Məhkəmə qərarları › İş №3(007)-5196/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5196/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5196/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X7 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X2 iştirakları ilə, xx.xx.1977-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 23cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nizami RPİ 23-cü polis bölməsinə müraciət edərək valideynləri Şəxs, X8 tərəfindən mütəmadi döyüldüyü barədə məlumat vermişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətdiyini etiraf edərək, qızı ilə aralarında mütəmadi mübahisə yarandığını, övladının tərbiyə etmək məqsədilə döydüyünü bildirdi. Hal-hazırda sığınacaqda olan övladının evə qayitmaq istəməsini qeyd edərək barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, X10 valideynləri Şəxs, X8 tərəfindən mütəmadi döyülməsi barədə məlumat vermiş, şikayət əsasında həmin iş üzrə xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Zərərçəkmiş şəxs hal-hazırda Azərbaycan Uşaqları İctimai Birliyi Uşaq sığınacağı-Reinteqrasiya mərkəzinə yerləşdirildiyi üçün onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Şəxs həmin əməli törətməsi Nizami RPİ 23-cü Polis Bölməsinin təhqiqatçısı Abbas Məmmədovun xx.xx.2023-cü tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş 803 saylı xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, X3 təpə nahiyyəsinin kiçikölçülü əzilməsi, sol dirsəyin, sol saidin arxa səthinin sol əlin dördüncü barmağının orta falanqasının arxa səthinin sağ saidin arxa səthinin olmuşdur. Qeyd olunan xəsarətin xx.xx.2022-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar