Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-513/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, xx xxxx 1995-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan şəhəri, Mahmudkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 18 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 noyabr 2021-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkət edib yol ayrıcını keçmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinin (2.4 “Yol verin”) tələbini pozaraq, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onunla toqquşmuş, toqquşma zamanı özünün idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 və “Hyundai Getz” markalı **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin xidməti telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq, özünün hərbçi olduğunu və hazırda Naxçıvan MR ərazisində hərbi xidmətdə olduğunu, ona görə məhkəməyə gəlməsinin mümkünsüz olduğunu, sürücülük vəsiqəsinin isə hər xidmətini yerinə yetirməsi ilə əlaqədar ona lazım olduğunu bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və barəsində sürücülük hüququndan məhrum edilmə ilə əlaqədar olmayan tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə həmin halı nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təhqiqat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 08.11.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Rentacardan bir günlük 60 manata Hyundai-Elantra markalı **-BY-*** olan avtomobili icarəyə götürmüş, həmin gün tanışı olan Pakizə ona zəng vuraraq Neftçilər metrostansiyasına getməli olduğunu ona bildirmiş, o, idarə etdiyi həmin avtomobillə Gənclik metrostansiyasına gedib oradan Pakizəni götürərək Neftçilər metrostansiyasına aparmış, həmin gün saat 22:20 radələrində həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərək yolayrıcını keçmək istəyən zaman R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan “Hyundai-Getz” markalı dövlət qeydiyyat nişanı **-CB-*** olan avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan orta hissəsindən toqquşmuş, zərbənin təsirindən o, avtomobilin idarəetməsini itirmiş və avtomobilin qabaq hissəsi yolun solunda olan reklam dirəyinə dəyərək dayanmış, hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət aldığı üçün hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, təcili tibbi yardım stansiyasının əməkdaşları Pakizəyə və digər “Hyundai” markalı avtomobilin sürücüsünə ilkin yardım göstərərək onları 3 saylı ŞKX-na aparmışlar. İş üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs2 müvafiq hissələrdə Şəxs ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 08.11.2021ci il tarixdə saat 20:20 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai-Getz” markalı dövlət qeydiyyat nişanı **-CB-*** olan avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində təxminən 60 km/saat hərəkətdə olan zaman R.Rüstəmov küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində dairəyə çatan zaman qəflətən dairədən M.Gəncəvi küçəsi istiqamətində “yol ver” nişanının tələbinə məhəl qoymayan “Hyundai Elantra” markalı avtomobilin sürücüsü onun hərəkət yoluna çıxmış, idarə etdiyi avtomobillə həmin avtomobil arasında məsafə az olduğundan o, dərhal idarə etdiyi avtomobilin əyləcinə basmış, buna baxmayaraq avtomobilinin qabaq hissəsi “Hyundai Elantra” markalı avtomobilin sağ yan hissəsindən toqquşmuşdur. Bundan sonra “Hyundai Elantra” markalı avtomobil idarəetməni itirərək yolun sağ hissəsində səkinin üzərində quraşdırılmış reklam şitinə dəyərək dayanmışdır. Hadisə zamanı o və “Hyundai- Elantra” markalı avtomobilin sərnişini xəsarət aldıqları üçün hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər. Təcili tibbi yardım stansiyasının əməkdaşları ona və xəsarət alan digər sərnişinə ilkin yardım göstərərək 3 saylı ŞKX-na aparmışlar. İşdə olan canlı şəxsin ekspertizasına dair 12 noyabr 2021-ci il tarixli 963 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmiş yarası; alının ön səthinin iri ölçülü şişkinlik halında əzilməsi və qançırları; sağ budun ön səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 08.11.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngük zərər vurmaya aid edilir. İşdə olan canlı şəxsin ekspertizasına dair 29 noyabr 2021-ci il tarixli 1028 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - başın alın nahiyəsinin dərialtı hematoması; sol əlin arxa, sol diz oynağının ön səthinin, sağ aşıq baldır oynağının iç topuq nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 08.11.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 dekabr 2021-ci il tarixli 8/3111 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Getz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, HK1-613 nömrəli araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, X1 (avtomobili Şəxs icarəyə vermiş şəxs) dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qaydasında müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, Şəxs onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə məhkəmə-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-513/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-513/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver