Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-51/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ucar rayonunun Bərguşad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs "xxxx" ASC-nin Nizami RETSİ-nin İstismar şöbəsinin mühəndisi Şəxs 24 avqust 2023-cü il tarixində "xxxx" ASC-nin Nizami RETSİ-nin Şərq yarımstansiyasında yerləşən transformatorda təmizlik işlərinin aparılması zamanı müvafiq təşkilati və texniki tərkibli tədbirlər görülməsini həyata keçirməli olduğu halda, sonuncu tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.1 və 3.1.1.1-ci bəndlərinin tələblərinin pozulması nəticəsində ehtiyatsızlıqdan "xxxx" ASC-nin Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik çilingəri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, "xxxx" ASC-nin Nizami RETSİ-nin İstismar şöbəsinin mühəndisi vəzifəsində işləyir. Onun rəhbərliyi altında 24 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində təmir briqadası sınaq işlərinin aparılması ilə əlaqədar Şərq yarımstansiyasinda əvvəlcədən verilmiş plan qrafika və sifarişə əsasən 2 nömrəli transformatorun sınaq işlərini aparmaq üçün getmişdir. Növbətçi heyət naryadda göstərilmiş təhlükəsizlik tədbirlərini yerinə yetirərək 2 nömrəli transformatoru tam açaraq torpaqlayıb təhlükəsizlik plokatlarını açıb çəpərləri qoyduqdan və briqadaya da təlimat keçdikdən sonra ərazini naryadlarla birlikdə ona təhvil vermişdir. O, öz növbəsində iş yerinin tam və düzgün hazırlandığını görüb briqadanı təlimatlandırdıqdan sonra naryadı təhvil almışdır. Daha sonra o, elektrik çilingəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs və həmin vəzifədə işləyən Röyal Ağakişiyevə gedib “AzərSu Tikinti” xəstəxanasının həyətindən taxta nərdivanı gətirmələrini tapşırmışdır. O, bu barədə göstəriş verdikdə onlar hələ işə başlamamışdılar. Onlar nərdivanı əllərində gətirdikdə, nərdivanı bir yerə söykəyib və ya bir yerə qoyub gəlib su içmələrini istəmişdir. Bu vaxt Zərərçəkmiş şəxs və Röyal Ağakişiyev əllərində gətirdikləri nərdivanı ona xəbər vermədən, hazırlanmış iş yerindən kənar yarımstansiyanın həyətində olan digər avadanlığın, gərginlik altında giriş kabelinin portalının dayağına söykəmişlər. O, bunu görməmişdir. Əgər bunu görsəydi, müdaxilə edərdi. Qəfil partlayış səsi eşitdikdə Zərərçəkmiş şəxs yerdə uzandığını, Röyalın bir qədər kənarda olduğunu, onlara tərəf gəldiyini görmüşdür. Dərhal müdaxilə edib Ziyanı xəstəxanaya aparmışlar. Ziya ona bu barədə tapşırıq verilməsə də, nərdivanı qoyacağı yeri düzgün seçmədən nərdivanı aparıb həmin yerə qoymuş, yüksək gərginlikdə olan kabelin məsafəsi pozulduğundan taxta nərdivan həmin xəttə çox yaxınlaşdırıldığı üçün partlayış baş vermiş, nəticədə elektrik qövsünün yaratdığı alovlar Ziyanı yandıraraq xəsarət yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində iş geyim forması olmuşdur. İşə başlamazdan əvvəl o, Zərərçəkmiş şəxs təhlükəsizliklə əlaqədar təlimat keçmişdir. Həmin zaman orada yalnız taxta nərdivan olmuşdur. Hadisə zamanı onlar hələ işə başlamamışdılar. O, Ziya və Röyala sadəcə nərdivanı gətirib bir yerə qoymalarını demişdir. Ziya və Röyalın nərdivanı oraya qoymasını düşünməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, "xxxx" ASC-nin Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik çilingəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə mühəndis Şəxs tapşırığı əsasında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Nizami RETSİ-nin Şərq yarımstansiyasına işləmək üçün getmişdir. O, iş yoldaşı ilə birlikdə “AzərSu Tikinti” xəstəxanasının həyətindən taxta nərdivanı gətirib yalnışlıqla hasarın dibində olan üzərində kabel sonluğu bağlanmış dəmir dayağa söykəmişdir. Taxta nərdivanla yuxarıya doğru qalxan zaman kabel sonluğu tərpəndiyi üçün qısaqapanma nəticəsində qollarından və bədənindən yanıq xəsarətləri almışdır. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 1118 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözün keratokonyuktiviti ilə müşayiət olunan hər iki göz qapaqlarının, sol bazunun və saidin ön səthinin (4,0%), döş qəfəsinin yuxarı şöbəsinin ön səthinin (3,0%), qarnın yuxarı şöbəsinin ön səthinin (2,0%), sağ bazunun bayır səthinin (1,0%), sağ dirsəyin və saidin arxa səthinin (3,0%) İİ-İİİ dərəcəli elektrotermiki yanıq izləri vardır. Həmin xəsarətlər - yüksək gərginlikli elektrik cərəyanın termiki təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 24 avqust 2023-cü il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə görə həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-10/8966 saylı rəyinin nəticə hissəsindən görünür ki, Nizami RETSİ-nin Şərq yarımstansiyasında yerləşən transformatorda təmizlik işlərinin aparılması zamanı müvafiq təşkilati (iş zamanı nəzarət) və texniki (gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsi və təhlükəsizlik plakatlarının asılması) tərkibli tədbirlər görülmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.1 və 3.1.1.1-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Nizami RETSİ-nin Şərq yarımstansiyasında yerləşən transformatorda təmizlik işlərinin aparılması zamanı həmin işin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati (iş zamanı nəzarət) və texniki (gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsi və təhlükəsizlik plakatlarının asılması) tərkibli tədbirlər görülməsini həyata keçirmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.1 və 3.1.1.1 bəndlərinin tələbləri 250 nömrəli naryad-buraxılışa əsasən həmin işin görülməsinə iş rəhbəri və iş icraçısı təyin edilmiş "xxxx" ASC-nin Nizami RETSİ-nin İstismar şöbəsinin mühəndisi Şəxs tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-51/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-51/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver