Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5180/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri MİK-16, ev 155B-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 14-cü Mədən, ev 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 16 sentyabr 2025-ci il tarixdə, saat təxminən 02 radələrində idarə etdiyi “Chevrolet Cobalt minik” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ilə hərəkət edib dairəyə daxil olmaqla Məhsəti Gəncəvi küçəsi istiqamətində hərəkətini davam etdirərkən yol hərəkəti qaydalarını pozaraq R.Rüstəmov küçəsində Məhsəti Gəncəvi küçəsi istiqamətində hərəkətdə olan “Kia Rio” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuş, nəticədə həmin nəqliyyat vasitəsini idarə edən Zərərçəkmiş şəxs1 və eyni nəqliyyat vasitəsində sərnişin qismində olan Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə saat təxminən 02 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu ərazisində R.Rüstəmov küçəsi ilə Məhsəti Gəncəvi küçəsinin kəsişməsindəki “Xəzər dairəsi”ndən çıxaraq əsas yola daxil olmaq istəmiş, lakin həmin vaxt dairənin çıxış hissəsində əsas yolda sağ tərəfdən gələn “Kia Rio” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Toqquşma nəticəsində hər iki avtomobil zədələnmişdir. Hadisə nəticəsində o və digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər almışlar. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, idarə etdiyi “Kia Rio” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 sentyabr 2025-ci il tarixdə, saat təxminən 02 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində Məhsəti Gəncəvi küçəsi istiqamətində, təxminən 50 km/saat sürətlə hərəkət etmişdir. Həmin küçələrin kəsişməsində, “Xəzər dairəsi”nə yaxınlaşdığı zaman həmin dairə istiqamətində hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü yol nişanlarının tələblərinə əməl etmədən və əsas yolda hərəkət edən nəqliyyat vasitəsi kimi ona üstünlük vermədən yoluna davam etmişdir. Nəticədə həmin avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sağ yan hissəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil qəfil fırlanaraq idarəetməni itirmiş və yolun sağ kənarında yerləşən səkiyə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində nəqliyyat vasitəsi əzilməklə yanaşı onun özü və avtomobildə sağ yan oturacaqda əyləşmiş Daşqın adlı şəxs müxtəlif bədən xəsarətləri almışlar. Hazırda sürücü Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə, saat təxminən 02 radələrində o, İbrahim adlı şəxsin idarə etdiyi “Kia Rio” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 sentyabr 2025-ci il tarixdə, saat təxminən 02 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində Məhsəti Gəncəvi küçəsi istiqamətində, təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşlar. Həmin küçələrin kəsişməsində, “Xəzər dairəsi”nə yaxınlaşdıqları zaman həmin dairə istiqamətində hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü yol nişanlarının tələblərinə əməl etmədən və əsas yolda hərəkət edən nəqliyyat vasitəsi kimi onların olduğu avtomobilə üstünlük vermədən yoluna davam etmişdir. Nəticədə həmin avtomobilin ön hissəsi İbrahimin idarə etdiyi avtomobilin sağ yan hissəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən “Kia” markalı avtomobil qəfil fırlanaraq idarəetməni itirmiş və yolun sağ kənarında yerləşən səkiyə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Ətrafda olan şəxslər kömək edib onu xəstəxanaya aparmışlar. Hazırda sürücü Şəxs şikayətçidir. Həmin şəxs bir dəfə olsun onunla maraqlanmamışdır. Həkimə özü getmiş və 400 manatdan çox xərci çıxmışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 10 oktyabr 2025-ci il tarixli, 1018 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertiza zamanı bədən səthində aşkar olunmuş - alnın sağ yarısının şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-cü il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 sentyabr 2025-ci il tarixli, 1020 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunmuş - alnın sağ yarısının geniş sahəli dəri defekti ilə müşayiət olunan sıyrığı; sağ diz oynağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi: sol gözətrafı nahiyənin qançırı və sol üst göz qapağının sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə sərnişin qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, HK1-571 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Şəxs şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 tərəfindən bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs2 izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5180/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5180/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver