Məhkəmə qərarları › İş №3(007)-5175/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5175/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5175/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri X2, X3 iştirakları ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanında yerləşən Şəxs QSC-yə məxsus ünvan 2 ünvanına yerləşən anbar və ofisdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci ildə keçirilmiş yanğın-texniki müayinə zamanı qeyd olunan obyektdə X1 № 01-2001, b-2.1; 2.4; 2.5; 6.1; 6.5; 9.1-ci bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X8 protokolun məzmununa uyğun izahat verərək QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq məhkəmə fotoşəkillər təqdim edərək həmin fotoşəkillərin YTM zamanı qeydə alındığını bildirmişdir. Suallara cavab olaraq bildirmişdir ki, QSC-nin nümayəndəsi tərəfindən məhkəmə iclası zamanı təqdim olunan sənədlər protokol tərtib olunması zamanı onlara təqdim olunmamışdır, həmin sənədlərin təqdim olunması üçün QSC-yə sorğu verilməmişdir. Belə ki, onsuz da sənədlər tələb olunduqda hüquqi şəxslər 5 gün ərzində sənədləri təqdim edə bilmirlər. Qarşı tərəf bildirir ki, anbar səliqəli formadadır, işçilər isə yanğın təhlükəsizlik qaydalarına dair məlumatlandırılmışdır, bununla bağlı əmrləri, jurnalları var, həmçinin siqnalzasiya qurğusuna baxış keçirilmişdir. Göstərilən halların araşdırılması üçün məhkəmə iclasını təxirə salınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 təqdim etdikləri etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda və yanğın-texniki müayinə aktında "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən anbarda bir sıra qanun pozuntuları aşkar edildiyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, 4431 №-li yanğın-texniki müayinə aktında anbarın yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilmədiyi, elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə sınaq protokolu tərtib edilmədiyi, qadağanedici və xəbərdaredici nişanlarla təmin edilmədiyi, yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planının tərtib edilmədiyi, yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini göstərən lövhələrin asılmadığı, işçilər üçün yanğın yerindən köçürmə tədbirlərinin hazırlanmadığı və təcrübə məşğələ təlimlərinin keçirilmədiyi, anbar otaqlarında malların yığılıb saxlanması zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilmədiyi və elektrik təsərrüfatının EQQQ-nın tələblərinə uyğun quraşdırılmadığı qeyd olunsa da, bunu təsdiq edən sübutlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən sözügedən inzibati xəta törədilməmişdir və bu iş üzrə materiallarla sübut olunmur. Protokola etiraz olaraq əsas məqamları aşağıdakı formada diqqətinizə çatdırmışlar: 1. Yanğın-texniki müayinə aktında anbarın qadağanedici və xəbərdaredici nişanlarla təmin edilmədiyi, yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini göstərən lövhələrin asılmadığı, yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilmədiyi qeyd edilsə də, yanğınxəbərverici siqnalizasiya sisteminin anbarda quraşdırılmasını və sistemin tam işlək vəziyyətdə olmasını təsdiq edən 18 fevral 2025-ci il tarixli təhvil-təslim aktı, həmçinin sözügedən nişanların, lövhələrin fotoşəkilləri də mövcuddur. Buradan da göründüyü kimi, müayinə aktında qeyd edilmiş Azərbaycan Respublikasında X1 1.9.4-cü bəndinin tələbləri tərəfimizdən pozulmamışdır. 2. Elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə sınaq protokolu tərtib edilmədiyi qeyd edilmişdir. Lakin, qoşma ilə əlavə olunmuş, 06 mart 2025-ci il tarixində sınaq hesabatı tərtib olunmuş və kabellərin qoyulduğu yerlər, kabelin tipi, izolyasiya müqaviməti barədə konkret məlumat qeyd olunmuşdur. Bununla da, Azərbaycan Respublikasında X1 6.1-ci maddəsinin tələblərinin pozulmadığı təsdiq olunur.

3. Yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planının tərtib edilmədiyi qeyd olunsa da, bunun əksini təsdiq edən və qeyd edilən planın anbarın divarlarında faktiki olaraq asıldığını sübut edən fotoşəkilləri qoşma vasitəsilə əlavə edilmişdir. 4. Qeyd edilmiş qanun pozuntularından biri də işçilər üçün yanğın yerindən köçürmə tədbirlərinin hazırlanmadığı və təcrübə məşğələ təlimlərinin keçirilmədiyidir. Belə ki, Azərbaycan Respublikasında X1 2.5-ci maddəsinin tələblərinə uyğun olaraq hər 6 ayda bir dəfədən az olmayaraq insanların yanğın yerindən köçürülməsi tədbirləri əsasında bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir. Belə ki, bununla bağlı sonuncu təlim xx.xx.2025-ci il tarixində işçi heyətə keçirilmişdir və bu təlimlər zamanı işçilərə yanğın təhlükəsizliyi qaydaları, yanğın baş verdiyi halda görülməli tədbirlər, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və yanğın zamanı təxliyə qaydaları barədə ətraflı məlumat verilmişdir. Ümumiyyətlə, sözügedən protokolun tərtib edilməsinə AR-da X1 pozulması faktının aşkar edilməsi səbəb olmuşdur. Lakin, göründüyü kimi bizim tərəfimizdən heç bir pozuntuya yol verilməmişdir. Həmçinin, AR İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar sübut sayılır və bu sübutları təqdim etmək və əsaslandırmaq vəzifəsi məhz icraatı aparan orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Lakin, AR Fövqəladə Hallar Nazirliyi tərəfindən qeyd edilən pozuntuların törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət o halda yaranır ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələbləri pozulmuş və ya yerinə yetirilməmiş olsun. Lakin, nə inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən qeyd edilən pozuntu hallarını təsdiq edən heç bir sübut təqdim edilməmişdir, nə də ki belə bir pozuntu halı mövcud olmamışdır. Buna görə də Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş protokol tam əsassızdır. Fövqəladə Hallar Nazirliyinin əksinə olaraq, qeyd edilən pozuntuların törədilməmisini və lazımi tədbirlərin vaxtında görüldüyünü təsdiq edən sübutlar məhkəmənin nəzərinə çatdırılacaqdır. AR İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qoşmada qeyd olunan qanun pozuntularının mövcud olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 bildirdi ki, məhkəmə iclası zamanı protokol tərtib edən orqanın nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş fotoşəkillərin nə vaxt və harada çəkilməsi məlum deyildir, əgər həmin şəkillər onlarda protokol tərtib edilən zaman mövcud idisə, bu barədə protokolda qeyd edilməli, həmin şəkillər protokola əlavə olunaraq məhkəməyə göndərilməli idi. QSC-nin öz təqsirziliyini sübut etmək vəzifəsi yoxdur, sübut etmə yükü protokol tərtib edən orqanın üzərinə düşür. Lakin buna baxmayaraq tərəflərindən müvafiq sübutlar məhkəməyə təqdim edilmiş, bundan sonra protokol tərtib edən orqan tərəfindən həmin şəkillər də məhkəməyə təqdim edilmişdir. Şəkillər arasında ziddiyyətlər mövcuddur. Bu ziddiyətlərin məhkəmə araşdırması zamanı aradan qaldırılması mümkün deyildir. Həmçinin həmin şəkillər qeyri-müəyyəndir, bilinmir hansı mərtəbədə, hansı texniki vasitələrdən istifadə etməklə çəkilib. Bu səbəbdən hesab edirlər ki, qanunsuz yolla əldə olunmuş sübutlardır, məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə və onlara istinad edilərək QSC təqsirli hesab oluna bilməz. Həmçinin protokolda qeyd olunan bütün sənədlər onlarda mövcuddur, məhkəməyə təqdim olunmuşdur, protokol tərtib edilən zaman onlardan tələb olunsa idi, protokol tərtib edən orqana da təqdim olunardı. Məhkəmə iclasının təxirə salınmasına etiraz edərək materialın yenidən araşdırılması üçün protokol tərtib edən orqana qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında materiala məhkəmə iclası zamanı baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün əsaslar inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamış, material natamam şəkildə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclası zamanı protokol tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sübutlar arasında kəskin ziddiyyətlər müəyyən olunmuş, həmin ziddiyyətlərin aradan qaldırılması mümkün olmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xətanı törətməsini təsdiq edən sübutlar protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən halların araşdırılması üçün inzibati xəta haqqında material Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın.

Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar