Məhkəmə qərarları › İş №3(007)-5150/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5150/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5150/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin şikayətçi məhkəməyə vəsatətlə müraciət edərək sözügedən qərarı dəfələrlə müraciət etdikdən sonra xx.xx.2025-cü il tarixdə əldə etdiyini bildirərək, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə X6 tərəfindən verilmiş, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti müzakirə edərək hesab edir ki, vəsatət təmin edilməli və müddət buraxılmamış hesab edilməlidir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 01:10 radələrində idarə etdiyi **-YG-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı avtomaşın ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkət edərkən heç bir yol hərəkəti qaydaları pozmamasına baxmayaraq DYP əməkdaşları tərəfindən saxlanılmış, saxlanılma səbəbi soruşulduqda ona bildirilmişdir ki, o, guya svetoforun qadağan edici işarəsi verilərkən (qırmızı işıq yanarkən) hərəkət etmişdir. O, bu faktı inkar edərək təsdiqləyici video görüntünü tələb etsə də, ona sübut – fakt, yəni videogörüntü təqdim edilməmişdir. O, qeyd edilən vaxtda heç bir yol hərəkəti qaydasını pozmamış, yəni svetoforun qadağan edici işarəsi verilərkən hərəkət etməmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və ədalətsizdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 bildirdi ki, o, svetoforun yaşıl işığı yanıb-sönərkən yol ayrıcını keçmiş, heç bir qayda pozuntusu törətməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən onlardan qayda pozuntusunun video görüntüsünü tələb etsə də, ona təqdim olunmamış, həmçinin dəfələrlə polis idarəsinə müraciət edərək qeyd olunan qərarın ona təqdim olunmasını xahiş etsə də, vaxtında ona təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən X6 xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-YG-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Kia Forte” minik markalı, **- YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 qadağanedici işarəsi verilməsinə baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2025-ci il tarixdə svetoforun qadağanedici işarəsi verilərkən, yəni qırmızı işıq yanarkən svetoforun qadağanedici siqnalını əsas tutmayaraq və siqnala əməl etməyərək öz hərəkətini davam etdirmişdir. Bu səbəbdən X6 barəsində qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar