Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5169/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə 09 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Materialın öyrənilməsi ilə müəyyən edilmişdir ki, sözügedən material baxılması üçün daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, həmin idarənin rəisi tərəfindən qəbul olunmuş 01 sentyabr 2023-cü il tarixli qərardadla həmin material 23-cü polis bölməsinə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, idarədə protokolun baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir, həmçinin həmin işə baxılması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 19-cu hissəsinə əsasən Məcəllənin 262-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, 20-ci hissəsinə əsasən isə Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilir. Beləliklə, qeyd olunan qanunvericilik aktlarının tələblərindən göründyü kimi, İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmək barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin (vəzifəli şəxslərinin) səlahiyyəti olmamış, həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq isə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətinə aid deyil, belə olan halda isə protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə geri qaytarılmalıdır. Göründüyü kimi, qeyd olunan qərardadda konkret hallar müəyyən edilməklə 23-cü polis bölməsinin (vəzifəli şəxslərinin) İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinin olmadığı göstərilsə də, səlahiyyəti olmayan şəxs (orqan) tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs (orqan) tərəfindən tərtib edildiyi üçün daxil olmuş material işin baxılmağa hazırlanması mərhələsindən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5169/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5169/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver