Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5193/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİnin nümayəndəsi X4 iştirakları ilə, X8 Azərbaycan Respublikası DİN Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X11 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə mülkiyyətində olan **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı Şəhər X15 İdarəsinin Yol Patful Xidmətinin inspektoru tərəfindən Bakı şəhəri Nizami rayonu Azər Manafov və Mehdi Abbasov küçələrinin kəişməsində Sarı gəlin şadlıq evinin qarşısında saxlanılmış, ona saxlanılma səbəbi kimi həmin kəsişmədə yerləşən svetoforun qadağanedici işarəsi verilərkən guya onun tərəfindən hərəkətin davam etməyinin olduğu bildirilmişdir. Buna tərəfindən etiraz edilərək, qeyd olunan inzibati xətanın baş vermədiyi Yol Patrul Xidmətinin inspektorunun nəzərinə çatdırılmış, habelə Bakı şəhəri Nizami rayonu Azər Manafov və Mehdi Abbasov küçələrinin kəişməsində Sarı Gəlin şadlıq sarayı ilə üz-üzə yerləşən sfetaforun işığı qırmızı olsa da, yol ayrıcında sağ tərəfə dönənlər üçün yaşıl işıq yandığından avtomobili idarə etməkdə davam etdiyini və hərəkətin sağa dönənlər üçün davam etdirilməli olduğu yol polis əməkdaşının nəzərinə çatdırılmışdır. Lakin, yol polis əməkdaşı onunla razılaşmamış, törədilməsi ehtimal edilən inzibati xətanı baş verdiyi yerə baxış keçirilmiş və o, orada yol polisinə sfetaforun qırmızı işığı yanan zaman yol ayrıcında sağ tərəfə hərəkət edənlərə hərəkətin davam etdirilməsini özündə ehtiva edən yaşıl işığın yandığını göstərdikdən sonra o ona bildirmişdir ki, guya svetafor düz işləmir, həmin yaşıl işarə svetaforun ayrıca hissəsində olmalı idi. Buna baxmayaraq yol polis əməkdaşı barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib etmiş və ona bildirmişdir ki, o, Baş X16 tərəfindən çağırılacaq və onun inzibati xəta ilə bağlı izahatı alınanda ona izah etdiklərini izahtında qeyd etsin. Onun əsaslı etirazlarına baxmayaraq Yol Patrul Xidmətinin inspektoru tam qanunsuz və qərəzli olaraq barəsində İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol tərtib etmişdir. Qeyd olunan inzibati xəta haqqında Protokol üzrə özünü təqsirli bilmir, Yol Patrul Xidmətinin inspektoru tərəfindən tərtib edilmiş İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol üzrə barəsində başlanılmış inzibati xəta haqqında işə onun iştirakı ilə baxılmasını, polis əməkdaşının hərəkətlərinin, habelə onun tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Protokolun qanunsuz hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata əməlində AR İXM-nin 327.2-ci maddəsində qeyd olunan inzibati xətanın tərkibinin olmadığı əsası ilə xitam verilməsi haqqında Bakı şəhəri X15 İdarəsinə, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Həmin Nazirliyin Baş X16 İdarəsinə müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. Əksinə həmin İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş TP7558289 saylı qərar ilə AR İXM-nin 327.2-ci maddəsinə 100 manat məbləğində inzibati qaydada cərimə olunmuş və ona 3 bal yazılmışdır. Lakin, hal-hazıradək dəfələrlə müraciət etməyinə baxmayaraq İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7558289 saylı inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X15 İdarəsinin İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında xx.xx.2025-ci il tarixli TP7558289 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçidir. Bakı şəhəri X15 idarəsi tam qərəzli formada, qanun tələblərinə zidd olaraq ona məlumat vermədən, onun iştirakını təmin etmədən izahatını almadan, məsələni araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata özü təkbaşına baxaraq onun barəsində qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunma haqqında xx.xx.2025-ci il tarixdə hüquqularını kobud şəkildə pozaraq qanunsuz inzibati tənbeh vermə haqında qərar qəbul etmişdir.Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X15 İdarəsinin İXP ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, habelə Bakı şəhəri X15 İdarəsinin müvafiq polis əməkdaşları haqqında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 bildirdi ki, o, standartlara cavab verməyən, işləməyən svetoforun işarəsinə görə cərimələnmişdir ki, bu da yolverilməzdir. Suallara cavab olaraq bildirdi ki, svetoforda yaşıl ox işarəsi yoxdur, xətt-xətdir. Əgər elə bir nişan yoxdursa, nəyə görə ora qoyulmuşdur? Svetoforun yuxarı hissəsində qırmızı işıq yanırdı, lakin yaşıl xətt olduğuna görə sağa dönmüş, həmin istiqamətdə 2 maşın da həmin işarəyə görə sağa dönmüşdür. Eyni zamanda digər tərəfdən də nəqliyyat vasitələri hərəkət etmişdir. Sonda şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X7 bildirdi ki, yol polis əməkdaşının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə nəqliyyat vasitəni dayandırmaq səlahiyyəti vardır ki, hazırki halda polis əməkdaşı tərəfindən sürücü saxlanılaraq qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunmuşdur. Belə ki, qeyd olunan yerdə svetoforda əlavə bölmə yoxdur, şikayətçinin qeyd etdiyi yaşıl xətt svetoforun saniyəölçənidir. Şikayətçinin özü də suallara cavab olaraq bildirdi ki, orada svetoforun yuxarı hissəsində qırmızı işıq yanmış, beləliklə əsas hərəkət göstəricisi svetoforun qırmızı işığı olmuşdur. Əlavə bölmədə sağa dönmə işarəi kimi yaşıl ox olmalıdır, orada svetoforda isə sadəcəə yaşıl xətdir. TŞ kameraları tərəfindən inzibati xəta hadisəsinin törədilməsi zamanı qeydə alınmış videogörüntülərin götürülməsi üçün tərəflərindən müraciət olunsa da, həmin kameraların qeydə aldığı videogörüntülər 1 ay saxlanıldığı üçün verilməsi mümkün olmamışdır. Həmçinin qəbul edilmiş qərar elektron qərar deyil, onların sübutetmə kimi vəzifələri yoxdur. Şikayət əsassızdır, qərar qanuni və əsaslıdır. Bunu nəzərə alaraq, şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA YPX inspektoru X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə “X17” minik marakalı, **-FK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən saxlanılmış, ona qayda pozuntusu izah edilmiş, birlikdə svetofor olan yerə baxış keçirərkən bildirmişdir ki, həmin yaşıl xətt saniyəölçənin xətti, əlavə bölmə deyil. Əlavə bölmələr svetoforun sağ və sol tərəfində olur, həmin svetoforda ümumiyyətlə əlavə bölmə yoxdur. Saniyəölçən işləməsə də, svetofor işlək vəziyyətdə olmuşdur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X11 xx.xx.2025-ci il tarixdə, saat 13:43-də idarə etdiyi **-FK-*** dövlət qeydiyyat nişanlı “X17” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayəçi tərəfindən məhkəmə təqdim edilmiş foto görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin baş verdiyi ünvanda svetoforun əlavə bölməsi yoxdur, svetofora quraşdırılmış saniyəölçəndə isə biri qırmızı, biri yaşıl olmaqla, qarşı-qarşıya iki xətt yanır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X11 xx.xx.2025-ci il tarixdə, saat 13:43-də ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Belə ki, X2 əsas bölməsində qırmızı işıq yanmasına və svetoforda sağa dönmək üçün əlavə bölmə (ox işarəsi) mövcud olmamasına baxmayaraq, saniyəölçənin yaşıl xəttini əsas tutaraq sağa dönmə əməliyyatı yerinə yetirmişdir. Svetoforda quraşdırılmış saniyəölçənin texniki nasaz olması faktı sürücü tərəfindən əsas kimi göstərilsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal yol hərəkəti iştirakçısını yol hərəkəti qaydalarına riayət etmək öhdəliyindən azad etmir, çünki əlavə texniki elementlərin, o cümlədən saniyəölçənin işləməməsi svetoforun əsas işarəsinin hüquqi qüvvəsini aradan qaldırmır. Belə olan halda sürücü svetoforun qadağanedici qırmızı işarəsini rəhbər tutumalı və hərəkətini davam etdirməməli idi. Həmçinin məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, yol hərəkəti haqqında qanunvericilikdə sağa dönmək üçün svetoforun əlavə bölməsində yaşıl oxun olması nəzərdə tutulmuşdur, lakin şikayətçinin təqdim etdiyi foto şəkildə yaşıl düz xətt işarəsi göstərilmişdir ki, bu işarə də özlüyündə sağa dönmək üçün əsas ola bilməz. Bu səbəblərdən X11 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, foto görüntü və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-5193/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5193/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver