Məhkəmə qərarları › İş №3(007)-4987/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4987/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4987/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, “X5” İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X5” İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 24 oktyabr 2024-cü il tarixdə saat 12:20-də ünvan 1 ünvanında yerləşən “X5” İctimai Birliyinə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı (X4) aşkarlanmışdır. Nəticədə “X5” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 637 nömrəli planlı (növbəti) yoxlama aktı ilə təsdiq edilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Səhiyyə Nazirliyi yoaxlamanın aparılıb-aparılmasını Ədliyyə Nazirliyi VÖEN üzrə qiymətləndirir. İctimai Birliklər də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X5” İctimai Birliyinin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, birlik sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir, reabilitasiya mərkəzidir və daun sindromu olan uşaqlara xidmət edir. Qeyd olunanların nəzərə alaraq barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, “X5” İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, “X5” İctimai Birliyinə məxsus ünvan 2 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Planlı (Növbəti) Yoxlama haqqında xx.xx.2024-cü il tarixli, 637 nömrəli aktdan görünür ki, müəssisədə sertifikasiya şəhadətnaməsi (növbəti) olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli sertifikasiya şəhadətnaməsinə əsasən X1 pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli sertifikasiya şəhadətnaməsinə əsasən X3 tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş X2 direktoru Yusifova B. tərəfindən verilmiş izahata əsasən tibb işçilərinin sertifikasiyadan keçməməsinin səbəbi kimi hər bir ştat üzrə bir nəfər işçi qüvvəsi olduğu və tibb işçilərini əvəz edən olmadığından təxirə salınması qeyd olunmuşdur. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X5” İctimai Birliyi tərəfindən İXM-nin 215.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş protokol, tərəflərin məhkəmə iclasında verdiyi izahatlar digər sənədlərlə tam sübuta yetirilir. İXM-nin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən “X5” İctimai Birliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X5” İctimai Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X5” İctimai Birliyi (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000.00 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar