Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5089/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Qazax rayonu, Əli-bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işçi X1 qısa müddətə pozulmasına səbəb olan “az ağır” zərərvurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə baş verərkən orada olmadığını, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək barəsində inzibati xətaya dair icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, şəxs özü əməyi təhlükəsizliyi ilə bağlı cavabdeh şəxs olduğunu bildirmişdir. Əmək təhlükəsizliyi ilə bağlı təlimat və həmin vaxtı işçilərə nəzarət edən şəxs olmalı idi. İşçinin hadisə olan vaxtı əlçəyi olmasına baxmayaraq izahatında əlcəyi çıxarıb işlədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 320 saylı rəyin nəticə hissəsindən görünür ki, X4 əlin qan dövranının pozulması, ovuc səthi və əllərin qövsünün zədələnməsi və medisn sinirinin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ əlin İV, V barmaqların əsas falanqa səviyyəsində amputasiyası, İİ, İİİ barmaqların səthi və dərin bükücü vətərlərinin kəsilməsi, İ barmağın bükücü vətərləri kəsilmiş, qeyd olunan xəsarətlər iti kənara malik olan əşyanın (ola bilsin ki elektrikli mişarın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, 24-3-2-2/316-0281 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 162-ci və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 20 iyun 2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Belə ki İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işin əxitam verildikdə lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1969-cu il tarixdə Qazax rayonu, Əli-bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-5089/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5089/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver