Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5157/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, "xxxx" MMC-nin inzibati xəta haqqında protokoldan şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" MMC (onun nümayəndəsi) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli protokolunun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir, habelə, şikayət qərarla müəyyən olunmuş hallara münasibətdə əsaslandırılmalıdır. Bundan başqa, barəsində şikayət verilən 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol "xxxx" MMCnin vəzifəli şəxsi, direktoru X2 barəsində tərtib edilmişdir, bu protokol əsasında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərardan həmin vəzifəli şəxsin özü tərəfindən şikayət verilə bilər, hüquqi şəxs vəzifəli şəxs barədəki inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququna malik deyildir. Belə olan halda, inzibati xəta haqqında qərara yenidən baxılma mərhələsinə keçid edilməsi üçün materialın icraata qəbul edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, "xxxx" MMC-nin (onun nümayəndəsinin) verdiyi şikayət geri qaytarılmalı, 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati qaydada tənbeh edildiyi halda, həmin MMC-nin vəzifəli şəxsinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin (onun nümayəndəsinin) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli protokolunun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında şikayəti geri qaytarılsın. 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati qaydada tənbeh edildiyi halda, "xxxx" MMC-nin vəzifəli şəxsi, direktoru X1 orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5157/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5157/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver