Məhkəmə qərarları › İş №3(007)-5188/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5188/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5188/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 03 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 03 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 avqust 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanı ilə saatda təxminən 50-60 km/saat sürətlə yolun sağdan 1-ci zolağına “Socar” YDM-nə daxil olmaq üçün icazə verilən yerdən dönərək həmin zolaqda hərəkətdə olmuşdur. Onun sol hissəsində, yəni 2-ci zolaqla “Chevrolet” markalı avtomobil hərəkətdə olmuşdur. Anidən həmin avtomobil onu gözləməyərək dönmə işığını yandıraraq onun hərəkət zolağına çıxmışdır. Bu zaman o, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etsə də avtomobilini dayandıra bilməyərək həmin avtomobilin sağ arxa yan hissəsindən vurmuşdur. Sonra araşdırmaya hadisədə xəsarət aldığı üçün Nizami RPİnin təhqiqatçısı Muxtar adlı polis mayoru baxmışdır. Məlum olmuşdur ki, o, hadisədə onun ara məsafəsini pozduğu üçün onun günahkar olduğunu bildirmişdir və ona cərimə tətbiq etmişlər. Bununla bağlı, ona yazılmış TP ******* nömrəli qərara xitam verilməsini, həmin avtomobilin kobudcasına manevr qaydasını pozduğuna görə hadisənin baş verməsini nəzərə alaraq, işə şəffaf və yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Şikayətə baxılması ilə əlaqədar zəruri olduğundan, Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsində toplanmış HK-1/601 nömrəli material tələb olunaraq öyrənilmişdir. Müəyyən edilmişdir ki, 30 avqust 2023-cü il tarixdə saat 18:58-də X3 DİN-nin 102 xidmətinə zəng vuraraq Bakı şəhəri, Nizami rayonu, Babək prospektində idarə etdiyi “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet” markalı **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və nəticədə özünün xəsarət alması barədə məlumat vermişdir. Həmin faktla bağlı təhqiqatçı Muxtar Muxtarov tərəfimdən araşdırma aparılmış, hadisə yerinə baxış keçirlmiş, sxem və fotoşəkillər çəkilərək protokola əlavə edilmiş və izahatlar alınmışdır. Araşdırma zamanı izahatı alınmış X3 göstərmişdir ki, o, “VAZ 21011” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etmişdir. 30 avqust 2023-ci il tarixdə saat 19 radələlərinə o, həmin avtomobili ilə Babək prospekti ilə “Maşın bazarı” istiqamətində 50-55 km/saat sürətlə sağ birinci zolaqla hərəkətdə olub “Socar” YDM-nə daxil olmaq istəyən zaman sol hərəkət zolağı ilə “Socar” YDM-nə daxil olmaq istəyən “Chevrolet” markalı avtomobil onun qarşına çıxaraq YDM-nə daxil olmaq istəmiş və bu zaman onun idarə etdiyi avotmobilin qabaq sol hissəsi ilə həmin avtomobilin arxa sağ hissəsi toqquşmuşdur. Sonra onlar avtomobildən düşmüşlər və 102 xidmətinə zəng vurub xəbər vermişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Araşdırma zamanı izahatı alınmış X2 göstərmişdir ki, o, “Chevrolet Cobalt” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etmişdir. 30 avqust 2023-ci il tarixdə saat 19 radələlərində o, həmin avtomobillə Babək prospekti ilə “Maşın bazarı” istiqamətində 20 km/saat sürətlə sağ ikinci zolağı hərəkətdə olub, sağ zolağa daxil olub “Socar” YDM-nə daxil olmaq istəyən zaman sol hərəkət zolağı ilə “Socar” YDM-nə daxil olmaq istəyən zaman arxadan gələn “VAZ 21011” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Araşdırma zamanı X3 ərizə ilə müraciət edərək hadisə zamanı heç bir xəsarət almadığını və buna görə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ehtiyyatsızlığı nəticəsində baş vermişdir. Həmin avtomobilin sürücüsünün əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilməlidir, lakin, sürücü X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməlidir. Araşdırmanın sonunda, Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Muxtar Muxtarov tərəfindən qəbul olunmuş 08 sentyabr 2023-cü il tarixli qərara əsasən X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞnə göndərilmişdir. Qeyd edilən HK-1/601 nömrəli materialda olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolundan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, inzibati xəta hadisəsi 08 sentyabr 2023-cü il traixli qərarda göstərilən qaydada baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 03 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21011 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 30 avqust 2023-cü il tarixdə saat 18:58-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, 30 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; Həmin Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 “VAZ 21011 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 30 avqust 2023-cü il tarixdə saat 18:58-də idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Xüsusən nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin mübahisələndirilən 03 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məhz Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi barədə 08 sentyabr 2023-cü il tarixli qərar əsasında qəbul olunmuşdur, hansı ki, həmin qərar müvafiq qaydada mübahisələndirilməmişdir, qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 03 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar