Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5023/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə yaranan tələbi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, uşaqlar hazırda yetkinlik yaşına çatmışlar. Sonuncu dəfə onun yaranmış aliment borcu ilə bağlı ona məxsus olan avtomobil üzərinə həbs qoyulmuşdur və o aliment borcunu ödədikdən sonra həbs götürülmüşdür. Daha sonra atasının onkoloji xəstəliyi ilə əlaqədar onun müalicə və müayinəsinə görə xərcləri çox olduğundan ödəniş edə bilməmişdir. Həmçinin bu müddət ərzində o uşaqları ilə əlaqə saxlamış, ondan uşaqlar, zərərçəkən şəxs və icra məmuru aliment tələb etməmişdir. O, övladları ilə daim əlaqədə olmuş, lakin bu müddət ərzində də ondan pul tələb edilməmişdir. Hər ay azı 200 manat aliment ödənişi edə biləcəyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, onun ikinci ailəsindən azyaşlı (7 yaş) uşağı var. Həmçinin qeyd etmişdir ki, aliment ödənişi ilə bağlı onda zərərçəkmiş X4 bank hesab nömrəsi olmadığından aliment ödənişini İcra şöbəsində ödəmişdir və hazırda 200 manat aliment ödənişi edə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X6 izahatında bildirmişdir ki, zərərçəkmiş X4 aliment borcunun tam şəkildə ödənilməsini tələb etməsi ilə bağlı işdə sənəd olmaması və vətəndaşın ödəniş etmək istəməsi, ödənişdən yayınmaması nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində onun tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə yaranmış 4198 manat məbləğində aliment borcunun ödənilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından yayındığını, üzrsüz səbəbdən icra etmədiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borcundan hazırki tarixdə 200 (iki yüz) manat ödəniş edə biləcəyini bildirməsi və qalan borcu isə hər ay azı 200 manat olaraq ödəyəcəyinə söz verməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını və b Şəxs icra sənədinin icrasından yayınmayaraq borcdan 200 manat ödəniş etməyə hazır olması məhkəmə iclasında tədqiq edilmiş onun icra şöbəsində verdiyi izahatı, həmçinin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilmişdir. Həmçinin işin tədqiq edilən halları (Şəxs izahatı və X8 tərəfindən ) ilə müəyyən edilmişdir ki, aliment ödənişi icra şöbəsində qəbzə imza etdirilməklə tələbkara təqdim edilmişdir. Belə olan halda Şəxs ödəmək istədiyi aliment ödənişi də eyni qaydada tələbkara imza etdirilməklə təqdim edilə bilər və ya icra şöbəsinin depozit hesabına ödənilməklə tələbkara təqdim edilə bilər. Həmçinin işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, borclunun adına nəqliyyat vasitələri aşkar edilmişdir. Belə olan halda icra sənədi üzrə yaranmış borcun ödənilməsini təmin etmək üçün tələb həmin nəqliyyat vasitələrinə yönəldilə bilər. Məhkəmə iclasında Şəxs verdiyi izahata əsasən müəyyən edilmişdir ki, onun daha öncə yaranmış aliment borcunun icrasını təmin etmək üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, onun tərəfindən yaranmış borc ödənildikdən sonra qoyulmuş həbs götürülmüşdür. Belə olan halda əmlak üzərinə həbs qoyulmaqla icra sənədinin icrasının daha qısa müddət ərzində təmin edilməsinə nail olunar, Şəxs inzibati məsuliyyətə cəlb edilməklə icra sənədinin icrasını təmin edilməsindən daha real olan və tələbkarın mənafeyi baxımdan daha məqsədəmüvafiq olar. Həmçinin məhkəmə bir məqamı da diqqətə çatdırmağı zəruri hesab edir ki, daha öncə yaranmış aliment borcunun ödənilməsi üçün Şəxs məxsus olan 10LC496 dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobil üzərinə həbs qoyulmasına baxmayaraq, aliment borcu ödənilməklə əmlak üzərinə qoyulmuş həbs götürüldükdən sonra həmin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməməsi onun icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. Həmçinin işin müəyyən edilmiş halı da odur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə aliment ödənilməli olan uşaqların yetkinlik yaşına çatmış və Şəxs himayəsində azyaşlı uşağı vardır. Məhkəmə onu da qeyd edir ki, uşaqların yetkinlik yaşına çatması onu təbii ki aliment borcunu ödəmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə qeyd edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-5023/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5023/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver