Məhkəmə qərarları › İş №3(007)-510/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-510/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-510/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 23.01.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində Şəxs idarə etdiyi “X6” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman X1 idarə etdiyi “Volkswagen Jetta” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, zərbənin təsirindən “Volkswagen” markalı avtomobil qarşıya gedərək “Toyota Prius” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri inspektoru, polis leytenantı T.M.Kamranzadə tərəfindən 17.02.2022-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 23.01.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində idarə etdiyi “X6” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olan zaman Şərifli küçəsində qarşıda dayanmış vəziyyətdə olan “Volkswagen” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Dərhal avtomobilin əyləcini bassa da idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Volkswagen” markalı avtomobili vurmuşdur. Zərbənin təsirindən “Volkswagen” markalı avtomobil qarşıya doğru hərəkət edərək qarşıda dayanmış “Toyota Prius” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, “Volkswagen” markalı avtomobildəki sərnişin xəsarət almışdır. Hadisədən sonra zərərçəkmiş şəxslə əlaqə saxlamış, zərərçəkmiş Solmaz xanımın həyat yoldaşı onunla kobud danışmışdır. Dəymiş ziyanla əlaqədar sığorta şirkəti tərəfindən Solmaz xanıma kart verilmiş, imza edərək kartı götürmüşdür. 3-7 iş günü ərzində sığorta şirkəti tərəfindən həmin karta pul köçürülməli idi. 34 ildir avtomobil idarə edir, ilk dəfədir ki, belə hadisə baş vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxladıqda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini, Şəxs qarşı şikayəti olduğunu bildirmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin və Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/1033 saylı, 23.01.2022-ci il tarixli protokoldan görünür ki, 23.01.2022-ci il tarixdə saat 17:10-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 25.01.2022-ci il tarixli, 66 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, ənsə nahiyəsinin hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.01.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01.02.2022-ci il tarixli, 8/273 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “X6” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - AB seriyalı, 496687 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 28.12.2012-ci il tarixdə 28.12.2022-ci il tarixədək etibarlı olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12.02.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23.01.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində idarə etdiyi “X6” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq X1 idarə etdiyi “Volkswagen Jetta” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması, zərbənin təsirindən “Volkswagen” markalı avtomobilin qarşıya gedərək “Toyota Prius” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması, nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçısının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar