Məhkəmə qərarları › İş №3(007)-5194/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5194/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5194/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1, onun nümayəndəsi “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2025-ci ildə saat 14:40 radələrində **-DM-*** nömrəli “Range Rover” markalı avtomaşını ilə Bakı şəhəri Babək prospekti ilə şəhər mərkəzi istiqaməti üzrə hərəkət edərkən “Maşın bazarı” ilə üzbəüz **-YP-*** nömrəli avtomaşınında olan YPX əməkdaşı ona saxlama əmri vermiş, avtomaşını saxladıqdan sonra həmin əməkdaş yaxınlaşaraq özünü Əşrəf kimi təqdim edib avtomaşının cərimə duracağına getməli olduğunu bildirmişdir. O, səbəbini iki dəfə soruşsa da ona cavab verməmiş və əmrə tabe olmağı tələb etmişdir. O, yerində tələb etsə də protokolu cərimə duracağında təqdim edəcəyini demişdir. Polisin əmrinə tabe olub “Xəmsə” restoranının yanında yerləşən cərimə duracağına getmişdir. O, avtomaşını cərimə duracağına yerləşdirib ona əhəmiyyət vermədən çıxıb getmişdir. Duracaqda olan əməkdaşa YPX əməkdaşının protokol təqdim edəcəyini desə də onlar artıq “sənin işin bizlikdir” deyə cavab vermişlər. O, Azərbaycan Respublikası DİN-in 102 və 902 xidmətinə bununla bağlı dəfələrlə şikayət etsə də avtomaşın bu günə qədər cərimə duracağında qalmışdır. Heç bir qayda pozuntusu törətmədiyi halda avtomaşını qanunsuz və əsassız olaraq hərəkətdən kənarlaşdırılmış və cərimə duracağına yerləşdirilmişdir. Avtomaşınının hərəkətdən kənarlaşdırılması barədə protokol, duracağa yerləşdirilmə barədə akt və inzibati xəta haqqında müvafiq protokol təqdim edilməmişdir. Həmin gün o, axşama qədər orada gözləmiş, növbəti gün oraya gəlmiş və ona cavab verən olmamışdır. 20 oktyabr 2025-ci ildə saat 13:27-də telefonuna 18 oktyabr 2025-ci ildə saat 14:30-da İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilməsi barədə İXP ******* nömrəli protokol (qərarsız) göndərilmişdir. Avtomaşınının hərəkətdən kənarlaşdırılması barədə protokol, duracağa yerləşdirilmə barədə akt və inzibati xəta haqqında müvafiq protokol yerində tərtib edilməli olduğu halda 2 gün sonra İXP ******* nömrəli protokoİ (qərarsız) göndərilmişdir. 28 oktyabr 2025-ci ildə ona İXP ******* nömrəli protokol üzrə qərar qəbul edilməsi haqqında SMS gəlmişdir. İXM-nin 342.2.2-ci maddəsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı inzibati tənhehi nəzərdə tutur. Avtomaşınına münasibətdə bu maddə ilə cərimə tətbiq edilməsi tam qanunsuz və əsassızdır. Ona məxsus “Range Rover” markalı avtomaşın 2013-cü il buraxılışıdır. Həmin avtomaşında arxa stopları, qabaq faraları, arxa və qabaq buferləri, mühərrikin üst kapotu 2020-ci il “Range Rover” modelinə məxsus eyni arxa stoplar, qabaq faralar, arxa və qabaq buferlər və mühərrikin üst kapotu ilə əvəz etmişdir. Bu zaman marka və model, texniki şərtlər dəyişmədən bunları etmişdir. Həmin dəyişikliklər olduğu kimi baş vermişdir, yəni fara olduğu kimi çıxarılmış və yuvada heç bir dəyişiklik aparılmadan yenisi qoyulmuşdur, eləcə də digər qeyd etdiklərinə də eyni qaydada edilmişdir. Bu dəyişikliklər normativ tələblərin pozulması hesab edilə bilməz. Avtomaşınında normativ tələb pozulmaqla hər hansı avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yol verilməmişdir. Bu günə qədər avtomaşını əsassız və qanunsuz olaraq cərimə duracağındadır, hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən, Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi, **-DM-*** nömrəli “Range Rover” markalı avtomaşınının ödənişsiz olaraq cərimə duracağından buraxılmasının təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, yerində protokol tərtib edilməsini tələb etmiş, lakin polis əməkdaşları bunu etməmişlər. Avtomobil 2012-ci ilin buraxılışıdır. Həmin avtomobillər 2021-ci ilə qədər eyni qaydada gəlmişdir. O, konstruksiya dəyişikliyi etməmişdir, əgər marka və ya model dəyişsə idi, bu zaman konstruksiya dəyişikliyi olardı. Qərar tam əsassızdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X1 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, polis tərəfindən iddia olunur ki, hüquqlarını müdafiə etdiyi şəxs avtomobilə əlavə avadanlıq quraşdırmışdır. X4 avtomobilin arxa stoplarını və ön faralarını eyni model və markanın avadanlıqları ilə dəyişmişdir. Həmçinin o, saxlanılan zaman iki dəfə pozuntunun nədən ibarət olmasını aydınlaşdırmaq istəsə də onun bu sualları cavabsız qalmışdır. Yerində kənarlaşdırma ilə bağlı protokol da tərtib edilməmiş, protokol tərtib edilmədən avtomobil duracağa təmin olunmuşdur. Avtomobil duracağa yerləşdirilərkən bu barədə akt tərtib edilməli olmuşdur. Qeyd olunan avadanlıqların dəyişilməsində heç bir pozuntu yoxdur. Həmçinin təhqiqat materialları da təqdim edilməli idi. Avtomobil hal-hazırda cərimə meydançasındadır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə bilvasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün YPX inspektoru X2 izahatında göstərmişdir ki, “Range Rover minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 oktyabr 2025-ci il tarixdə Nizami rayonu Babək prospektində normativ tələbləri pozmaqla avadanlığı dəyişdirdiyini müəyyən edərək saxlamış və sonda İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edib. Qanun pozuntusu barədə sürücüyə yerində izah verib. Nəqliyyat vasitəsi 2013-cü il istehsalıdır, lakin sürücü yeni modelə uyğun avadanlıq dəyişib. Maşının gövdə hissəsində hər hansı avadanlıq dəyişdirilsə, bu, pozuntudur. Amma bamper dəyişsə idi, bu, pozuntu olmayacaqdı. Nəqliyyat vasitəsini duracağa təmin etmişlər. Təklif etmişlər ki, pozuntunu yerində aradan qaldırsın, lakin sürücü razılaşmamışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə 2021-ci ilin qeydiyyatı aparılsa, heç onu saxlamazdılar. Nəqliyyat vasitəsinin 2 aydır duracaqda qalmasının səbəbi sürücünün özüdür. Lazım olsa istehsalçı şirkətin özü bunu dəyişərdi. Həmin pozuntuya görə İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində olan normativ tələblər pozulub. Gövdə hissədə detal dəyişsə, bu barədə qeydiyyat aparılmalıdır. Hesab edir ki, inzibati xəta haqqında protokolu qanuni tərtib etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, protokolu tərtib edən şəxs icra hakimiyyəti orqanının əməkdaşıdır. Onun vəzifəsidir ki, sürücülərin pozuntusunu aşkar etsin və qeyd etsin. Sürücünü saxlayıb və səbəbini də qeyd edib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi pozulmuşdur, avtomobil nasazdır. Avtomobil nasazdırsa duracağa yerləşdirilməlidir. İnzibati xəta haqqənda protokolun özü bir sübutdur. Bilavasitə əməkdaş tərəfindən vizual olaraq pozuntu aşkar olunmuşdur. Konstruksiyaların bütövlüyü pozulmuşdur. Nəqliyyat vasitəsi ölkəyə gələrkən qeydiyyata alınır. Sonradan normalara əməl edilməklə dəyişilib qeydiyyat aparıla bilər. İnspektor da belə bir qeydin olmadığını bildirmişdir. Yerində aradan qaldırılası bir məsələ olmamışdır. İşin mübahisəsiz halı kapotun dəyişməsidir. Nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə akt da vardır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 28 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Range Rover minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri Nizami rayonu Babək prospekti ünvanında 18 oktyabr 2025-ci il tarixdə, saat 14:30-da “normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə”, 18 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Range Rover minik” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxılış ili 2013-cü ildir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X3 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin şəxs, X3 tərəfindən törədilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ və Vİİ hissələrinə əsasən xarici işıq cihazlarının və konstruksiyanın digər ünsürləri nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, istinad olunan normaların tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bu göstərilənləri mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş arxa stopları, qabaq faraları, arxa və qabaq buferləri, mühərrikin üst kapotunu dəyişdirmiş, normativ tələbləri pozmaqla istehsalçı zavod tərəfindən 2013-cü il buraxılışlı “Range Rover minik” markalı nəqliyyat vasitələrində istifadəsi və istismarı nəzərdə tutulmayan, onların normativ-texniki sənədlərində əksini tapmayan həmin avadanlıqları quraşdıraraq nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, onun yuxarıda qeyd olunan hərəkətə yol verməsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Bundan başqa, məhkəmə şikayətin “**-DM-*** nömrəli “Range Rover” markalı avtomaşınının ödənişsiz olaraq cərimə duracağından buraxılması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ hazırkı icraatın predmeti deyildir, nəqliyyat vasitəsinin duracağa qəbul edilməsi və buraxılması, qanunvericiliklə müvafiq qaydada tənzimlənir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 28 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar