Məhkəmə qərarları › İş №3(007)-5065/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5065/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5065/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “Toyota Prado” markalı 90-0J-030 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində hərəkətdə olarkən qarşısındakı avtomobil dayanmış və o da dayanmışdır. Bu zaman arxasında 1 maşın sonra dayanmış “Toyota Camry” markalı avtomobil 1.1 xəttinin tələbini pozaraq sağ zolağa çıxmış və o, hərəkətə başlayan zaman onun zolağına girərək qarşısına çıxmış və onun avtomobilinin sağ ön qanadı ilə “Camry” markalı avtomobilin sol arxa qanad hissəsi toqquşmuşdur. Hadisə yerinə DYP əməkdaşı gəlmiş və səhəri gün Bakı şəhər DYP-nə getmiş, izahatı alındıqdan və kameraya baxıldıqdan sonra qarşı tərəfə protokol yazılmışdır. 28 sentyabr 2023-cü ildə yenidən DYP-nə çağırılmış və ona bildirilmişdir ki, “Camry” markalı avtomobilin sürücüsünə yazılmış protokol və verilmiş qərar ləğv edilib, ona protokol yazılacaqdır. O, etiraz etmiş və bildirmişdir ki, əgər kimin hansı qaydanı pozduğunu müəyyən edə və ya hadisənin kimin qaydanı pozması nəticəsində baş verdiyini bilmirlərsə, avto texniki ekspertiza keçirilsin və ona uyğun olaraq qərar qəbul edilsin. DYP əməkdaşı heç bir araşdırma etmədən ona protokol yazmış və onu yola salmışdır. Onun hərəkətinmdə yol hərəkəti haqqında qanunun hansı maddəsinin pozuntusu olduğu belə ona bildirilməmişdir. Odur ki, hesab edir ki, həmin qərar qanunsuz tərtib edildiyindən, onun hərəkətində heç bir inzibati xəta olmadığından ləğv edilməlidir. Cərimə olunması üçün təqsiri sübut olunmalıdır. Çünki İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Ona yazılmış protokol əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozma ilə əlaqədardır ki, bu da o, sağa və ya sola dönərkən sağında və ya solunda olan avtomobilə yol vermədiyi halda yazıla bilər. O, yer dəyişmə etmədən, yəni zolaq dəyişmədən hərəkətini davam etdirmişdir ki, bu da heç bir qanunun tələbini pozmur. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ YNH baş inspektoru X3 tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, “Toyota Camry” markalı **-DE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisəyə görə təqsirli bilinməsi barədə qərardan şikayət verməsindən və işə məhkəmədə baxılmasından məlumatlı olmamış, artıq işə apellyasiya qaydasında da baxıldığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 3(007)-1279/2023 nömrəli qərarını mübahisələndirmək imkanından məhrum olmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemi çəkilməmiş, ekspertiza keçirilməmiş, kamera görüntülərinə baxış keçirilməmişdir. Hansı ki, məhkəmədə baxılmış digər işdə kamera görüntüləri vardır. Qeyd etdiklərini, onun inzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, şikayətdə qeyd olunan “Toyota Camry” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin onun barəsindəki 16 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 3(007)-1279/2023 nömrəli qərarı ilə şikayət təmin olunaraq inzibati tənbeh vermə haqqında həmin qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Tərəflərindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(103)-716/2023 nömrəli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarlarının qəbul olunmasından sonra yol-nəqliyyat hadisəsinin ikinci iştirakçısı X1 barəsində həmin xətaya görə protokol tərtib olunaraq inzibati qaydada tənbeh olunması barədə qərar çıxarılmışdır. Şikayətin əsassız olduğunu nəzərə alaraq, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X1 05 yanvar 2023-cü il tarixdə saat 19:00-da Nizami rayonu, İ.Nəsimi küçəsində “Toyota Land-Cruiser-Prado minik” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə”klə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan digər sürücünün təqsirli bilinərək inzibati qaydada tənbeh olunması barədə qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsinə dair məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra, X4 ilə bağlı belə nəticəyə gəlinmişdir. Hansı ki, müvafiq sübutlar götürülüb tədqiq edilmədən, yalnız ehtimallar əsasında qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan digər sürücünün təqsirli olmaması barədə məhkəmə qərarı özlüyündə, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan digər sürücünün, yəni X1 təqsirli olması və onun əməlinin məhz Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın təsiri altına düşməsi barədə qənaətə gəlinməsinə əsas vermir. Hətta, belə əsaslar vardırsa belə, araşdırma aparılarkən inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamalı idi. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar qəbul edilərkən hər hansı araşdırma aparılmasına zərurət belə görülməmişdir. Halbuki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 3(007)- 1279/2023 nömrəli işin materiallarında inzibati xətanın qeydə alınmış videogörüntüləri mövcuddur, inzibati orqanın özünün belə sübutu əldə etmə imkanı texniki cəhətdən mümkün olmadığı halda, məhkəməyə rəsmi qaydada müraciət olunaraq həmin videogörüntünün əldə edilməsi və X1 iştirakı ilə tədqiq olunması təmin edilə və yalnız bundan sonra qərara gəlinə bilərdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı hallar müəyyən edilməli və hüquqi qiymət verilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Ona görə məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 05 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 05 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar