Məhkəmə qərarları › İş №3(007)-515/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-515/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-515/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X11 nümayəndəsi və vəkili-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X11 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏM-nin 70-ci maddəsinin c bəndi ilə xitam verilməsi barədə əmrin ləğv edilməsindən X6 vermiş olduğu şikayət əsasında heç bir səbəb və əsas olmadan barəsində AR İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarla 1000 manat məbləğində cərimə olunmuşdur. Məlumat üçün qeyd edir ki, X13 ilə "xxxx" MMC arasında 1 avqust 2016-cı il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin c bəndi ilə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğvi ilə bağlı X10 Bakı şəhər idarəsinə müraciət etmişdir. Bütün sənədlər X10 Bakı şəhər İdarəsinə onların tələbi ilə təqdim edilmiş və onlar tərəfindən araşdırılmış yoxlama nəticəsində onunla bağlı bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin c bəndi ilə xitam verilməsinə dair heç bir hüquq pozuntusu aşkar edilməmişdir. Yoxlama zamanı heç onlardan izahat da alınmamışdır. Bundan sonra heç bir əsas və səbəb olmadan barəsində AR İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixində müəssisənin direktoru kimi o - X11 1000 manat cərimə olunması qərara alınmışdır. 1 avqust 2016-cı il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş rejimi saat 09:00-dan 18:00-dək müəyyən edilmişdir. Nahar vaxtı saat 13:00-dan 15:00dək müəyyən olunmuşdur, iş İ növbəli olmuşdur. Ondan sonra əmək müqaviləsi növbəti illərdə tərəflərin razılığı ilə, yəni müqavilənin bitməsinə münasibət bildirmədiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq uzadılmışdır. X13 müəssisədə əvvəlcə laboratoriya müdiri, daha sonra laboratoriya müdiri və baytarlıq vəzifəsində çalışmışdır. Həmin işin xarakteri müəssisənin normal fəaliyyətini tənzimləyən əsas sahələrdən biridir. X13 gözlənilmədən 01 dekabr 2021-ci ildə müəssisəyə heç bir xəbər vermədən işə çıxmamış və bu barədə heç bir məlumat verməmişdir. Xəbər göndərmişdir ki, Gəncədən ona taksi ilə xəstəlik vərəqəsi göndərəcəklər və o da onlara göndərəcəkdir. Özü Bakıda ola-ola Gəncədə xəstəlik vərəqəsi almağı onlarda şübhə yaratdığı üçün həmin xəstəlik vərəqəsi onlara göndərilən zaman Gəncə şəhər, Z.Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin nevropatoloqu X12 tərəfindən ona 01 fevral 2022-ci il tarixə qədər xəstəlik vərəqəsi verildiyini müəyyən etmişlər. O, işə çıxan zaman tibb sahəsində nəzəri biliyə malik olmadıqları üçün həmin xəstəlik vərəqələrinin qanuni və ya qanunsuz olduğunu müəyyən edə bilməmişlər. Ondan sonra həmin xəstəlik vərəqi əsasında ona ödənişlər aparılmışdır. Bundan sonra təkrar olaraq 01 iyul 2022-ci il tarixdə yenə də onlara heç bir məlumat vermədən üzürlü səbəb demədən işə çıxmamağa başlamışdır. Baxmayaraq ki, hər həftə iş yerinə gəlib işçilərlə söhbət etmişdir. Bu dəfə də yenə bildirmişdir ki, Gəncədən ona xəstəlik vərəqəsi göndərəcəklər, ona görə işə çıxmır. 1 ay tamam olmuş, işə çıxmamış, xəstəlik vərəqəsi təqdim etməmişdir, baxmayaraq ki, dəfələrlə telefonla əlaqə saxlayaraq işlərinin ahənginin pozulduğunu, laboratoriyasız çətin olduğunu onun diqqətinə çatdırmışlar, lakin yenə də işə çıxmamışdır. Növbəti aylarda əvvəlki ayların xəstəlik vərəqəsini onlara göndərməyə başlamışdır. Dəfələrlə onun əmək intizamını pozaraq, üzürsüz səbəbdən iş buraxması ilə bağlı aktlar tərtib etmişlər və bu barədə rəhbərliyə məruzə etmişlər. Müəssisənin hüquqşünası təqdim olunmuş xəstəlik vərəqələrinin qanunsuzluğundan şübhələnərək 02 noyabr 2022-ci il tarixdə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 icraçı direktoruna həmin xəstəlik vərəqələrini də göndərməklə onların qanuni olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Bundan sonra 23 noyabr 2022-ci ildə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X26 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X23 direktoru Nazim Əhmədov tərəfindən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və onlara verilmiş 23 noyabr 2022-ci il tarixli PİTŞ/6.37-2-2022-364 saylı cavab məktubunda göstərilmişdir: “X8 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması barədə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26, xx.xx.2022-ci il tarixli, X8 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6-2-2022-11215 nömrəli məktubunuza cavab olaraq aşağıdakıları nəzərinizə çatdırır. Müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri X2, həkim nevropatoloqu X5 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X14 xx.xx.2022-ci il tarixdə həkim nevropatoloq S.Ç.Hacıyevaya bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə S.Ç.Hacıyeva tərəfindən müayinə edilmiş, təyinat verilmiş, “L4-L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılmış və “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı” kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-na təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-na təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X8 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmamazlıqlara görə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin nevropatoloqu S.G.Hacıyevaya Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nın xx.xx.2022-ci il tarixli 1551/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin HMK-nın sədri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir.” Hazırda da ona xəstəlik vərəqəsinin 01 dekabr 2021-ci ildən 01 fevral 2022-ci il tarixə kimi qanunsuz olması ilə bağlı araşdırma getmiş və 01 dekabr 2021-ci ildən 01 fevral 2022-ci il tarixə kimi də verilmiş xəstəlik vərəqələrinin saxta olduğu müəyyən edilmişdir. Onunla olan əmək müqaviləsinə AR ƏM-nin 70 c bəndi ilə xitam verərək əmək məzuniyyətinə görə ödənişlər həyata keçirmişlər. Baxmayaraq ki, onun xəstəlik vərəqəsinin qanunsuz olması ilə bağlı faktlar əvvəlcədən aşkar olunmuşdur. Bu səbəbdən də mühasibatlıqda səhv riyazi hesablamalarda mühasiblərinin təcrübəsizliyindən ona istifadə olunmamış əmək məzuniyyətinə görə pulun ödənilməsində səhvə yol verilmişdir və təkrar aparılmış hesablamalara görə hələ xx.xx.2023-cü ildə düzgün hesablanmamış qalıq pula görə ona ödəniş aparılmışdır. X10 Bakı şəhər İdarəsi tərəfindən yoxlamalar olmadığı dövrdə aparılmış bu əməliyyatla bağlı xx.xx.2023-cü ildə görüş zamanı özləri araşdırmalarının nəticəsini bilmişlər. Baxmayaraq ki, bu tərəfin mübahisə predmeti deyildir. Bütün bunlara baxmayaraq X10 Bakı şəhər İdarəsi tərəfindən heç bir səbəb və əsas olmadan barəsində İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib etmişlər. Baxmayaraq ki, araşdırma aparılan zaman artıq həmin pul ödənilmişdir. Bu da inzibati xətanı istisna edir. Çünki yoxlama zamanı heç bir nöqsan aşkar edilməmişdir və protokoldan da göründüyü kimi ödənişdən 7 gün sonra tərtib edilmiş və xx.xx.2023-cü il tarixində qərar qəbul edilmişdir. Göstərilən çatışmamazlıqlar araşdırmadan əvvəl aradan qaldırılandan sonra həmin hallara görə inzibati məsuliyyət tədbirinin tətbiq olunması barədə tərtib edilmiş protokol inzibati xətalara dair qanunvericiliyin təyinatına və məqsədlərinə uyğun deyildir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, barəsində tərtib edilmiş qanusuz və tamamilə əsassız olan İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokol ləğv edilməlidir. Mövcud qanunvericiliyin konkret və birmənalı tələbləri kobudcasına pozularaq X10 Bakı şəhər İdarəsi tərəfindən barəsində əsassız protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən X10 Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qeyd olunanlarla bağlı izahatları alınmamışdır, Müfəttişliyin hər hansı sorğusu onlara daxil olmamışdır, son haqq-hesabın ödənilməsində səhvə yol verilməsi yalnız mühasibin təcrübəsizliyindən səhv riyazi hesablama nəticəsində olmuşdur, eyni zamanda ilin sonunda təkrar aparılmış hesablama ilə həmin hal aradan qaldırılıb ilk iş günündə, 05 yanvar 2023-cü il tarixdə ödəniş edildiyi halda 11 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsinə və inzibati tənbeh tətbiq edilməsinə əsas olmamışdılr. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X16 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, "xxxx" MMC-də işləmiş və işdən azad edilmiş X6 12 dekabr 2022-ci il tarixdə etdiyi müraciət əsasında X17 Xidməti tərəfindən araşdırma başladılmış, Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən aparılmış araşdırma ilə "xxxx" MMC-nin baş direktoru X11 vətəndaş X6 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilmiş, barəsində 11 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol əsasında işə baxılaraq X18 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə müəssisənin rəhbəri kimi vəzifəli şəxs qismində 1000 manat məbləğində inzibati cərimə edilmişdir. 30 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən X9 2022-ci ilin noyabr ayı üçün son haqq-hesab məbləği qismində 1008 manat ödənilməli olduğu halda cəmi 583,88 manat pul vəsaiti "xxxx" MMC tərəfindən ödənilmiş, X17 tərəfindən müraciətin araşdırılması üçün zəruri olan sənədlərin təqdim olunması tələbi ilə MMC-yə müraciət edilmiş, sorğu poçt vasitəsi ilə 29 dekabr 2022-ci il tarixdə çatdırılmışdır. Yalnız bundan sonra, 05 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən X3 haqqhesabın qalıq məbləği qismində 437,91 manat məbləğində pul ödənilmişdir. MMC-nin nümayəndəsi qismində Vəkil 11 yanvar 2023-cü il tarixdə protokolun müzakirəsində iştirak etsə də notarial qaydada etibarnamə təqdim etməmişdir. Lakin protokol və onun əsasınd qəbul edilmiş qərar poçt vasitəsi ilə göndərilmiş və çatdırılmışdır. Qərar qanuni və əsaslıdır, ləğv olunması üçün əsaslar yoxdur. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 11 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin baş direktoru X18 vətəndaş X6 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərini pozmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta törədilmişdir. Qeyd: Vəkil protokolun müzakirəsində iştirak etsə də notarial qaydada etibarnamə təqdim etmədiyindən protokol təqdim edilməmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin baş direktoru X18 11 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə edilmişdir; -"xxxx" MMC-nin (baş direktor X18) 29 noyabr 2022-ci il tarixli 183 nömrəli əmrindən çıxarışdan görünür ki, MMC-nin laboratoriya müdiri və baytarı vəzifəsində çalışan X13 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) ləğv edilmiş, 2021-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayına qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə 35 təqvim günü üçün pul əvəzi verilməsi qərara alınmışdır; - 30 noyabr 2022-ci il tarixli 1639 nömrəli ödəniş tapşırığından görünür ki, X9 2022ci ilin noyabr ayı üçün son haqq-hesab məbləği qismində 583,88 manat məbləğində pul "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Yasamal filialı vasitəsi ilə ödənilmişdir; - 05 yanvar 2023-cü il tarixli 02 nömrəli ödəniş tapşırığından görünür ki, X3 haqqhesabın qalıq məbləği qismində 437,91 manat məbləğində pul "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Yasamal filialı vasitəsi ilə ödənilmişdir; -X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi yazılı izahatdan görünür ki, əmək haqqı 900 manat olduğu halda 29 noyabr 2022-ci il tarixdə işdən azad olunarkən "xxxx" MMC tərəfindən ona 35 günə 575 manat ödənilmiş, həm də ödəniş bir neçə gün sonra edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ nəzərdə tutulmuş və tənzimlənmişdir, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxan məhkəmə olaraq şikayətin “xx.xx.2023-cü il tarixli, ******* №-li inzibati xəta haqqında protokolun ləğv edilməsinə” dair hissəsinə baxılmır və hər hansı hüquqi qiymət verilmir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X18 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz "xxxx" MMC-nin vəzifəli şəxsi, onun baş direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokolun tərtib edilməsinə və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas, sözügedən MMC-nin iççisi olmuş X13 ilə olan əmək müqaviləsinə 29 noyabr 2022-ci il tarixli əmr əsasında xitam verilərkən son haqq-hesabının hesablanıb verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (baş direktor X18) 29 noyabr 2022-ci il tarixli 183 nömrəli əmrinə əsasən həmin MMC-nin laboratoriya müdiri və baytarı vəzifəsində çalışan X13 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən, onu işə götürmüş "xxxx" MMC-nin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) müvafiq sənədlərlə birlikdə sonuncu iş günü işçi X9 verilməmişdir. 30 noyabr 2022-ci il tarixli 1639 nömrəli ödəniş tapşırığına əsasən (sonuncu iş günü deyil) X9 2022-ci ilin noyabr ayı üçün son haqq-hesab məbləği qismində pul vəsaiti "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Yasamal filialı vasitəsi ilə ödənilsə də, həmin pul vəsaiti yalnız 583,88 manat məbləğində olmuşdur. X1 X17 Xidmətinin Bakı şəhər idarəsinə müraciətindən və həmin idarənin şikayətçi ilə bağlı müvafiq sənədlərin təqdim olunması tələbini 29 dekabr 2022-ci il tarixdə alaraq işdən azad edilmiş həmin işçinin son haqq-hesabının ona tam olaraq ödənilməməsindən şikayətçi olması məlum olduqdan sonra, 05 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən X3 haqq-hesabın qalıq məbləği qismində 437,91 manat məbləğində pul ödənilmişdir. Yəni, həmin hal müəssisənin öz təşəbbüsü ilə, təkrar aparılmış hesablamalarla müəyyən edilməmiş və aradan qaldırılmamışdır. Qərardan şikayət vermiş şəxsin nümayəndəsi belə müraciətin MMC-yə daxil olmadığı barədə dəlil irəli sürsə də, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin təqdim etdiyi poçt göndərişlərinin izlənməsi barədə sənədlə təsdiq olunur ki, sözügedən sorğu (tələb) 26 dekabr 2022-ci il tarixdə saat 12:12-də "xxxx" MMC-yə çatdırılmışdır. Digər yandan, şikayətdə və nümayəndənin izahatında mühasibatlıqda səhv riyazi hesablamalarda mühasiblərinin təcrübəsizliyindən X9 istifadə olunmamış əmək məzuniyyətinə görə pulun ödənilməsində səhvə yol verildiyi barədə göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin mənasına görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır, yəni həmin qaydada hesablama və ödəniş zamanı riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olunur, hansı ki, istər ödənilməmiş son haqq-hesabın qalıq məbləğinin həcmi (437,91 manat), istərsə də işin faktiki halları bu qanun pozuntusunun riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar nəticəsində törədilmədiyi barədə qənaətə gəlməyə tam əsas verir. İnzibati xəta haqqında protokolun 05 yanvar 2023-cü il tarixdə ödənişin həyata keçirilməsindən 7 gün sonra, 19 yanvar 2023-cü il tarixdə törədilməsi, bu çatışmazlıqların araşdırmadan əvvəl aradan qaldırılandan sonra həmin hallara görə inzibati məsuliyyət tədbirinin tətbiq olunması barədə tərtib edilmiş protokolun inzibati xətalara dair qanunvericiliyin təyinatına və məqsədinə uyğun olmaması barədə şikayətdə və nümayəndənin izahatında göstərilənlərə gəldikdə, qeyd olunanlar işin icraatına xitam verilməsinə əsas vermir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Məhkəmə əlavə olaraq xatırladır ki, "xxxx" MMC ilə əmək münasibətlərinə xitam verilmiş X6 X17 Xidmətinin Bakı şəhər idarəsinə müraciətindən və həmin idarənin şikayətçi ilə bağlı müvafiq sənədlərin təqdim olunması tələbini 29 dekabr 2022-ci il tarixdə alaraq işdən azad edilmiş həmin işçinin son haqq-hesabının ona tam olaraq ödənilməməsindən şikayətçi olması məlum olduqdan sonra, 05 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən X3 haqq-hesabın qalıq məbləği qismində 437,91 manat məbləğində pul ödənilmişdir, bununla da, "xxxx" MMC işçiyə son haqq-hesab ödənişinin hesablanması və ödənilməsində ifadə olunan qanunla müəyyən edilmiş öhdəliklərini artıq 29 noyabr 2022-ci il tarixli əmrin verilməsindən sonra pozmağa başlamış, uzanaraq fasiləsiz davam etmiş, bu hüquqazidd əməl məhz kənardan müdaxilə nəticəsində 05 yanvar 2023-cü il tarixdə dayandırılmışdır. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun 11 yanvar 2023-cü il tarixdə tərtib olunmasına mane olan hallar olmamışdır, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X11 haqqında 1000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X11 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar