Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5125/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.7, 342.5 və 343-1.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.7, 342.5 və 343-1.1-ci maddələri ilə tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, 02 oktyabr 2023-cü il tarixdə saat 21:50-də “Chevrolet Cruze minik” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin həmin şəxs tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X2 izahatında göstərmişdir ki, sürücü Şəxs müvafiq qayda pozuntuları ilə bağlı Nizami rayonu Heydər Əliyev prospektində saxlanılsa da, narkoloji yoxlamadan keçirilməsi üçün Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə aparılmış və Şəxs həmin Mərkəzdə tibbi müayinədən keçməkdən imtina etmiş, həkim də orada buna dair akt tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında gsötərmişdir ki, yol polisləri onu Heydər Əliyev prospektində saxlamışlar, tibbi müayinə aparatlarının xarab olduğunu bildirərək Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə aparmışlar. Orada o, şəkər xəstəsi olduğuna görə müayinə üçün sidiyə gedə bilmədiyini, gözləmələrini demiş, onun bu sözlərini və hərəkətlərini isə tibbi müayinədən keçməkdən imtina kimi qəbul edib akt tərtib etmişlər. Məhkəmə hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair inzibati iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsinin mənasına görə, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə iclasında verilmiş izahatlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta, yəni sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtinası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində baş vermişdir, həmin publik hüquqi şəxs isə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşir. Belə olan halda, qeyd olunanlarla müşayiət olunan xəta məhz həmin ünvanda törədilmiş hesab olunmaqla, İXM-nin 110.1ci maddəsində müəyyən edildiyi kimi, onun törədildiyi yerdə, ərazinin yurisdiksiyasında fəaliyyət göstərən məhkəmədə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs isə, işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, İXM-nin 327.7 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmasa da, həmin məsələyə işə mahiyyəti üzrə baxmalı olan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir, ona görə material ümumilikdə aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110, 112 və 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.7, 342.5 və 343-1.1-ci maddələri ilə tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5125/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5125/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver