Məhkəmə qərarları › İş №3(007)-5132/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5132/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5132/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 348500.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 348500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC-nin direktoru X4 məhkəməyə vəsatət göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC və “X2 Ticaret Limited Şirketi” (Türkiyə) şirkəti arasında ümumi məbləği 2432500,00 ABŞ dolları məbləğində L-28/1 saylı uzunmüddətli müqavilə imzalanmışdır. 2022-2024-cü illər ərzində 2040000,00 ABŞ dolları məbləğində mal idxal edilərək rəsmiləşdirilmişdir. Son zamanlar qiymətlərin artması və daşımada yaranmış problemlərlə bağlı malların çatdırılmasında yubanmalar baş vermişdir. Müqavilə üzrə daşınma öhdəliyi (CİP daşıma) “X2 Ticaret Limited Şirketi” üzərində olması və buna görə həmin şirkətə tərəflərindən vəsait ödənilməsi səbəbindən şirkət icraçının qərarına uyğun gözləmə mövqeyi tutaraq, danışıqlar aparmağa məcbur olmuşdur. Qiymətlərin artması zəminində yaranmış vəziyyətlə əlaqədar olaraq, yəni 14 oktyabr 2022-ci tarixli 348500,00 və xx.xx.2022-ci il tarixli 55000,00 ABŞ dolları məbləğində ödənişlər üzrə, “X2 Ticaret Limited Şirketi” malların müqaviləyə uyğun olaraq növbəti mərhələdə göndərilməsi haqqında şirkətə məlumat vermişdir. Uzun sürən danışıqlardan sonra “X2 Ticaret Limited Şirketi” 06 avqust 2024-cü il tarixdə 385 381,19 ABŞ dolları həcmində malı Şəxs MMC-nin ünvanına göndərmişdir. 2024-cü ilin sentyabroktyabr aylarında qonşu ölkədə yaranmış gərgin beynəlxalq vəziyyətlə əlaqədar daşıyıcı gəmi 20-25 gün ərzində “Bəndar Abbas” (İran) limanına yan ala bilməmişdir. Bunun nəticəsində yubanma baş vermiş və yük vaxtında ünvana çatmamışdır. Bundan əlavə mallar 5 maşına yüklənərək Azərbaycana göndərilsə də “COP 29” tədbirinin keçirilməsi ilə əlaqədar iritonnajlı maşınların Azərbaycan sərhədlərindən keçidinin kəskin surətdə məhdudlaşdırılması səbəbindən mallar əlavə olaraq yubanmaya məruz qalmışdır. Yaranmış bütün çətinliklərə və problemlərə baxmayaraq, Şəxs MMC gömrük rəsmiləşdirilməsini həyata keçirməyə nail olmuşdur. Beləliklə, 5 bəyannamə üzrə idxal edilən malların ümumi həcmi 385381,19 ABŞ dolları təşkil etmişdir. Bundan əvvəl idxal edilmiş mallar üzrə bank tərəfindən bağlanmamış qalıq məbləği də nəzərə alınsa, avans üzrə idxal edilmiş malların ümumi həcmi 396727, 35 ABŞ dolları təşkil etmişdir. Beləliklə, 348500,00 ABŞ dolları üzrə avans ödənişi tam, 55000 ABŞ dolları məbləği üzrə avans ödənişi isə qismən (6772,65 ABŞ dolları qalıq), yəni 48227,35 ABŞ dolları məbləğində bağlanmışdır. 348500,00 və 55000,00 ABŞ dolları məbləğində avansların bağlanması haqqında arayış müvəkkil bankdan alınmışdır və şirkət tərəfindən təqdim edilən iş materiallarına əlavə edilmişdir. Şəxs MMC 17 ildir ki, fəaliyyət göstərir və 100-dən çox idxal-ixrac əməliyyatı həyata keçirmişdir. Bunun müqabilində dövlət büdcəsinə milyonlarla vəsait köçürülmüşdür. Şirkət bütün hallarda qanunvericiliyin tələblərinə sadiqdir və qanuna zidd əməllər törətməkdən çəkinir. Bununla yanaşı, son zamanlar beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı həddindən artıq risklər meydana gəlməsinə baxmayaraq şirkət həmin riskləri idarə etməyə çalışır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda da qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors-major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində qeyd olunmuşdur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələr tətbiq olunur. Şirkət tərəfindən xaricə ödənilmiş məbləğlərə görə malların çox hissəsinin vaxtından əvvəl (85%) idxal edilməsini, digər hissəsinin isə obyektiv səbəblərdən yubanmasına baxmayaraq idxal edilməsini nəzərə alaraq məhkəmədən Şəxs MMC barədə Azərbaycan Respublikasının İXM-nin 430.4 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işin icraatına həmin Məcəllənin 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta hadisəsi olmaması) xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin direktoru X4 vəsatətin məzmununa uyğun izahat verərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, məhkəmə iclasına üzrlü səbəbdən iştirak etməyəcəyini bildirərək məhkəmə prosesinin onun işirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin, "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun araşdırılması nəticəsində Şəxs MMC tərəfindən gömrük bəyannamələri əsasında ödənişin bağlanması müəyyən edildiyi üçün Şəxs MMC barədə 14 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş EP seriyalı, ******* saylı protokol üzrə icraata xitam verilməsinə etiraz edilmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC ilə “ELZA DANİŞMANLİK PAZARLAMA TİCARET LİMİTED ŞİRKETİ” arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L28-1 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “ELZA DANİŞMANLİK PAZARLAMA TİCARET LİMİTED ŞİRKETİ”-nin hesabına 348500.00 ABŞ dolları vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2710 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 348500.00 ABŞ dolları məbləğində avans köçürməsi **********9959, **********8670, **********9937, **********9951 və **********9955 saylı YGB-lər ilə tam, xx.xx.2022-ci il tarixli 55000 ABŞ dolları avans köçürməsi **********9955, **********3244 saylı YGB-lər əsasında qismən (48227.35 ABŞ dolları) bağlanmışdır. -**********9959, **********8670, **********9937, **********9951 və **********9955 saylı gömrük bəyannamələrindən görünür ki, xx.xx.2022-ci il tarixli, L28-1 nömrəli müqavilə üzrə “ELZA DANİŞMANLİK PAZARLAMA TİCARET LİMİTED ŞİRKETİ” tərəfindən Şəxs MMCyə 79263.87, 79340.90, 74873.16, 72716.32 və 79186.84 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə “ELZA DANİŞMANLİK PAZARLAMA TİCARET LİMİTED ŞİRKETİ” arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L28-1 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “ELZA DANİŞMANLİK PAZARLAMA TİCARET LİMİTED ŞİRKETİ”-nin hesabına köçürülmüş 348500.00 ABŞ dolları məbləğində vəsaitin müqabilində mallar idxal olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar