Məhkəmə qərarları › İş №3(007)-5149/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5149/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5149/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Həsənov X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru G.N.Sadıqova tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən onun tərəfindən 30.972,35 əsas, 11.304,91 manat faiz, 100.00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 42.377,26 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmişdir. Həmin qərarlara yenidən baxılmasına dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bir neçə dəfə şikayət ərizəsi göndərsə də nəticəsi olmamışdır. Maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Hal-hazırda göstərilən borcdan 500 manat ödəmiş və bununla bağlı qəbzi məhkəməyə təqdim edir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Şəxs 30.972,35 əsas, 11.304,91 manat faiz, 100.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 42.377,26 manat vergi, faiz və maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən icra sənədi üzrə 500 manat ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********241400 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar