Məhkəmə qərarları › İş №3(007)-5017/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5017/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5017/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 1/10 ünvanında 27 sentyabr 2024-cü il tarixdə “Araz market” fəaliyyət göstərən zaman soyutma üçün istifadə olunan kondisionerdən gələn səs-küyün səviyyəsinin ətraf mühit üçün yol verilən normadan çox olması müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs MMC-nin nümayəndəsi inzibati araşdırmaya dəvət edilmişdir, şəxsən özü məktub aparmışdır. Sonra hüquqşünas gəlmiş, ərizə yazmış, onun xahişi ilə araşdırma 22 oktyabr 2024-cü il tarixdə təxirə salınmışdır. Lakin sonradan araşdırma üçün gəlmədiklərinə görə 25 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol yazmışdır. O, əvvəlcədən məlumat verib xəbərdarlıq etmiş, lakin sonra gedib yenə yoxlayanda yenə səsin normadan çox çıxdığını müəyyən etmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, onlara əvvəlcədən deməmişlər ki, belə səs-küy var, aradan qaldırın. Bu xətaya görə vəzifəli şəxs məsuliyyətə cəlb edilməlidir, çünki həmin inzibati xətanın törədilməsi barədə MMC-yə məlumat verməyib, bu səbəbdən MMC-nin özü məsuliyyətə cəlb edilməməlidir. Onlar xahiş edirlər ki, əgər protokol tərtib edilirsə vəzifəli şəxs barədə edilsin. Qanunvericilik imkan verir, vəzifəli şəxsdir, nöqsanı aradan qaldırmalı idi, məlumatı var idi, lakin MMC-yə məlumat verməyib, qanunvericilikdə vəzifəli şəxsin də məsuliyyətə cəlb edilməsi nəzərədə tutulur. Araşdırma zamanı onlara demişlər ki, araşdırmanın ən uzağı iki gün təxirə salına bilər. Şəxs MMC üzrə 07 noyabr 2023-cü il tarixli 236 nömrəli əmrə əsasən, 06 mart 2019-cu il tarixdən etibarən MMC-nin “Qarayev 2” filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxsi, həmin mağazanın müdiri X6 təyin edilmiş, həmin şəxsin qeyd olunan filialda baş verə biləcək bütün mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə tam maddi məsuliyyət daşıması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxsə münasibətdə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 sentyabr 2024-cü il tarixli 002390 nömrəli, 25 oktyabr 2024-cü il tarixli 87882 nömrəli aktların surətindən və digər sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 1/10 ünvanında fəaliyyət göstərən “Araz market”ə məxsus “havalandırma sistemi və soyuducuların mühərriklərinin titrəməsi və səs-küyündən narahatlıq barədə” daxil olmuş müraciət idarə əməkdaşları tərəfindən, Xəzər KEMİ-nin mütəxəssislərinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar sözügedən ünvanda, binanın arxa hissəsində, “Araz market”in mudiri X6nun, XKEMİ-nin mütəxəssislərinin və idarə əməkdaşlarının iştirakı ilə marketə məxsus havalandırma sistemi və soyuducuların mühərrikləri işlək vəziyyətdə olarkən monitorinq keçirilmişdir. Monitorinq zamanı “Araz market”in soyuducu sisteminin mühərriklərinin qarşısından təxminən 5-7 m məsafədə ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədilə PCE-322A səyyar cihazı vasitəsilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən səs-küy səviyyəsi 64 - 66,7 dBA (norma - 60.0 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə əsasən, təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, işdə olan və yuxarıda istinad olunmaqla məhkəmədə tədqiq edilmiş sənədlərlə və verilmiş izahatlarla öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ...inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. ...hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. ...hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarla gəldiyi hüquqi mövqe baxımından hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanın subyekti qismində fiziki, vəzifəli və hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur, Şəxs MMC-nin müvafiq filialı üzrə mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə məsul şəxsin həmin mağazanın müdirinin təyin edilməsi və bu şəxsin qeyd olunan filialda baş verə biləcək bütün mülki və inzibati xəta təşkil edən hüquqpozmalara görə tam maddi məsuliyyət daşımasının müəyyən edilməsi, işəgötürənlə işçi arasında əmək münasibətlərini, həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyəcək haldır, belə növdə məsuliyyətin müəyyən edilməsi, hüquqi şəxsi müvafiq məsuliyyətdən, konkret hazırda baxılan iş üzrə inzibati məsuliyyətdən azad edilməyə əsas kimi müəyyən və qəbul edilə bilməz. Məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar