Məhkəmə qərarları › İş №3(007)-5051/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5051/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5051/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi-Nümayəndə, nümayəndəsi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şikayətçi "xxxx" QSC-nin direktoru Orxan Bağırovun inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" QSC-nin direktoru Orxan Bağırov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin direktoru kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmiş və bu barədə DƏMX-i tərəfindən, MN ******* nörməli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 xx.xx.2023-cii il tarixində A-Kond 1 QSC-nin kadrlar şöbəsinə yaxınlaşaraq qaynaqçı vəzifəsinə işə düzəlmək üçün ərizə yazmışdır. Ərizə ilə birlikdə digər sənədləri kadrlar şöbəsinə təqdim etmişdir. Kadrlar şöbəsində mütəxəssislər tərəfindən ona işə qəbul edilməsi üçün qaynaq işlərinə aid bir neçə suallar verilmiş, suallara kafi cavab vermiş, eyni zamanda qaynaqçı peşəsini bilməsini təsdiqləyən hər hansı bir sənədinin (sertifikat, diplom) olub-olmaması soruşulmuş, o isə sənədinin olmasını bildirmiş, səhər gətirərəm deyərək kadrlar şöbəsindən çıxmış və bir daha geri qayıtmamışdır. Bu şəbədən də onun peşəkarlıq səviyyəsi yetərincə olmadığı bəlli olmuş və sistemdə əmək müqaviləsi işəgötürən tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası ƏƏSMN-i yanında DƏMX-ə göndərdiyimiz 3-17-5/1- 21539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubdan da göründüyü kimi X2 ilə cəmiyyət arasında xx.xx.2023-cü tarixində əmək müqaviləsi bağlanılması üçün “Əmək və məşğilluq” (ƏMAS) altsistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınsa da görəcəyi işin peşəkarlıq səviyyəsi qane etmədiyindən müvafiq bildiriş imzalanmamış və buna görə də qüvvəyə minməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Qeyd olunanlara əsaslanaraq "xxxx" QSC-nin direktoru barədə xx.xx.2023-cü il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib işin icraatına xitam verilməsini xahiş etmişdir. "xxxx" QSC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, X7 xx.xx.2023-cü il tarixdə A-Kond 1 QSCnin kadrlar şöbəsinə yaxınlaşaraq qaynaqçı vəzifəsinə işə düzəlmək üçün ərizə yazmışdır. Ərizə ilə birlikdə digər sənədləri kadrlar şöbəsinə təqdim etmişdir. Kadrlar şöbəsində qaynaqçı peşəsini bilməsini təsdiqləyən hər hansı bir sənədinin (sertifikat, diplom) olubolmaması soruşulmuş, o isə sənədinin olmasını bildirmiş, səhər gətirərəm deyərək kadrlar şöbəsindən çıxmış və bir daha geri qayıtmamışdır. Bu səbəbdən də onun peşəkarlıq səviyyəsi yetərincə olmadığı bəlli olmuş və sistemdə əmək müqaviləsi işəgötürən tərəfindən imzalanmamışdır. Eyni zamanda cəmiyyətlə X8 arasında əmək münasibəti olmamış və o, heç vaxt cəmiyyətdə işləməmişdir. X2 ilə cəmiyyət arasında xx.xx.2023-cü tarixdə əmək müqaviləsi bağlanılması üçün “Əmək və məşğulluq” (ƏMAS) altsistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınsa da görəcəyi işin peşəkarlıq səviyyəsi qane etmədiyindən müvafiq bildiriş imzalanmamış və buna görə də qüvvəyə minməmişdir. Əmək Məcəlləsinin məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İşin hallarından göründüyü kimi bildirişin qeydiyyata alınması barədə işəgötürənə elekton qaydada məlumat göndərilməmişdir. Bu səbəbdən də, "xxxx" QSC-nin inzibati xəta törətməsi barədə təqsirliliyi sübuta yetirilmir. X9 Sərxan tərəfindən təqdim edilmiş əmək haqqının ödənilməsinə dair aktda qeyd olunanlar reallığı əks etdirmir, belə ki, aktda qeyd olunan imzalar saxtalaşdırılmış, onlar A-Kond-1 QSC-də çalışan həmin şəxslərə mənsub deyildir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, X2nun 23 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" QSC tərəfindən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsinin bağlanılmaması və elektron informasiya sisteminə daxil edilməməsi faktı aşkardır. İşçinin işə cəlb olunması vətəndaş tərəfindən təqdim olunmuş videoçəkiliş materialı və işçiyə əmək haqqının ödənildiyini təsdiq edən aktla sübut olunur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında A Kond-1 QSC-nin baş mühəndisi vəzifəsində çalışan X12 izahat verərək X5 tanımadığını, A Kond QSC-də çalışmadığını bildirmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən A-Kond -1 QSC-nin direktoru X13 vətəndaş X5 xx.xx.2023-cü il tarixdən əmək müqavilsəi hüquqi qüvvəyə minmədən işə cəlb olunmasına baxmayaraq onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməməsinə görə qanunvericiliyin tələbləri pozulmuş, buna görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2nun "xxxx" QSC-yə qaynaqçı işinə qəbul olunaraq işləməsi, lakin onunla əmək müqaviləsi bağlanılmaması və elektron informasiya sisteminə daxil edilməməsi işin mübahisəsiz halıdır, bu hal, QSC-nin direktorunun rəsmi məktubunun özü ilə etiraf edilir, bundan başqa QSC-nin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib olunmuş akt əsasında həmin şəxsin işlədiyi göstərilməklə yanaşı əmək haqqı olaraq 750 manat pul ödənilmişdir. Eyni zamanda, təqdim edilmiş video görüntüdən də görünür ki, X1 Respublikasının ayırdığı vəsait hesabına tikilən məktəb binasında "xxxx" QSC-nin işçisi olaraq gördüyü qaynaq işləri barədə məlumat verir, habelə orada işləyən özbək ustaları da nümayiş etdirir. Hansı ki, bu video görüntülərin şübhə altına alınması, mötəbər olmayan sübut qismində yanaşılması üçün əsaslar yoxdur, nəzərə alınmalıdır ki, kənar şəxslər belə tikinti sahələrinə, həmçinin həmin tikinti işləri işğaldan azad edilmiş Füzuli şəhərində həyata keçirildiyindən, iş və ya digər xüsusi icazəsi olmayan şəxslər həmin ərazilərə buraxılmırlar, ona görə də X3 da işçi kimi qeydiyyatdan keçirilib icazəsi olmadan qeyd olunan ərazilərə, tikinti sahəsinə getməsi mümkünsüz olardı. "xxxx" QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt isə belə sübutlar fonunda mötəbər sübut qismində qəbul edilə bilməz, ona görə ki, həm QSC-nin direktorunun yuxarıda istinad olunan etiraf məktubu mövcuddur. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin direktoru Orxan Bağırov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 11291063 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar