Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4983/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Bakı şəhər BPİ X11 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati protokol əsasında 327.2 nömrəli inzibati xəta haqqında elektron qərar çıxarılmışdır. Qeyd olunan qərar əsassız hesab olunmalıdır. Belə ki, "X9" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 10-cu bəndinə əsasən, yol nişanlarının və işıqforların görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına yol verilməməlidir. Həmin yolda bu tələbin pozulduğu açıq şəkildə görünür. xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində 60km/saat sürətlə hərəkət edərkən işıqforun siqnalları ağac budaqları ilə örtülmüş olduğundan işıqforu vaxtında görmək mümkün olmamışdır. 60km/saat sürətlə gedərkən 1 saniyəyə gedilən məsafə 16,6 metr edir və belə olduğu halda işıqfora 5-10 metr məsafə yaxınlaşdıqda yolun kənarında işıqfor olduğu görünsə də hansı siqnalın yandığı aydın görünmür. Bununla da 60km/saat sürətlə gələn avtonəqliyyatın anidən tormozlama etmək mümkün olmur, həm də qəza şəraiti yaranmasına səbəb olur. Həmin tarixdə eyni ərazidə digər nəqliyyat vasitələri də işıqforun siqnalını görə bilmədən keçmişdir, bu da problemin sistemli xarakter daşıdığını sübut edir. Aidiyyəti qurumlara, X2 Mərkəzinə və Yaşıllaşdırma İdarəsinə işıqforun görünməməsiylə bağlı məlumat vermiş və lazımi tədbirin görülməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən protokol əsasında qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X11 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qanunun tələbinə görə sürücü yolayrıcına yaxınlaşarkən bütün hallarda təhlükəsizliyi təmin etməklə keçməlidir. Hesab edək ki, ağac budaqları olduğu üçün həmin ərazidə işıqforu görmək olmur, lakin həmin yerdə 1.11 üfüqi nişanlanma xətləri var. Buna görə də sürücü hər bir halda həmin ərazidə avtomobilini saxlamalı idi. Şikayət əsassızdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 09:27-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində idarə etdiyi “Kıa Carnıval” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhər BPİ X11 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4983/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4983/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver