yolun açılmasını gözləmişdir. Həmin vaxt digər maşın sağ tərəfdən gəlib onun maşınını vurmuşdur. Hazıradək maşını yararsız vəziyyətdə qalmışdır. Polisdə izahatı o, yazmamışdır. Hadisə yerində xanım sürücü ona demişdir ki, 150 manat versin, söhbət bağlansın. Həmin qadın onu şərləyir. Ondan 150 manat istəməsinin səbəbini bilmir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin YPX baş inspektoru X5 izahatında göstərmişdir ki, X3 11 sentyabr 2025-ci il tarixdə Nizami rayonu M.Əliyev küçəsində onunla eyni istiqamətdə hərəkətdə olan və hadisə anında qarşısındakı maneəyə görə dayanmış vəziyyətdə olan digər nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamayıb arxadan onu vurmuşdur. Hadisə yerində gəldikdə sürücülərin nəqliyyat vasitələrini qırağa çəkdiklərini görmüşdür. Hadisə yerini öyrəndikdə və nəqliyyat vasitələrinə baxış keçirdikdə sürücülərdən Binnət Mərdanovun xətanı törətdiyini müəyyən etmişdir. O, maşının qabaq sağ hissəsi ilə təlim maşınının arxa sol hissəsindən vurmuşdur. Tərtib etdiyi sxemlə də həmin hal təsdiq olunur. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, hadisə yerinin TŞ kamera görüntülərinin götürülməsi mümkün deyildir. Təqdim etdikləri materialda hər iki sürücünün izahatı vardır. X3 həmin izahatında digər avtomobili vurduğunu etiraf etmişdir. Polis əməkdaşı protokolu 48 saat ərzində yaza bilər. Şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, hadisənin digər iştirakçısı olan sürücünün izahatı vardır. Həmin xanım sürücü qarşıda maneə olduğundan sürətini azaldaraq maşını saxlamışdır. Bu zaman arxadan avtomobil onunla toqquşmuşdur. Xanımın dediyi ilə inspektorun dediyi üst-üstə düşür. Toplanmış sənədlər də sübut edir hər şeyi. Dəymə bucaqlarına da baxılsa Binnət Mərdanovun digər maşını vurması aydın olur. Şikayətin rədd olunmasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 11 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes E270 CDİ minik” markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində 11 sentyabr 2025-ci il tarixdə, saat 12:15-də “araməsafəsi qaydalarının pozulmasına” görə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci və 3-cü bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir; 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 11 sentyabr 2025-ci il tarixdə, saat 12:15-də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində “Mercedes E270 CDİ minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən özündən qabaqda gedən nəqliyyat vasitəsi ilə düzgün araməsafəsi saxlamamış, həmin nəqliyyat vasitəsi yaranmış maneəyə görə sürətini azaldıb dayandığı vaxt o, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini dayandıraraq toqquşmanın qarşısını ala bilməmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, törədilmiş inzibati xəta ictimai münasibətlərə qəsd etməklə, qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 11 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4982/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4982/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver