Məhkəmə qərarları › İş №3(007)-5/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın şəhəri, S.Aşıq küçəsi, ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, İ.Musayev küçəsi, ev 28-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:10-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Mitsubishi Pajero minik” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, inzibati xəta törətmiş şəxsin məhkəmənin bu işlə bağlı əvvəlki, ləğv olunmuş qərarı əsasında cərimə məbləğini artıq ödədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, içkili olmadığı halda barəsində protokol tərtib edilmişdir. Polis əməkdaşı ona bildirmişdir ki, protokolda içkili olduğuna dair etirafedici izahat yazacağı halda cəzası yüngül olacaqdır. O da polisin sözü ilə müayinə protokolunda göstərilən nəticə ilə razı olduğunu, həkim müayinəsinə getməyə ehtiyac olmadığını yazmışdır. Bu sözləri yazmaq üçün ona qarşı hədə-qorxu gəlinməsə də və güc tətbiq edilməsə də, polis əməkdaşının sözləri ilə yazmışdır. O, protokolun tərtib edilməsindən bir gün əvvəl iki bakal pivə içmişdir, hesab edir ki, səhər yoxlanılan zaman onda sərxoşluq qala bilməzdi. Polislərdən ayrıldıqdan sonra özü ayrıca müayinəyə getmiş, ayıq olduğu orada da öz təsdiqini tapmışdır. Müəyyən olunmuş nəticə ilə razı olmasa da, məhkəmənin daha əvvəl işə baxarkən təyin etdiyi cərimə məbləğini artıq ödəmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X5 göstərmişdir ki, sürücü Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:10-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Mitsubishi Pajero minik” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və müəyyən edilmişdir ki, o, avtomobili sərxoş vəziyyətdə idarə edir. Xüsusi texniki vasitə ilə bu hal öz təsdiqini tapmış, Şəxs da etiraf edərək protokola bu barədə izahat yazmış, hətta, ona təklif edilsə də, həkimə getməyə zərurət olmadığını göstərmişdir. Müayinə protokolundakı izahatını Şəxs özü könüllü yazmışdır. Apelyasiya məhkəməsi bu işlə bağlı əvvəlki məhkəmə qərarını ləğv edərkən hal şahidlərinin müayinədə iştirak etmədiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, barəsində protokol tərtib edilən şəxs əməlini etiraf edərək texniki vasitənin göstəricisi ilə razılaşmış, protokolun tərtibi zamanı mübahisəli hal yaranmamışdır. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki içməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 06:55-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0.577% olmuşdur. Şəxs protokolda texniki vasitənin nəticəsi ilə razı olduğu, həkim müayinəsinə zərurət olmadığı barədə qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair xx xxxxxx 2020-ci il tarixli 2/12860 nömrəli aktın surətindən görünür ki, onun həmin tarixdə saat 13:00-da keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı yerində yol-patrul xidməti inspektoru tərəfindən müəyyən olunmuş, alkoqoldan istifadə etmə və bunun nəticəsində sərxoş vəziyyətdə olma narkoloji mərkəzdə tibbi müayinə zamanı təsdiqini tapmışdır, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xx xxxxxx 2020-ci il tarixdə saat 06:55-də yerində aşkar olunmuş, Şəxs isə həmin tarixdə saat 13:00-da müstəqil tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Ona görə məhkəmə X1 hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından xx xxxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti versə də, həmin qərarla təyin olunmuş 400 manat cərimə məbləğini xx xxxxxx 2020-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar