Məhkəmə qərarları › İş №3(007)-4986/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4986/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4986/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 03 avqust 1998-ci il tarixdə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi ev 191-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 00:15 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi istiqamətindən Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi ilə R.Teymurov küçəsi istiqamətinə doğru 50 km/saat sürətlə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələblərini pozub, dayanmadan həmin küçələrin kəsişməsinə çıxdıqda nizamlanmayan yolayrıclarının tələblərinə əməl etməmiş, avtomobilinin qabaq sağ hissəsi ilə baş yol hesab edilən Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi ilə sağdan sola doğru 50 km/saat sürətlə düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt minik” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə yolayrıcında toqquşmuş, zərbədən onun avtomobili yolun solundakı səkinin üstünə qalxıb daş pilləkənlərə çırpılaraq dayanmış, toqquşma nəticəsində “Chevrolet Cobalt minik” markalı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarixə keçən gecə saat 00:15-də o, 50 km/saat sürətlə taksi kimi idarə etdiyi “Toyota-Prius” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi istiqamətindən Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi ilə R.Teymurov küçəsi istiqamətinə doğru hərəkət edib həmin surətlə yolayrıcısına çıxdıqda, sağdan sola, yəni R.Teymurov küçəsi ilə hərəkət edən “Chevrolet Cobalt” markalı avtomobillə yolayrıcısında toqquşmuş, zərbədən onun avtomobili yolun solunda olan səkinin üstünə qalxıb evin daş pilləkənlərinə çırpılmışdır. Nəticədə o, xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Toqquşma idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin avtomobilin qabaq sol hissəsi arasında baş vermişdir. Hadisədən sonra R.Teymurov küçəsinə diqqət yetirdikdə ona məlum olmuşdur ki, həmin avtomobilin hərəkət etdiyi yolda “baş yol” nişanı vardır. Hadisə vaxtı avtomobilində sərnişin olmamışdır. O, sağ yolu gözləməli olduğunu bilir, əməlini etiraf edir, səmimi peşmandır. Özü xəstəxanadan gec çıxmışdır. Digər avtomobildə xəsarət almış zərərçəkmiş şəxsin əlaqə nömrəsini bilmədiyi üçün danışa bilməmişdir. Onun tək gəlir yeri taksi fəaliyyəti ilə məşğul olmaqla əldə etdiyi gəlirdir. Qardaşı əsgərdir, ona da pul göndərir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarixə keçən gecə saat 00:15-də sərnişin kimi “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuşdur. Avtomobilin sürücüsü Bakı şəhəri Nizami rayonu, Ş.Mirzəyev küçəsi istiqamətindən Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi ilə A.Manafov küçəsi istiqamətinə doğru baş yolla, sol hərəkət zolağı ilə hərəkət etmişdir. Həmin vaxt o, taksidə qabaq oturacaqda əyləşmişdir. Sürücü yolun Ə.Hacıyev küçəsi ilə kəsişməsinə daxıl oduqda soldan yolayrıcısına qəflətən sürətlə çıxan “Toyota Prius” markalı avtomobillə yolayrıcısında onlarla toqquşmuşdur. Toqquşma sərnişin kımı olduğu avtomobilin qabaq sol hissəsi ilə digər avtomobilin qabaq sağ hissəsi arasında baş vermişdir. Zərbədən həmin avtomobil sağ yan hissəsi ilə onların avtomobilinin sol yan hissəsinə dəyib yolun solundakı səkiyə qalxaraq evin daş piləkənlərinə çırpılmışdır. Hadisə nəticəsində o, yüngül xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Toqquşma yolun sol kəsişməsindən təxminən 7-8 metr yolun sağ kəsişməsinə doğru məsafədə baş vermişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 21 sentyabr 2024-cü il tarixli 870 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol baldırın ön səthinin kəsilmiş yarası, ağız boşluğunun sol yarısının selikli qişa səthinin qansızması olmuşdur. Qeyd olunan kəsilmiş yara–iti kənara malik olan əşyanın, qansızma isə bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 oktyabr 2024-cü il tarixli 8/2685 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Chevrolet- Cobalt markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1/608 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar