Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5151/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 20 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında olarkən 99-YP-45İ dövlət qeydiyyat nişanlı polis əməkdaşı avtomobilində “led” olduğunu deyərək ona 150 manat cərimə yazmışdır. Polis əməkdaşı tərəfindən ona müqavimət göstərilərək avtomobili duracağa aparılmışdır. Müqavimət nəticəsində polis əməkdaşı tərəfindən ona xəsarət yetirilmiş, həmin xəsarətə görə ekspertizada müayinədən keçmiş, lakin hələ ekspertiza tərəfindən xəsarəti təsdiq edən sənədlə təmin olunmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun l saylı Əlavəsinin 3 saylı hissəsində qeyd edilmişdir ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda, faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda, işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağandır. Əlavə olaraq, qeyd etmək lazımdır ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının quraşdırılmasına yol verilir. Azərbaycan “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Beynəlxalq Müqaviləyə qoşulub. Həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq elməlidirlər. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilib. Həmin qaydalarda “led” işığın qadağan olunduğuna dair hər hansı bir müddəa yoxdur. Bunlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 329.3-cü maddələrinə əsaslanaraq ona cərimə yazılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 3(007)-1254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı çıxarılmışdır. Həmin qərarda şikayət verən şəxs barəsində inzibali tənbeh vermə haqqında qərar çıxarılmış, qərarın çıxarılma əsası isə “led” işıq olmuşdur. Məhkəmə həmin qərarın ləğv edilməsinə dair qərar vermişdir. Hesab edir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2025-cil tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarı qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları ona təzyiq edib, qabırğasını sıxmışlar. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. “Opel Astra” markasında “led” işığın 60% qədər işıqlandırılmasına icazə vardır. Onun avtomobilində olan pozuntuya görə 150 manat deyil, 50 manat cərimə düşür. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 20 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Opel Astra minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 ünvan 2 ünvanında 17 oktyabr 2025-ci il tarixdə, saat 23:32-də “normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə”, 17 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 329.3-cü maddələri ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş 01 ədəd CD diskdə olan video görüntüyə baxış zamanı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 oktyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, X2 həmin aktda, “avtomobilimdə olan led işıqları dəyişdim, öz lampaları ilə əvəz elədim”. qeydini yazaraq imzalamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirmiş, nəqliyyat vasitəsinin xarici işıq siqnalı olan fənərlərini başqası ilə əvəz etmiş, normativ tələbləri pozmaqla avadanlıq, yəni istehsalçı zavod tərəfindən istifadəsi və istismarı nəzərdə tutulmayan fənərləri quraşdıraraq idarə etmişdir. Ona görə məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz, qanunvericiliyin bu sahədə tənzimləyici normalarına ciddi riayət edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 “Opel Astra minik” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 2 ünvanında 17 oktyabr 2025-ci il tarixdə, saat 23:32-də hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsində onun istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək istehsalçı zavod tərəfindən istifadəsi və istismarı nəzərdə tutulmayan fənərləri quraşdırması və istifadə etməsi, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, onun yuxarıda qeyd olunan hərəkətə yol verməsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 329.3-cü maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 20 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5151/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5151/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver