Məhkəmə qərarları › İş №3(007)-5178/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5178/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5178/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2420577.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2420577.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs MMC 2420577.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2420577.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Protokol tərtib edən zaman onların araşdırma aparmaq səlahiyyətləri yoxdur. Çünki protokol qısa müddət ərzində tərtib edilməlidir. O, Şəxs MMC-yə e-mail yazaraq sənədlərin təqdim edilməsini bildirmiş, amma Şəxs MMC sənədləri təqdim edə bilməmişdir. Buna görə də protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən sənədlər protokol tərtib ediləndən sonra təqdim edilmişdir. Eyni zamanda Şəxs MMC-dən tələb edilmişdir ki, sənədlər “Yelo Bank”-a təqdim edilsin. Çünki əməliyyatları aparan “Yelo Bank”-dır. Şəxs MMC-nin banka təqdim etdiyi sənədlər əsasında bank tərəfindən yoxlama yenidən aparılmış və daxil olunan vəsaitlə bağlı banka müqavilə və invoys təqdim edilmişdir. “Yelo Bank” yoxlama aparmış və cavab olaraq yazmışdır ki, “UNİTED ALLİANCE LP” şirkəti tərəfindən 42026 avro məbləğində vəsait xx.xx.2022-ci ildə Şəxs MMC şirkətinin hesabına daxil olmuşdur. Şəxs MMC şirkəti xx.xx.2022-ci il tarixdə “UNİTED ALLİANCE LP” şirkəti tərəfindən ödənilmiş 42026 avro məbləğində vəsaiti Rusiya rublunun ekvivalenti olaraq ******* Rusiya rublunu “İDALESPROM LTD” şirkətinə köçürmüşdür. Vasitəçilik əməliyyatında gömrük kodu alınmır. Vasitəçilik əməliyyatında banka köçürülən vəsaitin mənbəyini bildirəndə bank bununla bağlı müvafiq qeydlər aparır və avans kodu alınmasına ehtiyac olmur. Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “UNİTED ALLİANCE LP” şirkəti tərəfindən 42026 avro məbləğində vəsait xx.xx.2022-ci ildə Şəxs MMC-nin hesabına daxil olmuşdur. Şəxs MMC ilə “İDALESPROM LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İDA-30.2022 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “İDALESPROM LTD” şirkətinin hesabına 2420577.00 Rusiya rublu vəsait köçürülmüşdür. Köçürülmüş vəsaitin müqabilində mal Azərbaycana daxil olmamışdır. Çünki bu vasitəçilik idi. Malın pulunu “UNİTED ALLİANCE LP” şirkəti tərəfindən öncədən almışlar, həmin alınan ödəmənin swiftini də təqdim etmişlər. Şəxs MMC tərəfindən “İDALESPROM LTD” şirkətinin hesabına köçürülmüş 2420577.00 Rusiya rublunun müqabilində “İDALESPROM LTD” şirkəti tərəfindən əvvəlcədən ödəniş etmiş “UNİTED ALLİANCE LP” şirkətinə mal göndərilmişdir. Bu iki şirkətlə aralarında ayrı-ayrı müqavilələr bağlanmışdır. Şəxs MMC pulu “İDALESPROM LTD” şirkətinə göndərmiş, o da öz növbəsində malı “UNİTED ALLİANCE LP” şirkətinə göndərmişdir. Sənədləri Banka vaxtında təqdim etmədiklərindən Şəxs MMCnin barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC ilə “İDALESPROM LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İDA-30.2022 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “İDALESPROM LTD” şirkətinin hesabına 2420577.00 Rusiya rublu vəsait köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli köçürmə haqqında sənəddən görünür ki, Şəxs MMC ilə “UNİTED ALLİANCE LP” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İL/FAN-CN722 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin hesabına “UNİTED ALLİANCE LP” şirkəti tərəfindən 42026 avro vəsait köçürülmüşdür. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə “İDALESPROM LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İDA-30.2022 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən “İDALESPROM LTD” şirkətinin hesabına köçürülmüş 2420577.00 Rusiya rublunun müqabilində mallar “İDALESPROM LTD” şirkəti tərəfindən “UNİTED ALLİANCE LP” şirkətinə göndərilmişdir. Belə olan halda, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan xaricə köçürülmüş vəsait hesabına alınan malları ölkəyə idxal etməməkdən ibarət xətanın tərkibi yoxdur. Buna görə də Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar