Məhkəmə qərarları › İş №3(007)-5190/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5190/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5190/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 343.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:38 radələrində idarə etdiyi “Toyota Corolla” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan zaman qayda pozuntusuna yol verdiyinə görə saxlanılmış, özünü şübhəli apardığı üçün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Bununla da o, İXM-nin 327.3, 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan zaman qayda pozuntusuna yol verdiyinə görə ona saxla əmri verilmiş, lakin sürücü tabe olmayaraq hərəkətə davam etmiş, lakin daha sonra saxlanılmış, saxlanılarkən sərxoş olduğu müəyyən olunmuş, PPXB-nün əməkdaşları hadisə yerinə cəlb olunmuş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən onun barəsində 327.3, 329.3 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, heç bir qayda pozuntusu törətməmiş, işıq cihazlarında hər hansı problem olmamış, polis əməkdaşı tərəfindən ona “saxla” əmri verilməmişdir. Həmin yolda onunla birlikdə başqa maşınlar da hərəkətdə olmuş, polis avtomobilinin sayrışan işıqlarının yanmasını görməmiş, həmçinin görsə belə nə üçün, kimə görə yandırdığını bilməmişdir. Qara Qarayev prospektində üzü Neftçilər istiqamətində hərəkətdə olarkən svetoforun qadağanedici işığında dayanmış, bu zaman polis əməkdaşı avtomobilin qapısını açaraq onu zorla maşından düşürmüş, o, içkili olmamış, heç bir qayda pozmamış, pozsa idi belə, polis əməkdaşının belə davranması qanuna ziddir. Daha sonra avtomobil cərimə meydançasına aparılmış, özü isə polis əməkdaşları ilə birlikdə tibbi müayinəyə getmiş, orada olarkən telefonla danışmaq üçün 2 dəqiqə qapının qarşısında gözləmiş, lakin polis əməkdaşı onu itələyərək müayinəyə salmış, o, orada alkotestrə üfürməyəcəyini bildirmiş, digər üsullarla sərxoşluğun müəyyən olunmasını tələb etmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş sərxoşluq vəziyyətinin yoxlanılmasına əsas olan 3 haldan heç biri onda olmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından da görünür ki, hər bir bəndə formal olaraq imtina yazılmışdır, hansı ki, həkim gözü ilə gördüklərini ən azından yazmalı idi. O, sərxoş olmamış, aparata üfürməkdən imtina etmiş, başqa yolla sərxoşluğun yoxlanılmasına etiraz etməmişdir. Bütün bunları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon X7 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə, saat 01:38 radələrində « Toyota Corolla » minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qayda pozuntusuna yol verdiyinə görə və İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli, 2/2525 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskdəki videogörüntülərə baxış keçirilərkən Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respuvlikası İXM-nin 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə sürücü yüz manat məbləğində cərimə edilir. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə sürücü otuz manat məbləğində cərimə edilir. İXM-in 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.3 və 329.3-cü maddələrinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.3 və 329.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 327.3 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rzayev X3 Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 327.3 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar