Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5044/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xanlarova Züleyxa Ramis qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ev 2/4, mənzil 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan 3(007)-5044/2023 nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan 3(007)-5045/2023 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-5044/2023 nömrəsi saxlanılmışdır. 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 477/478 saylı ATS-nin inzibati binasında polis əməkdaşlarının ünvanına söyüşlər söymüşdür. 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 477/478 saylı ATS-nin inzibati binasında, X2 müraciəti əsasında araşdırılan material üzrə izahatının alınması məqsədilə Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə dəvət edilməsi zamanı, polis şöbəsinə getməkdən imtina etmiş, həmin vaxt polis əməkdaşları ilə sözlü mübahisə edib onlara qarşı əl-qol hərəkətləri etmiş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt Şəxs bu hərkətlərinin qarşısı alınaraq 24-cü polis şöbəsinə gətirildikdən sonra, həmin polis şöbəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən inzibati binasında öz hərəkətlərini davam etdirərək səs-küy salmış, onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X9 protokolların məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, büllütendədir, xəstədir. 28 sentyabr 2023-cü il tarixdə 33-cü polis şöbəsinin əməkdaşları onu saxlayıb 24-cü polis şöbəsinə gətirərək təhvil vermişlər. O, heç kəsi söyməmişdir. Ucadan danışa bilər, amma heç kimə qarşı nalayiq ifadə işlətməmişdir. Polislərlə mübahisə edib uzadan danışdığına görə səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı vardır. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatıçısı X4 izahatında göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X1 RPİ-nin 24-cü polis şöbəsinə müraciət edərək 24 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Şəxs adlı şəxsin evinə gələrək qapısının üstünə nalayiq yazılar olan kağız parçasını yapışdırmasını aşkar etməsi barədə məlumat vermişdir. Məlumat əsasında 28 sentyabr 2023-cü il tarixdə 24-cü polis şöbəsinin əməkdaşları birlikdə Şəxs işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 477/478 saylı ATS-də izahatının alınması məqsədilə polis şöbəsinə dəvət edən zaman Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərərək polis şöbəsinə getməkdən və polisin qanuni tələblərini yerinə yetirməkdən imtina etmiş, polis əməkdaşlarına əl-qol atmış, polisin ictimai nüfuzunu aşağı salan ifadələr işlətmişdir. Sonra isə Şəxs qarşı fiziki qüvvə işlədilərək polis şöbəsinə gətirilən zaman eyni qaydada polis şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili X7, şahid M.B.Mirzəyevlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs xırda xuliqanlıqla bağlı əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin təsiri altına düşmür. Belə ki, sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 477/478 saylı ATS-nin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin təsiri altına düşür, əməlin eyni zamanda xırda xuliqanlıq kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 24-cü polis şöbəsinin təhqiqatçısının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınsa da hazırkı 28 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol həmin xətaya münasibətdə tərtib edilməmiş, qeyd olunan şəxs həmin xətaya görə məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində tənbeh təbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, işdə Şəxs müqavilə əsasında vəkili iştirak etdiyindən dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5044/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5044/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver