Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5077/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkarlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1526/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 10000 manat məbləğində borc və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1707/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 25000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarlarla icra sənədləri üzrə icraata başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1526/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(007)-1707/2022 saylı icra sənədlərini icra etməmiş, bu səbəbdən tələbkar Zərərçəkmiş şəxs1 10120 manat, Zərərçəkmiş şəxs2 25165 manat borcu yaranmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1526/2022 və xx.xx.2022-ci il tarixli, 2(007)-1707/2022 saylı icra vərəqələri üzrə icra işi mövcuddur, icra sənədlərinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan ödənişlər etməmiş, bu günkü günə Zərərçəkmiş şəxs1 10120 manat, Zərərçəkmiş şəxs2 25165 manat borcu vardır. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Həmçinin borclu hazırda axtarış nəticəsində tutulmuş, izahatı alınmış, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclu Zərərçəkmiş şəxs2 olan borcundan 9800 manat ödəniş etmiş, sonuncu ödənişi isə xx.xx.2025-ci il tarixdə 200 manat olmaqla ödəmişdir. Borclu Zərərçəkmiş şəxs1 olan borcundan isə 6400 manat ödəniş etmiş, lakin tələbkar həmin pulun 3900 manatını özünə ödənildiyini bildirib qəbul edir, 2500 manatını isə keçmiş arvadına ödənildiyini bildirir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 bildirdi ki, borclu ona olan borcundan təqdim etdiyi qəbzlərə əsasən 4000 manat ödənildiyi göstərilsə də, bununla razılaşmır, həmin qəbzlər onda şübhə yaradır və onları dəqiqləşdirəcək. Həmçinin 2500 manat onun keçmiş arvadına ödənilmiş, onlar 2 il olar ki, boşanmış, Şəxs onun keçmiş arvadına da borcu olduğundan onun ödədiyi 2500 manat həmin borcla əlaqədar ödənilmişdir. Ümumiyyətlə isə borcun tam şəkildə ödənilməsini tələb edir, hissə-hissə ödənilməsinə razı deyil. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 bildirdi ki, borcluya ümumilikdə 71000 manat borc pul vermiş, 25000 manat borca dair məhkəmə qətnaməsi var, 46000 manat dair isə məhkəməyə müraciət edəcəkdir. Borclu ona olan 25000 manat borcundan 8700 manat ödəniş etmişdir. Lakin o, borcun tam şəkildə ödənilməsini tələb edir, hissəhissə ödənilməsinə razı deyil. Məhkəmə iclasında borclu Şəxs məhkəməyə təqdim etdiyi yazılı etirazların məzmununa uyğun izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 olan 10000 manat borcundan 6400 manat ödəniş etmişdir. Bu məbləğin müəyyən hissəsini Orxanın öz xahişi ilə arvadı Məhərrəmova Nərgizin adına olan karta ödəmişdir. Həmçinin dostu İmran Kərimovun adına olan kart vasitəsi N.Məhərrəmovanın adına olan karta pul göndərmişdir. Zərərçəkmiş şəxs1 sonuncu dəfə noyabr ayında ödəniş etmişdir. Zərərçəkmiş şəxs2 olan 25000 manat borcundan isə 9800 manat ödəniş etmişdir. Bu məbləğin 1270 manatını poçtla, 900 manatını e-manat ödəmə sistemi ilə, qalan məbləği isə kart vasitəsilə ödəmişdir. Zərərçəkmiş şəxs2 sonuncu dəfə oktyabr ayında ödəniş etmişdir. Ümumiyyətlə hər ay ödənişlər edir, orta hesabla hər ay 300 manat ödəyir. O, məhkəmə qərarını icra etməkdan yayınmır və imkanı daxilində ödənişlər edir. Həmin məbləğləri birdəfəlik ödəməyə maddi imkanı yoxdur, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Azərbaycanda daimi işi yoxdur. İşsiz qaldığına görə və borcunu ödəyə bilməyi üçün Polşa dövlətində iş tapmış, bu barədə həm tələbkara, həm də icra məmuruna məlumat vermişdir. Orada işləyib həm ailəsinə pul göndərir, həm də borcunu ödəyir. Keçən ay iş zamanı özündən getmiş, yıxılmış, bu hal bir neçə dəfə təkrar olmuş və iş yerindən onu məcburi müalicəyə göndərmişlər. Polşada xaricilər üçün müalicə çox ağır olduğu üçün məcbur qalıb Bakıya gəlmiş, müayinə zamanı baş beynində onkoloji xəstəlik - şiş müəyyən edilmiş, müalicəyə başlamış, lakin buna çoxlu pul tələb olunmuşdur. Eyni zamanda o, 2019-cu ildən ruhi-əsəb xəstəliklərindən əziyyət çəkir. Ona "şizofreniya paranoyid forması" diaqnozu qoyulmuşdur. Bakı şəhəri 26 saylı poliklinikada ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır. Bütün bu çətinliklərə baxmayaraq o, borcu ödəmkdən yayınmır və az-çox ödəmə aparır. Tələbkarlara vicdanla yanaşır, heç kimdən qaçmır, tələbkarlarla və icra məmuru ilə telefonda danışır və vəziyyəti başa salır. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, borclu borcun ödənilməsindən qərəzli olaraq yayınmır, ödənişlər edir. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə və icra məmurunun izahatına əsasən borclu Zərərçəkmiş şəxs1 olan borcundan 6400 manat (sonuncu dəfə xx.xx.2025-ci il tarixdə - 200 manat olmaqla), Zərərçəkmiş şəxs2 olan borcundan isə 9800 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkarlara müəyyən məbləğlərdə ödənişlər etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 06 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 66 manat əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 06 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 66 (altmış altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5077/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5077/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver