Məhkəmə qərarları › İş №3(007)-5143/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5143/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5143/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 nümayəndəsi-Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26 oktyabr 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26 oktyabr 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X3 şikayətə onun qeydiyyat və yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “QAZ 3110 101” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil AA721867 nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyətində olmuşdur. Sonradan həmin avtomobil 20 noyabr 2010-cu il tarixli baş etibarnamə əsasında X4 adlı şəxsə satılmışdır. Sonradan həmin şəxs tərəfindən də müxtəlif şəxslərə etibarnamə verilmişdir. “QAZ 3110 101” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarəetməsində və istifadəsində olmasa da, 2018-ci ildən etibarən onun barəsində inzibati məsuliyyətə cəlb olunmağına dair qərarlar qəbul olunmağa başlanmışdır. Bu barədə məlumatı isə Nizami rayon icra şöbəsinə dəvət olunduğu zaman əldə etmişdir. Bundan sonra, yəni 05 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Qeyd olunan tarixdən müraciətinə cavab verilməmişdir. Buna görə də, 06 sentyabr 2023-cü il tarixdə təkrarən müraciət olunaraq 05 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış müraciətin nəticəsi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. Bu günə qədər nə ilk, nə də ki, sonuncu müraciətinə cavab verilməmiş, müraciətləri icrasız və nəticəsiz qalmışdır. Lakin BDYP İdarəsinin 25 avqust 2023-cü il tarixli 016/2-116947/2023 nömrəli məktubu ilə barəsində inzibati tənbeh vermə barədə qərarlar göndərilmiş, həmin qərarlar isə ona 14 sentyabr 2023-cü il tarxidə çatdırılmışdır. Göstərdiyi kimi qərar tərtib olunduğu dövrdə onun sürücülük vəsiqəsinin müddəti keçmişdir. Belə olan halda onun barəsində həmin qərarlar necə qəbul oluna bilərdi? Həmçinin, adı çəkilən şəxs mütəmadi olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təkrar-təkrar cərimə olunmasına baxmayaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq tədbir görülməmiş və vaxtında avtomobili idarə edən sürücü barəsində tədbir görülərək cərimənin ödənilməsi təmin edilməmişdir. Mövcud foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə “QAZ 3110 101” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında kimin olmasını və ya kimin idarəetməsində olmasını asanlıqla müəyyən etmək olardı. Digər tərəfdən qəbul edilmiş protokollardan və qərarlardan göründüyü kimi həmin avtomobil Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya” və “Saray” postlarından dəfələrlə keçərək “Sumqayıt” istiqamətində hərəkətdə olmuşdur. Ən azından cərimələrin ödənilməməsi səbəbindən həmin avtomobili saxlatdırıb cərimə meydançasına yerləşdirmək olardı. Lakin 2019-cu ildən 2021-ci ili əhatə edən müddətdə o, dəfələrlə həmin postlardan və digər postlardan keçməsinə baxmayaraq saxlanılmamış və barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməmişdir. Beləliklə, “QAZ 3110 101” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyi, istifadə etmədiyi və sürücülük vəsiqəsi olmadığı halda onun barəsində qanunsuz protokollar və qərarlar qəbul edilmişdir. Həmin protokol və qərar qanunsuz və əssasız olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.2-ci bəndində qeyd olunur ki, inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). Həmin Təlimatın 8.3-cü bəndinə əsasən inzibati xəta törətmiş şəxs sürücülük vəsiqəsi əvəzinə müvəqqəti idarə etmək hüququ verən sənədi təqdim etdikdə onun barəsində sənədləşmə yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Həmin Təlimatın 12.1.2-ci bəndinə əsasən stasionar YPX postlarında xidmət aparan YPX inspektorlarının üzərinə dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünün qanunla nəzərdə tutulmuş sənədlərinin yoxlanması vəzifəsi qoyulur. Həmin Təlimatın 17.5-ci bəndinə əsasən balla qiymətləndirilən xəta barədə məlumatın digər qayda pozuntusu kimi kompüterə daxil edilməsi, eləcə də xəta törətmiş şəxs barədə məlumatlarda qeyridəqiqliyə yol verilməsi halları üzrə BDYPİ tərəfindən dərhal araşdırma aparılaraq müvafiq tədbirlər görülür. Həmin Təlimatın 21.4-cü bəndinə əsasən YPX inspektorlarının xidməti fəaliyyətini yoxlayan əməkdaşlar post və patrul avtomobillərində quraşdırılmış videokamera və texniki vasitələrin yaddaşındakı məlumatlardan da istifadə edə bilərlər və onlar yoxlama zamanı aşağıdakılara xüsusi diqqət yetirməlidirlər: 21.4.11. inzibati xətalar haqqında tərtib olunmuş inzibati materialların tamlığı və qanunauyğunluğuna. Göstərilənləri nəzərə alaraq, onun barəsində qəbul edilmiş 26 oktyabr 2018-ci il tarixli, EQ 091008 nömrəli protokolun və onun əsasında AR İXM-nin 469.3-cü maddəsi ilə qəbul edilmiş 26 oktyabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 nümayəndəsi (vəkil) Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X2 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş üzrə məhkəmə iclaslarının artıq 2 dəfə təyin olunmaqla müvafiq tədbirlər görüldüyünü nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir, ona görə şikayət protokolun ləğv olunması hissəsində araşdırılmır və hüquqi qiymət verilmir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz; 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır; 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26 oktyabr 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmiş və qərar zəruri materiallarla birlikdə mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, rəsmi qaydada verilməsi üçün poçtla göndərilməmişdir, buna dair sübutlar, burada, sübutetmə vəzifəsi üzərinə düşən qərarı barəsində şikayət verilmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hansı ki, həmin qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Bu hal eyni zamanda onunla öz təsdiqini tapır ki, X3 onun barəsində qəbul olunmuş qərarı əldə etmək üçün çoxsaylı rəsmi müraciətlər etmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamalı olmuş, vəkil (nümayəndə) ilə təmsil olunmaq məcburiyyətində qalmış, yalnız qərarın rəsmi qaydada əldə edilməsindən sonra məhkəməyə müraciət etməyə və məhkəmədə inzibati tənbeh vermə haqqında qərara yenidən baxılması üçün icraat başlanılmasına nail olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 77.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisələndirilən qərarda inzibati xəta törətməsi qeydə alınan “QAZ 3110 101” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil AA721867 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətində olsa da, həmin avtomobilə dair 20 noyabr 2010-cu il tarixdə müvafiq səlahiyyətlərlə etibarnamə verilməklə özgəninkiləşdirilmiş, sonradan bu, başqa şəxslər arasında təkrarlanmaqla, nəqliyyat vasitəsi həmin vaxtdan X1 və istifadəsində olmamışdır. Nəqliyyat vasitəsinin X1 və istifadəsində olub-olmadığı araşdırılmadan, habelə həmin şəxsin nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsinin etibarlılıq müddətinin mübahisələndirilən qərarın qəbulundan daha əvvəl, 27 may 2018-ci il tarixdə bitməsi nəzərə alınmadan onun həmin nəqliyyat vasitəsini sığorta etdirmək vəzifəsini yerinə yetirməməkdə təqsirli hesab edilməsi qanunvericiliyin tələbinin pozulmasıdır. Bundan başqa, X3 məhkəməyə şikayət verməzdən öncə səlahiyyətli orqana (vəzifəli şəxsə) çoxsaylı şikayətlər versə də, həmin orqan tərəfindən araşdırmanın aparılıb-aparılmaması, bunun nəticələri barədə məlumat verilməmişdir, eyni zamanda məhkəməyə də buna dair məlumat göndərilməmiş, sorğulara cavab verilməmişdir. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X3 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 26 oktyabr 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 26 oktyabr 2018-ci il tarixli, EQ seriyalı, 091008 nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 26 oktyabr 2018-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 26 oktyabr 2018-ci il tarixli, EQ seriyalı, 091008 nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar