Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4983/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs3 nümayəndəsi-“Nümayəndə və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru Şəxs müdafiəçisi-Cəlilabad rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 7B-də qeydiyyatda olan, "xxxx" MTK-nın direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 7, 10, 11, 16 və 18 nömrəli mənzillərin yerləşdiyi Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev küçəsi 39 nömrəli binanın 1, 2 və 3-cü girişlərində söküntü və söküntü ilə bağlı hər hansı işlərin aparılmasının "xxxx" Mənzil Tikinti Kooperativinə qadağan edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli e-16(007)-130/2024 nömrəli icra sənədi üzrə icra sənədindəki tələb "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq inzibati xətanın törədildiyini, yəni icra sənədində qeyd olunan sahələrdə söküntü işlərinin aparıldığını təsdiq edən fotoşəkillərin çəkildiyini qeyd etmiş və protokol əsasında inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru Şəxs müdafiəçisi X3 izahatında göstərmişdir ki, K.Balakişiyev küçəsindəki 39 nömrəli binanın qəzalı olmasına və istismarının dayandırılmalı olmasına dair əsaslı rəy mövcuddur. Eyni zamanda isə, icra məmurunun qeyd etdiyindən fərqli olaraq, icra sənədində göstərilən sahədə söküntü aparılmasını təsdiq edəcək sübut mövcud deyildir. İnzibati xəta hesab olunacaq hərəkətə yol verilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, məhkəmənin verdiyi icra sənədinə əsasən zərərçəkmişlərin yaşadığı binada söküntü işlərinin aparılması qadağan edilmişdir. Borclu "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Şəxs isə bilə-bilə, qərəzli olaraq məhkəmə qərarını icra etməmişdir. Adi vətəndaş imkanı olmadığından borcunu ödəyə bilməyəndə məhkəmələr "xxxx"ya göndərirlər. Lakin, burada, Mənzil Tikinti Kooperativi bilərəkdən binanı sökmüşdür. Qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyən, icra məmurunun həmin qərarın icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməyən "xxxx" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi, direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə, inzibati xəta törətmiş şəxsin müdafiəçisinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4983/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4983/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver