Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5049/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 399-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 2023-cü ilin aprelmay aylarında tanışı Zərərçəkmiş şəxs müraciəti əsasında daxili işlər orqanlarında aparılan araşdırmalarla əlaqədar ona hüquqi yardım göstərəcəyi vədi ilə aldadaraq bunun müqabilində sonuncunun ümumilikdə 250 (iki yüz əlli) manat pulunu ələ keçirərək, dələduzluq yolu ilə özgə əmlakını talamış, bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs Zərərçəkmiş şəxs ona müraciət edərək daxili işlər orqanlarında olan müraciəti əsasında aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərməsini xahiş etməsindən sonra o, araşdırmada iştirak edəcəyi vədi ilə ondan ümumilikdə 250 (iki yüz əlli) manat pul almaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etmədiyi halda gəlir əldə etmək üçün vəkil adından istifadə etməklə Azərbaycan Respublikası İXMnin 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri E.Musayev tərəfindən xx.xx.2023-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs özünü ona vəkil kimi təqdim etmiş Şəxs tərəfindən aldadılaraq 250 manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Vəkillər X1 ünvanladığı şikayət ərizəsi xx.xx.2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olaraq araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs araşdırmaya verdiyi izahatında bildirmişdir ki, 2023-cü ilin aprel ayında Könül adlı şəxsin ona olan 7550 manat borcunun geri qaytarılması məsələsi ilə bağlı tanışı Şəxs müraciət etdikdə sonuncu özünü vəkil kimi təqdim edərək inandırmış və 2023-cü ilin aprel-may aylarında ondan görəcəyi işin müqabilində ümumilikdə 250 manat pul alaraq hər hansı bir müqavilə bağlamamış və yardım göstərməmişdir. Zərərçəkmiş şəxs şikayət ərizəsinə Şəxs ilə aralarında “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərilmiş yazışmaların və səs yazılarının əks olunduğu 1 ədəd “CD” diski, bundan başqa, 250 manat pulu Şəxs adına olan "xxxx" ASC- nin kart hesabına göndərməsi haqqında məlumatları əlavə etmişdir. Araşdırma zamanı qeyd olunan “CD” diskə baxış keçirilərək Zərərçəkmiş şəxs ərizə və izahatında göstərdiyi xüsusatlar təsdiqini tapmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin faktla əlaqədar aparılmış yoxlama nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 2023-cü ilin aprel-may aylarında tanışı Zərərçəkmiş şəxs müraciəti əsasında daxili işlər orqanlarında aparılan araşdırmalarla əlaqədar ona hüquqi yardım göstərəcəyi vədi ilə aldadaraq bunun müqabilində sonuncunun ümumilikdə 250 manat pulunu ələ keçirərək, dələduzluq yolu ilə özgə əmlakını talamış, bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs Zərərçəkmiş şəxs ona müraciət edərək daxili işlər orqanlarında olan müraciəti əsasında aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərməsini xahiş etməsindən sonra, o, araşdırmada iştirak edəcəyi vədi ilə ondan ümumilikdə 250 manat pul almaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etmədiyi halda gəlir əldə etmək üçün vəkil adından istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs ona özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etmiş və o, Camalın vəkil olduğunu bilmişdir. 12 il öncə boşandığı zaman ona hüquqi yardım göstərdiyinə görə Camalı tanımışdır. 2023-cü ilin aprel ayında Könül adlı tanışı ondan 7550 manat pul alaraq geri qaytarmadığına görə polisdə aparılan araşdırma ilə əlaqədar o, Şəxs yazaraq ondan vəkil xidməti göstərməsini xahiş etmişdir. Şəxs onu Vəkillər Kollegiyasının qarşısına dəvət etmiş və orada görüşmüşlər. Şəxs hüquqi yardım göstərilməsi ilə əlaqədar müqavilə bağlanması üçün ilkin olaraq 150 manat pul istəmiş, o, bununla razılaşaraq həmin pulu ona göndərmişdir. Pulu göndərdikdən sonra onunla “whatsapp” şəbəkəsi vasitəsilə əlaqə saxladıqda onu süründürərək işinə baxmamış, ona heç bir köməklik göstərməmiş, bundan başqa müqaviləni ona təqdim etməmişdir. Hər danışıqda vəd edərək guya istintaq orqanına gedəcəyini və yaxud xəstə olduğunu bildirmişdir. Bundan başqa 2023-cü ilin may ayında küçə ilə gedərkən tanımadığı bir qadınla üz-üzə gəlib toqquşmuş, qadının əlindəki telefon düşüb sındığına görə onun üzünə cırmaq atmışdır. O, “102” xidmətinə zəng etmiş və 25-ci Polis Şöbəsində araşdırma başlanılmışdır. Bu işi də Şəxs danışdıqda ona bildirmişdir ki, 100 manat pul göndərsin. O, Camalın sözünə inanıb hüquqi yardıma görə ona daha 100 manat pul göndərmişdir. Səs yazılarından birində Camal ona başqa vəkilə müraciət etsəydi bunun ona baha başa gələcəyini də demişdir. Həmçinin ondan alınan 7550 manat pulun geri qaytarıldıqdan sonra 2000 manatını Camala verəcəyini də bildirmişdir. Daha sonra vəziyyətin belə olduğunu görüb Vəkillər Kollegiyasına müraciət etdikdə onun vəkil olmadığını öyrənmiş və bu barədə ərizə ilə Kollegiyaya müraciət etmişdir. Səs yazılarını, “sms” yazışmalarını və qəbzləri də araşdırmaya təqdim etmişdir. Şəxs onu aldadaraq 250 manat pulunu ələ keçirmiş və qaytarmamışdır. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatət göndərərək, həmin inzibati işi “cinayət təqibindən kənar icraatlar idarəsindən” tələb edib onun təqdim etdiyi sübutlarla bir yerdə qiymətləndirib inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın rədd edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs adlı qadınla 14 ildir ailəvi tanışdır və 5-6 il bundan əvvələ qədər onun və onun ailəsi üçün məhkəmədə iddia ərizələri, o cümlədən də boşanma və aliment mübahisələri üzrə ərizə, şikayətlər tərtib etməklə köməklik etmiş, onlara hüquqi məsləhətlər vermiş, icra işlərini aparmış, heç vaxt da onlardan pul almamışdır. Onun isə Vəkillər Kollegiyası ilə həm əvvəllər, həm də hazırda məhkəmə çəkişmələri və mübahisələri vardır. Buna görə də Kollegiyanın rəhbəri onu şərləməyə adam axtarmış, belə birisini də tapmışdır. Belə ki, bu ilin aprel-may ayında 14 illik tanışı Zərərçəkmiş şəxs Vəkillər Kollegiyasına şikayət etmiş ki, sonuncu aprel ayında onun bank kartına bir dəfə 100 manat, ikinci dəfə isə 150 manat pul atmış ki, onun üçün polisə və sair yerlərə ərizə və şikayət yazsın. Guya o da əvəzində heç nə etməmiş və onun pulunu da qaytarmamışdır. Amma bu doğru deyil, köhnə tanış kimi Babayeva ona zəng edib, ona ərizə yazmağı və məsləhət verməyi xahiş etmişdir. O, heç bir pul görməmişdir. Vəkillər Kollegiyasının rəhbərliyi də öz qisasçılığını göstərmək üçün həmin qadından dərhal ərizə alaraq onun əməlində Azərbaycan Respublikası İXM-nin 399-cu maddəsinin “əlamətlərini” görmüş və Zərərçəkmiş şəxs şikayətini Korrupsiya İdarəsinə göndərmiş, hətta həmin 250 manata görə bəyanət də vermişdir. Korrupsiya İdarəsi də həmin ərizəni cinayət təqibindən kənar icraatlar idarəsinə göndərmiş, bu idarə isə onu vəkilsiz dindirmiş, barəsində İXM-in 399 və 277-ci maddələri qoyulan materialı məhkəməyə göndərmişdir. Heç bir sübut tələb etmədən, faktlar göstərmədən, müstəntiq “Elşən” onu dindirmək istəyəndə, vəkil tələb etmiş, amma vəkillə təmin edilməmişdir. Ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs onun kartına 100 manat və 150 manat iki dəfə pul atmışdır. Guya “whatsapp”da Babayevaya demişdir ki, "başqa vəkil səndən çox pul istəyərdi”. Bu isə guya o deməkdir ki, o, özünü Vəkillər Kollegiyasının vəkili kimi təqdim etmiş, ”Yəni qanunsuzluq etmiş, həm də xırda talama etmişdir”. Bu doğru deyil, Zərərçəkmiş şəxs 3 il onun yanında katibə işləmiş, onun bütün məhkəmə işlərində iştirak etmişdir. O, hələ 14 il bundan əvvəl də bilmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü deyildir. Bu 250 manat söhbəti isə Vəkillər Kollegiyasının quramasıdır, onun xəbəri olmadan bank kartına pul atmaq şər deməkdir. Bu yalandır, o, Babayeva ilə yalnız telefonda danışmış, o da öz dərdini telefonla deyib ondan ərizə yazmasını xahiş etmişdir. O, buna görə Babayevadan pul almamış, amma Vəkillər Kollegiyası və Baş Prokurorluğun əməkdaşları onu məcbur etmişlər ki, “sən de ki, Bağırzadə özünü vəkil kimi təqdim etmişdir”. Bu iftiradır, özünü vəkil kimi təqdim etmənin xüsusi bir mexanizmi var, bu düzünə qəsdlə edilən inzibati xətadır. “Whatsapp”-da şübhəli bir şəxsin səs yazıları sübut ola bilməz. Bu işdə İXM-nin 399 və 277-ci maddələrinin tərkibi yoxdur. Müstəntiq şifarişlə qərar çıxarmış, həm də onun müdafiə hüququnu pozmaqla və sair ciddi prosessual pozuntulara yol verməklə, ya da Baş prokurorluğun həmin idarəsi Mülki Məcəllədən xəbərləri yoxdur. O, insanlarla tapşırıq müqaviləsi münasibətində daxil olmaqla rəsmi və qanuni yollarla öz peşəsini həyata keçirir. Vəkillər Kollegiyasının üzvü olmadan da o, VÖEN vasitəsi ilə şəxslərə hüquq xidməti edir. Müqavilə bağlayır, çek verir, hesabat verir, amma bu zaman heç bir gəlir güdmür. O, Vəkillər Kollegiyasının üzvü olmasa da 1998-ci ildən rəsmi olaraq “pullu hüquqi” xidmətlə və “hüquq məsləhəti” üzrə fəaliyyət göstərmişdir. Buna görə onun 2 ədəd VÖEN-nü vardır. O, həmin VÖEN əsasında Azərbaycan Respublikası MM-nin 777- 786 maddələrinə uyğun vətəndaşlarla “Tapşırıq müqaviləsi” bağlayaraq onlara qanunun icazə verdiyi hüquqi və sair xidmətlər göstərmişdir. Bu barədə o, vətəndaşlara qəbz verir və gəlir vergisi ödəyir. Bu vəkillik deyil, belə bir qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-786-cı maddələrində öz əksini tapmışdır. Bu barədə onun müqavilə nümunələri, qəbz nümunələrini, VÖEN surətini, qəbz nümunələri və hətta 2012-ci ildən hazırkı vaxta qədər Yasamal, Xətai rayon məhkəmələrinin, Bakı Apellyasiya Məhkəməsinin və hətta Ali Məhkəmənin barəsində çıxardığı müsbət qərarların surətləri də vəsatətə əlavə edilmişdir. Bu sənədlərdən bəlli olur ki, onun fəaliyyəti tam qanunidir. Onun fəaliyyətini məhkəmələr dəfələrlə araşdırmış və xeyrinə müsbət qərar vermişlər. Bu barədə hətta Ali Məhkəmənin xx.xx.2018-ci tarixli, 2(102)-5989/2018 saylı presedent qərarı vardır. Bu qərarlarda göstərilir ki, onunla müştərilər arasında yaranmış hüquqi münasibət tam qanunidir. Onun fəaliyyəti barədə hətta cinayət qaydasında araşdırma da baş vermişdir. Amma onun əməli qanuni olduğuna görə barəsində heç bir cəza tədbiri görülməmiş, əksinə məhkəmə onun üçün kompensasiya tutmuşdur. Tapşırıq müqaviləsi bu vəkillik fəaliyyəti deyildir. Rəsmi vergi ödəyicisi olan hüquqşünasın həyata keçirdiyi “tapşırıq müqaviləsi” ilə vəkillik arasında oxşarlıq vardır, amma bu vəkillik deyil, burada gəlir əldə etmək yoxdur. Tapşırıq alan yalnız ona tapşırıq verənin, əvvəldən verdiyi tapşırıq xərclərinin hesabına onun işini görür, gəlir əldə etmək niyyəti olmur, amma vəkillərdə bu niyyət olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - “whatsapp” yazışmalarından görünür ki, +**********56 mobil nömrəsinə üzərində MR. JAMAL BAGİRZADA yazılan 4169-7388-6828-2918 bank kartının fotoşəkli göndərilmişdir. - “MPAY” ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:54-də "xxxx" ASC-nə aid 416973****2918 nömrəli kartın hesabına 120 manat pul ödənilmişdir. - "xxxx" KB ASC tərəfindən verilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nə aid 416973****2918 nömrəli kartın hesabına xx.xx.2023-cü il tarixdə, saat 17:38-də 30 manat pul, xx.xx.2023-cü il tarixdə, saat 10:24-də 100 manat pul köçürülmüşdür. - “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs 280 manat pensiya məbləği müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 399-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 399-cu maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 28.4.5-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadın və kişilərə ictimai işlər cəzası tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, 65 yaşına çatmış Şəxs İXM-nin 28.4.5 və 30.2-ci maddələrinə əsasən İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs tənbeh tədbiri tətbiq edilə bilməməsini, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 399-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3 və 34-1-ci maddələrinə əsasən cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 399-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3 və 34-1-ci maddələrinə əsasən 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5049/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5049/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver