Məhkəmə qərarları › İş №3(007)-5063/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5063/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5063/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 15 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 16901802 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 15 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 16901802 nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixli EQ 16901802 nömrəli elektron qərar tərtib edilərək, İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmağa görə 20 AZN cərimə olunmuşdur. EQ 16901802 nömrəli elektron qərara əlavə edilmiş foto şəkillərə nəzər saldıqda açıq aydın görünür ki, idarə etdiyi **-UF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Terracan” markalı avtomobil sürücü içərisində olmaqla yolun hərəkət hissəsində yol ayrıcında əsas yola perpendikulyar vəziyyətdə dayanmışdır. Digər çəkilmiş foto şəkildə onunla birgə hərəkət edən iki ədəd “Opel” markalı avtomobil əks olunmuşdur. Qoşmada əlavə edilmiş və tərəfindən ərazidə çəkilmiş foto şəkildə ərazidə qeyd olunan STOP (dayanmadan hərəkət qadağandır) 2.5 yol nişanı quraşdırılmışdır ki, bu da həmin ərazidə baş yola daxil olmağı üçün onun və digər hərəkət iştirakçılarının qeyd olunmuş nişanın tələblərinə riayət edilməsinə zəmin yaradır. Xüsusi texniki vasitələrin çəkdiyi şəkillərə diqqətlə nəzər saldıqda açıq aşkar görünür ki, avtomobilin arxasında sağ hissədə qırmızı rəngli avtomobil dayanma və durma əməliyyatını icra edir. Burada bir ziddiyyət yaranır ki, hərəkətdə olan avtomobilə EQ tərtib olunur, lakin dayanma durma icra edən qırmızı rəngli avtomobil məsuliyyətdən kənarda qalır. Ərazi üzrə məsələ ilə bağlı Nizami rayon DYP idarəsinə yaxınlaşmış, EQ üzrə bildirilmişdir ki, texniki səhv olub, digər avtomobilin cəriməsi ona tətbiq olunub. Sözügedən məsələyə hüquqi baxımdan yanaşılmasını, baş vermiş mövcud halı və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən texniki səhv olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 16901802 nömrəli elektron qərarın etibarsız hesab edilməsi və qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 15 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 16901802 nömrəli inzibati xəta haqqında qərarından və ona əlavə olunan fotoşəkillədən görünür ki, F8:4D:FC:33:EC:29 nömrəli müşahidə kamerası ilə qeydə alınmış görüntülərə əsasən Nizami rayonu, Q.Qarayev prospektində 15 sentyabr 2023-cü il tarixdə saat 15:33:09-da dayanma və durma qaydalarını pozduğuna görə, “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X1 idarə etdiyi “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15 sentyabr 2023-cü il tarixdə saat 15:33:09-da Nizami rayonu, Q.Qarayev prospektində dayanma və durma qaydalarını pozması işdə olan F8:4D:FC:33:EC:29 nömrəli müşahidə kamerası ilə qeydə alınmış fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinə əsasən aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, X2 istifadəsində olan “Hyundai Terracan minik” markalı **- UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni Nizami rayonu, Q.Qarayev prospektində 15 sentyabr 2023-cü il tarixdə saat 15:33-də nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İstinad olunan xəta foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, xüsusi texniki vasitənin məlumatı müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülmüş, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsaslı hesab edəcək sübut qismində CD diskə əlavə edilmiş qaydada videogörüntüləri məhkəməyə təqdim etmişdir. Həmin görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, X2 görüntüləri xətanın qeydə alındığı anda deyil, digər bir vaxtda videoçəkiliş aparmaqla (mobil telfon və s.) çəkmişdir. Aydın olur ki, qeydə alınma yeri inzibati xətanın qeydə alındığı yerdə çəkilmişdir, həmin vaxt nəqliyyatın Q.Qarayev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkəti tıxacla müşayiət olunur, nəqliyyat vasitələri Q.Qarayev prospektinə daxil olmaq üçün dayanıb gözləyirlər, yol boşaldığı və hərəkətə başlamağa təhlükə olmadığı halda Q.Qarayev prospektinə daxil olmaqla hərəkətlərini davam etdirirlər. Lakin həmin videogörüntülərdən fərqli olaraq, qərarın qəbul edilməsinə əsas verən sübutlara, yəni foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş fotogörüntülərə diqqət yetirildikdə, videogörüntülərin sübut qismində qəbul edilməsinin yolverilməz olduğu müəyyən olunur. Belə ki, xətanın qeydə alınma vaxtları aşağıdakı kimi olmuşdur: 1) xx.xx.2023 15:33:09; 2) xx.xx.2023 15:33:14; 3) xx.xx.2023 15:36:19; 4) xx.xx.2023 15:36:23. Saat 15:33:09-da qeydə alınmış fotogörüntüdən aydın olur ki, “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Q.Qarayev prospektinə daxil olan küçənin döngəsində, əyintili hissəsində dayanmışdır, sürücü sükan arxasında sola doğru baxır, həmin anda onun Q.Qarayev prospektinə daxil olaraq yoluna davam etməsinə hər hansı maneə yoxdur, prospektdə hər hansı tıxac qeydə alınmamışdır. Saat 15:33:14-də qeydə alınmış fotogörüntüdən aydın olur ki, “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Q.Qarayev prospektinə daxil olan küçənin döngəsində, əyintili hissəsində dayanmışdır, sürücü sükan arxasında sol əlini üzünə söykəməklə irəli doğru baxır, həmin anda onun Q.Qarayev prospektinə daxil olaraq yoluna davam etməsinə hər hansı maneə yoxdur. Saat 15:36:19-da qeydə alınmış fotogörüntüdən aydın olur ki, “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Q.Qarayev prospektinə daxil olan küçənin döngəsində, əyintili hissəsində dayanmışdır, sürücü sükan arxasında başı aşağı baxır, həmin anda onun Q.Qarayev prospektinə daxil olaraq yoluna davam etməsinə hər hansı maneə yoxdur, prospektdə hər hansı tıxac qeydə alınmamışdır. Saat 15:36:23-də qeydə alınmış fotogörüntüdən aydın olur ki, “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Q.Qarayev prospektinə daxil olan küçənin döngəsində, əyintili hissəsində dayanmışdır, sürücü sükan arxasında başı aşağı baxır, həmin anda onun Q.Qarayev prospektinə daxil olaraq yoluna davam etməsinə hər hansı maneə yoxdur, prospektdə hər hansı tıxac qeydə alınmamışdır. Göründüyü kimi, saat 15:33:09-dan başlayaraq saat 15:36:23-dək davam edən 4 dəqiqəyə yaxın müddət ərzində “Hyundai Terracan minik” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Q.Qarayev prospektinə daxil olaraq yoluna davam etməsinə hər hansı maneə olmamış, prospektdə hər hansı tıxac qeydə alınmamışdır. Belə olan halda, X1 irəli sürdüyü dəlillər qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 15 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 16901802 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 15 sentyabr 2023-cü il tarixli, EQ seriyalı, 16901802 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar