Məhkəmə qərarları › İş №3(007)-507/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-507/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-507/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti ev 34/194, mənzil 105-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ev 1, mənzil 177-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 22 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 22 fevral 2022-ci il tarixdə saat 09:15-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin polis sahə inspektoru X8 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 09:20 radələrində idarə etdiyi “Porche” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, M.Əliyev küçəsində hərəkətdə olarkən “Ay işığı” restoranının qarşısında yol polisi tərəfindən saxlanılmışdır. Bundan sonra barəsində əsassız protokol tərtib edilmiş, avtomobildə videomüşahidə gördükdə isə post-patrul xidmətindən əməkdaşlar çağıraraq onu polis şöbəsinə aparmışlar. Avtomobildə videoregistratorun olması qanunsuz deyil, sadəcə onu dayandıra bilməmiş, avtomatik çəkiliş getmişdir. Polislər isə hesab etmişdir ki, onları çəkmək üçün işə salmışdır. Saxlanılan vaxt polislərə hədə-qorxu gəlməmiş, qanunsuz iş görməmiş, polislərin tələbinə tabe olmuşdur. Polislərlə aralarında anlaşılmazlıq yarandığını, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXAnın YPX baş inspektoru X1 izahatında göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 09:15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmət apararkən “Porche” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr etmə qaydasını pozduğunu müəyyən edərək tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah etdikdə, sürücü xüsusi texniki vasitə olan kamera ilə çəkiliş aparmağa başlamış, “sizin kimiləri sosial şəbəkələrdə işıqlandıracam” deyərək onlara hədə*qorxu gəlmişdir. Sürücüyə dəfələrlə xəbərdarlıq edərək özünün intizamlı aparmasını, xidməti fəaliyyətlərini çəkilişlə qeydə almasını yol verilməz olduğunu nəzərinə çatdırmalarına baxmayaraq, sürücü onların qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini, hədələrini davam etdirərək bu dəfə “sizə ciddi problem yaradacağam” demişdir. Sürücünün qanunsuz hərəkətlərinin qarşısını ala bilmədiklərinə görə ərazi üzrə post-patrul xidmətindən kömək çağırmış və sürücünü 25-ci polis şöbəsinə dəvət edərək barəsində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Müəyyən edilmişdir ki, həmin sürücü Şəxsdur. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri X3, şahid S.R.Süleymanovun izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında müəyyən edilərək tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur, ona görə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəxs hazırkı işlə bağlı 22 fevral 2022-ci il tarixdə saat 12:00-da tutulmuşdur, lakin bu tutma müddəti bir neçə saat ərzində davam etdiyindən inzibati cərimə növündə tənbeh tətbiq edilərkən İXM-nin 31.4-1-ci maddəsinin müddəalarının tətbiqi üçün əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar